Tanıdığım ilk şuşalı, eyni məhəllədə iki fərqli inanc, küçə-küçə ədəbiyyat təntənəsi – ŞUŞADAN REPORTAJ
Proloq əvəzi
Amerikalı yazıçı-pedaqoq Linda Li Ratti "Yuxuların çin olduğu yerdə" romanında balaca qəhrəmanı haqqında yazır: "Saranı yaşadan, əlbəttə ki, hüdudsuz arzuları idi".
Romanda ayaqları tamamilə inkişafdan qalan 8 yaşlı Saradan, onun gəzmək, dostları ilə vaxt keçirmək, məktəbə getmək kimi balaca, eyni zamanda səmanı qucaqlaya-qucaqlaya uçmaq kimi hüdudsuz arzularından bəhs olunur. Sara həyatda edə bilmədiklərini, arzusunda olub gerçəkləşdirməyi bacarmadığı hər şeyi yuxularında asanlıqla reallaşdıra bilir. Beləcə bu yuxular getdikcə daha da dərinləşir və Sara yuxularının sayəsində təkərli oturacağın ixtirası ilə tanış olur. Nəticədə, özünün və bu problemdən əziyyət çəkənlərin əbədi xilaskarına çevrilir.
Müəllifin şikəst bir qızın arzularını bu şəkildə dərindən hiss eləyə bilməsi həmişə məni təəccübləndirirdi. Romanı hər dəfə təkrar-təkrar oxuyur, bir yazıçı bu qədərini edə bilməzdi deyə düşünürdüm. Ta ki xanım Lindanın üç uşağından ikisinin şikəst olduğunu öyrənənə qədər. Bu, mənim bütün suallarımın cavabı idi.
Şuşa: yuxu kimi reallıq
Yolboyu Şuşa haqqında nə vaxtsa oxuduğum, ya eşitdiyim bir misranı xatırlamağa çalışırdım. Elə bilirdim, həmin misranı tapa bilməsəm, səfərim yarımçıq qalacaq, Şuşanı doya-doya yaşaya, hiss eləyə bilməyəcəyəm. Telefonda ayrı-ayrı şairlərin müxtəlif vaxtlarda Şuşaya həsr elədiyi şeirləri bir-bir nəzərdən keçirir, həmin misra olmadığına əmin olub axtarışlarımı davam etdirirdim. Bir də onda ayılıram ki, artıq işğaldan azad olunmuş ərazilərin sərhədindəyik. Bizi Azərbaycan polisi qarşılayır.
Addım-addım, qarış-qarış bərpa olunan Qarabağda sahiblənmə duyğusunu hiss eləməmək mümkün deyil. Xanım Linda körpələrinin nəyi necə istədiyini, arzularının nə ölçüdə olduğunu, nə dərəcədə real olduğunu bilirdisə, Qarabağın əsl sahibləri də məhz o qədər bilir ki, buranın hər daşı, hər qayası, hər tikilisi, hər küçəsi, hər ağacı ilə necə davranmaq olar, onu əvvəlki görkəminə necə daha böyük və əbədi əzəmətdə qaytarmaq olar…
Nəhayət, bu düşüncə ilə Bakıdan düz Şuşa qalasına qədər uzanan axtarışlarım öz-özünə bəhrəsini vermiş və mən həmin misranı nəinki tapmış, düz qarşısında dayanmışdım. O misra, sadəcə, dörd hərfdən ibarət idi: Şuşa.
Bu mənim Şuşaya sayını unutduğum növbəti səfərlərimdən biridir. Amma, şübhəsiz, hər Şuşa səfəri adama bir ilk təəssüratı yaşadır. Bundan böyük və təntənəli başqa bir təəssürat isə, Şuşanı gəzə-gəzə adamın içindən keçirdiyi "Mən burada olmuşam" təəssüratı idi. Bu elə bir hissdir ki, adam, az qala, qapı-qapı, küçə-küçə düşüb qarşına çıxan hər adama bunu demək və bununla da, əməlli-başlı fəxr eləmək istəyir. Biz də elə bunu edirdik, fürsət ikən gedə biləcəyimiz qədər gedir, gəzə biləcəyimiz qədər gəzirdik Şuşanı.
Gəzdikcə də fərqinə varırdıq ki, Şuşanın hər küçəsi, hər məhəlləsi hər dəfə yeni bir formada, yeni bir müqəddəs görkəmdə çıxır qarşımıza. Nə vaxtsa hansısa bir tarixi abidənin, yaşayış evinin uçuq-sökük mənzərəsi adamı nə qədər təəssüfləndirirdisə, bir növbəti səfərdə onun bərpa edilməsi, Şuşanın adı kimi kübar qılafa bürünməsi adamı yenidən yuxuların çin olduğuna inandırır və təəccübləndirir.
Ona görə yuxuların çin olması deyirəm ki, Şuşa haqqında bir zamanlar danışılanlar bizə məhz yuxu kimi gəlirdi. Şuşanın mistik ab-havasını, qeyri-adi coğrafiyasını ya kitablardan, ya hansısa köhnə kadrlardan, ya da ömrünün müəyyən hissəsini orada keçirən şuşalılardan eşidir, xəyal edir, arzulayırdıq.
Mən şuşalı deyiləm, amma azərbaycanlı olmağım Şuşanı mədəni həqiqət kimi qəbul eləməyimə, arzulamağıma heç vaxt əngəl olmayıb. Bu arzuların və bu arzuları gerçəkləşdirən Azərbaycan əsgərinin gücünün sayəsində indi istədiyim vaxt istədiyim qədər Şuşaya gedə, arzular şəhərini o baş-bu baş gəzə, həmin mədəni həqiqətə dəfələrlə əyani şahid ola bilirəm. Demək, "Yuxuların çin olduğu yerdə"nin balaca Sarası haqqında deyilənlər tamamilə doğru imiş: həqiqətən də, insanı yaşadan arzularıdır.
Tanıdığım ilk şuşalı
Budəfəki səfərimiz Mədəniyyət Nazirliyinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günləri üçün idi. Bir qrup həmkarımızla bərabər üzü Şuşaya söhbət söhbətə calanır, dilək diləyə, arzu arzuya. Biri sübh tezdən Cıdır düzündə olmağı arzu edir, biri Şuşa qalasına çıxmağı, biri İsa bulağını görməyi, biri də eləcə Şuşada gecələyib Şuşada oyanmağı. Elə bu yuxu kimi reallıqların təntənəsi ilə bir də onu görürük ki, artıq Şuşa yazılmış lövhənin yanından ötürük.
"Şuşa" yazısını görəndən sonra bayaqdan bəri avtobusda hakim olan səs-küy yerini heç öyrəşmədiyimiz sükuta verir. Elə bilirəm, bu sükutun səbəbi özüm daxil hamının Şuşanı təkcə baxmaqla, görməklə deyil, uzaqdan, lap uzaqdan necəsə eşidə biləcəyimiz hər hansısa bir səslə də hiss eləməkdir. Hərə özünə yaxın pəncərədən əzəmətli dağların qoynundan boy göstərən bənzərsiz Şuşa mənzərəsinə baxır, telefona çəkir, heyrətini ifadə eləmək üçün söz axtarırdı. Şuşaya yaxınlaşmağımızla bürkülü, cansıxıcı yay havası da beləcə arxada qalır. Bir sözlə, bir avtobus jurnalist birdən-birə yayın istisindən qopub arzulardan sonrakı şəhərə – Şuşaya atılır və beləcə hamımız üçün yeni bir macəra başlayır: Şuşa macərası.
Həmkarım Arifə Kərimzadə Şuşadandır. Şuşa azad olunana qədər heç vaxt Şuşanı görməyib, ancaq ata-anasından, nənə-babasından həmişə və həmişə Şuşa haqqında eşidib, Şuşanı yaddaşının ən dərin yerində ən müqəddəs məfhum kimi qoruyub saxlayıb. Deyir, yaşadıqları Ramana qəsəbəsində qonşularının, demək olar ki, hamısı şuşalıdır. Ona görə də bu illər ərzində Şuşa mühitini, Şuşanın qonaqcanlılığını bütünlüklə hiss edə bilib, özü demiş, bir şuşalıya məxsus bütün xüsusiyyətləri özündə kəşf edib. Elə ona görədir ki, Qazançı kilsəsinin yerini soruşduğumuz iki şuşalı xanımın canfəşanlıqla bizə yol göstərməsindən sonra əminliklə deyir: bütün şuşalılar belədir, elə mən də.
Bir tərəfdə kilsə, bir tərəfdə məscid
Qazançı kilsəsi Şuşanın elə bir yerindədir ki, az qala, onu hər yerdən görmək olur. Biz Şuşanı addım-addım gəzib dadını çıxardığımız zaman nə vaxt ətrafa boylansaq, uzaqdan Qazançının bizi müşayiət eləməsinə şahid olurduq. Elə bil bu müqəddəs məkan adına uyğun xilaskar missiyasını hər an hər dəqiqə yerinə yetirməkdə idi.
Kilsənin tikintisi təqribən 20 ilə yaxın davam edib və 1888-ci ildə rəsmi açılışı olub. Bir başqa adı Müqəddəs Xilaskar Kafedralı olan tikili Sovet hökumətinin dövründə öz missiyasından uzaq düşürülüb və anbar kimi istifadə olunub. Qazançı kilsəsi missiya dəyişikliyini bir dəfə də işğal dövründə yaşayıb ki, bu zaman ermənilər onun görünüşündə bir xeyli dəyişiklik ediblər və Erməni Qriqorian Kilsəsinin Qarabağ yeparxiyasının mərkəzi kimi fəaliyyət göstərib.
Tarixçi alim Faiq İsmayılov məqaləsində yazır ki, Qazançının yerində alban məbədi olub, 1868-1887-ci illərdə həmin Alban məbədini sökərək xarabalığı üzərində rus provaslav kilsə memarlığı üslubunda yeni kilsə tikiblər.
Kilsənin tikintisində müsəlmanların iştirak eləməyəcəyini nəzərə alsaq, bunu xristianlar etməli idi. O zamanlar isə Şuşada xristian əhali yox idi. Beləcə, kilsənin tikintisində işləmək üçün indiki Naxçıvan Muxtar Respublikasının Culfa rayonun Qazançı kəndindən oraya erməni əhali köçürülür. Qazançı kəndindən gələn ermənilər kilsənin tikintisindən sonra Şuşada qalaraq elə kilsənin ətrafında məskunlaşıb və orada yaşayıblar. Yerli əhali Culfadan gələn erməniləri qazançılar adlandırırdılar. Elə bu səbəbdən, kilsənin adına da Qazançı kilsəsi deyilir.
Kilsənin hündürlüyü 35, uzunluğu 34,7, eni 23, qülləsinin hündürlüyü isə 17 metrdir. Abidənin qərb, şimal və cənub qapılarından ibarət olmaqla üç girişi var. Şuşanın işğaldan azad olunması ilə Müqəddəs Xilaskar Kafedralı da özünün əvvəlki görünüşünə qaytarılıb, kilsədə əsaslı bərpa-konservasiya işləri həyata keçirilib.
Kilsə ilə üzbəüz ərazidə isə əzəmətli Yeni Şuşa məscidi inşa olunmaqdadır. Məscidin təməli 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulub. Abidənin forması 8 rəqəmini, yəni Şuşanın işğaldan azad olunduğu günü, iki minarəsi isə 11 rəqəmini, yəni şəhərin işğaldan azad edildiyi 11-ci ayı simvolizə edir. Minarələrin hündürlüyünün 72 metr olması nəzərdə tutulub.
Məscidin ətrafında dolandıqca yadıma livanlı rejissor Nadin Labakinin "Bəs indi haraya?" filmi düşür. Filmdə təsvir olunan kənddə də məzmun olaraq məscidlə kilsə yanaşıdır. Burada xaç çəkənlə namaz qılan dostdur, yoldaşdır, qohumdur. Dərdləri ortaqdır, sevincləri şərik, düşüncələri müştərək. Bir sözlə, həmin kənddə inanclar, sadəcə, müxtəliflilikdir. Şuşanın bu balaca məhəlləsindəki mənzərə də məhz Azərbaycandakı müxtəliflilik və ondan doğan qardaşlıq anlayışının ən yaxşı nümunəsini ehtiva edir. Bizim üçün 86,6 min kvadrat kilometrlik ərazidə heç vaxt fərqli din, fərqli millət anlayışı olmayıb. Bizim üçün burada təkcə bir anlayış olub: azərbaycanlı olmaq. İndi mən də azərbaycanlı olaraq Şuşada məscidlə kilsənin sərhədində dayanıb səmaya baxır, bu müqəddəs şəhərdə elə müqəddəsliyin kəsişməsində bizə bu günü yaşadanların ruhuna gülümsəyirəm.
Və düşünürəm: görəsən, məhz bu mənzərəni nə vaxtsa xəyal etmək, arzulamaq olardımı?
Mehmandarovların malikanəsi
Qrafikimizin sıx olmasına baxmayaraq, fürsət ikən Mehmandarovların malikəsinə də baş çəkirik.
Mehmandarovlar Şuşanın məşhur soylarından biri olub. Qarabağ xanlığının idarəetmə aparatında mövcud olan mülki vəzifələrdən biri də mehmandar olub ki, bu söz anlayış olaraq "qonaqpərvər" mənasını ifadə edir. Onun vəzifəsi qonaqları müşayiət etmək, onları xanlığın mərkəzinə gətirib yerləşdirmək, istirahətlərini təşkil etmək olub. Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin və oğlu Mehdiqulu xanın hakimiyyətləri dövründə bu vəzifəni yerinə yetirən Mirzə Əli bəy olub ki, 1830-cu illərdə Azərbaycanda yeni soyad sistemi formalaşarkən nəslin görkəmli nümayəndələri babalarının keçmiş vəzifəsini özlərinə soyad götürüb və bütün rəsmi dövlət sənədlərində Mehmandarovlar kimi qeydə alınıblar.
Memarı Kərbəlayi Səfixan Qarabaği olan Mehmandarovların malikanəsi XVIII əsrdə inşa olunub. Səfixan Qarabaği əslən şuşalı olub və buradakı bir çox tarixi abidənin, o cümlədən Aşağı Gövhər Ağa məscidi, Saatlı məscidi, Culfalar məscidi onun adı ilə bağlıdır. Memar həmçinin Yuxarı Gövhər Ağa məscidinin bərpasına da rəhbərlik edib.
Mehmandarovların malikanəsi Şuşadakı unikal mülki memarlıq abidələrindən hesab olunur. Ümumiyyətlə, Şuşada qarşısından keçərkən ayaq saxlayıb baxmadığımız, memarlığına, quruluşuna və üslubuna heyrət etmədiyimiz tikili, demək olar ki, yoxdur. Elə kompleksə yaxınlaşa-yaxınlaşa da növbəti unikallığın sehrinə düşürük. Ətrafda qol-qola verib dağ boyunca uzandıqca uzanan ağaclar və bu ağacların fonunda Şuşa memarlığının ən möhtəşəm nümunələrindən biri.
Kompleksə Böyük və Kiçik yaşayış binaları ilə yanaşı, ailə məscidi də daxildir. Böyük yaşayış binası sovet hakimiyyəti dövründə Şuşa Şəhər Xəstəxanası kimi fəaliyyət göstərib. Kiçik yaşayış binası Şuşa Tarix Muzeyi, ərazidəki məscid isə Geologiya Muzeyi kimi istifadə edilib.
Qarabağda və Şuşadakı bir çox tarixi-mədəni obyekt kimi bura da işğal dövründə tamamilə dağıdılıb. İşğaldan azad olunduqdan sonra isə torpağın öz sahibləri tərəfindən hər daşı, hər taxtası üflənə-üflənə, əzizlənə-əzizlənə yenidən bərpa olunub, yenidən əvvəlki görkəminə qaytarılıb və yenidən canlandırılıb.
Vaqifin yurdunda ədəbi təntənə
Əslində, Şuşa adamda bir neçə saata şəhəri o baş-bu baş gəzib bitirmək təəssüratı yaradır. Sadəcə, bu ovuc içi boyda şəhərdə nəfəs dərmək üçün dayandığın istənilən yer, istənilən məkan adamı elə ovsunlayır, elə sehrə salır ki, baxdıqca baxır, qaldıqca qalırsan. Elə ona görədir ki, iki günlük Şuşa səfərimizin ilk günündə yalnız saydığımız yerlərə gedə bildik, qalanı isə eləcə küçə-küçə, məhəllə-məhəllə dolaşmaq, yaddaşımızın Şuşa adlı səhifəsinə heyrətedici mənzərələr həkk eləmək oldu.
Səfərimizin növbəti günü isə bütünlüklə ədəbiyyatın günü olacaqdı: Vaqif Poeziya Günlərinin.
Səhər saatlarında "Qarabağ" hotelinin qarşısından ta güllələnmiş heykəllərə qədər ədəbiyyat coşqusunun sədasına oyanırıq – Aşıq Ələsgərin poeziya irsi və saz sənətinin yad edilməsi ilə.
Bir zamanlar yurdun-yuvanın öz sakinlərinin həsrət qaldığı torpaqlarda indi sazın-sözün meydan alması isə, yəqin ki, hamıya eyni qürur, eyni fəxarət hissini yaşadırdı. Bu coşqu, bu ilham düz axşam saatlarına qədər ayrı-ayrı mədəni-ədəbi tədbirlərlə bir-birini əvəzlədi, Şuşadan ta Ağdama qədər səs saldı.
Nəhayət, axşama doğru isə Vaqifin muzey-məqbərə kompleksinin önündə artıq Şuşa üçün yenidən ənənə halını almış Vaqif Poeziya Günlərinin açılışı baş tutdu. Cıdır düzünə yaxın ərazidə inşa edilmiş muzey-məqbərə Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1967-ci ildə Heydər Əliyev Molla Pənah Vaqifin məzarını ziyarət eləmək istəsə də, onu tapmağa müəssər olmur. Bundan sonra onun göstərişi ilə məzar tapılır və 1980-1981-ci illərdə Vaqifin muzey-məqbərə kompleksi tikilir. 1982-ci ildə kompleksin açılışından sonra Heydər Əliyevin göstərişi ilə hər il Vaqif Poeziya Günlərinin keçirilməsinə başlanılır və bu, ənənə halını alır.
İşğal dövründə Qarabağdakı, o cümlədən Şuşadakı bütün tarixi-mədəni yaddaşa qarşı həyata keçirilən vandalizm aktı Vaqifin məqbərəsindən də yan ötməyib və kompleks dağıdılıb. Eləcə də, bu dövrdə Şuşa Azərbaycanın bağrından qoparılıb aralı düşdüyü üçün uzun illər ənənə halını almış Poeziya Günləri də tarixin bir parçasına çevrilib. Ədalətin bərqərar olduğu 2020-ci il Vətən müharibəsindən və ordumuzun şanlı zəfərindən sonra Prezident İlham Əliyevin göstərişi ilə həm məqbərədə bərpa işləri həyata keçirilib, həm də Vaqif Poeziya Günləri adlı ənənə tarixin tozlu yaddaşından götürülərək yenidən bərpa olunub.
Salamat qal, Şuşa!
Beləcə, iki günlük Şuşa səfərimiz qucaq-qucaq xatirə ilə başa çatır. Hamının üzündə Şuşa səfəri o qədər xoş təəssüratla ifadə olunur ki, hamısı ilə bircə-bircə danışıb bu səfərin onlar üçün nə demək olduğunu, necə yadda qaldığını eşitmək istəyirsən. Bunun üçün isə, təbii ki, düz Bakıya qədər yolumuz vardı. Şuşalı həmkarım Arifə Kərimzadə demiş, indi Bakıdan Şuşaya gəlmək üçün cəmi 6 saat lazımdır – bir zamanlar bu məsafə 28 il idi...
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Şuşa Dövlət Musiqili Dram Teatrında inkluziv bir qizin mono tamaşası
Şuşada "8 Noyabr - Zəfərin təntənəsi" adlı silsilə tədbirlər keçirilir
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kürdəmirdə toyda 92 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqdan açıqlama
-
İsrailin "Elbit Systems" şirkəti öz məhsullarının istehsalını Azərbaycanda lokallaşdırmağı təklif edir
-
Ronalduya 6 aylıq diskvalifikasiya təhlükəsi
-
Mikayıl Cabbarov: "Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb"
-
Bu deputatın mandatı ləğv edildi
-
Bərdədə gəncin qətlinin təfərrüatı: Şübhəli hadisədən sonra polisə təslim olub













