Şuşa döyüşünün iştirakçısı: Məktəbli qızın məktubda qalib gələcəyinizə inanırıq deməsi əlavə motivasiya idi – müsahibə
Vətən müharibəsinin zirvəsi Şuşa döyüşləri... Bu günün, sabahın və gələcəyin adamlarının hələ bundan sonra çox-çox danışacağı həmin döyüş.
Müsahibimiz məhz həmin döyüşün iştirakçısıdır. "Şuşa döyüşü Azərbaycan və dünya hərb tarixi üçün inanılmaz hadisə idi. Bu döyüşdə iştirak etdiyimizə görə fəxr edirik", - deyir müsahibim. Bu fəxr hissi elə bir məqamdadır ki, onda hamımızın, hər bir Azərbaycan vətəndaşının payı var...
"Far.Az" Vətən müharibəsinin qazisi, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstənin qərargah rəisi, kapitan Vüsal Həsənovla müsahibəni təqdim edir:
– Vüsal bəy, hərbiyə marağınızdan başlayaq. Mən bildiyimə görə, Türkiyədə də müəyyən təlimlərdə olmusunuz.
– Bəli, xidmətə 2007-ci ildən Daxili Qoşunlarda müddətdən artıq həqiqi hərbi xidmətçi kimi başlamışam. Müəyyən xidmət dövründən sonra ali təhsilli olduğum üçün, eyni zamanda Türkiyədə keçdiyim kurslara görə zabit rütbəsi ilə təltif olunmuşam.
Azərbaycanda xüsusi təyinatlıların hamısı müəyyən kurslar keçir. Bunlar komando kursu, paraşüt kursu, jandarma təməl kursu, həmçinin yaxın döyüşün aparılması kursudur. Mən də həmin kurslarda iştirak etmiş və onları müvəffəqiyyətlə bitirmişəm. Ümumilikdə 16 il Daxili Qoşunların xüsusi təyinatlı dəstəsində xidmət etmişəm.
– Sizin vaxtından əvvəl kapitan rütbəsi alma məsələniz var. Yəqin, bunun xüsusi bir səbəbi var.
– Ümumiyyətlə, hərbi xidmət keçmək haqqında əsasnaməyə əsasən, döyüş tapşırığını uğurla yerinə yetirən hərbi qulluqçular vaxtından əvvəl rütbə ilə təltif olunurlar. Mən o zaman baş leytenant idim, kapitan rütbəsi almağıma iki ildən çox qalırdı. Amma verilən tapşırığı uğurla yerinə yetirdim, buna görə də vaxtından əvvəl kapitan rütbəsi ilə təltif olundum.
– Aydındır. Gəlirik Vətən müharibəsinə. Füzuli rayonunun Mahmudbəyli kəndindənsiniz... Ağır döyüşlərdən biri də məhz Füzuli istiqamətində olub.
– Elədir. 1993-cü ildə Füzuli və rayonun bir çox kəndi işğal olunsa da, bizim kəndimiz işğal edilməmişdi. Bu baxımdan, Mahmudbəyli təxminən 30 il ermənilərlə həmsərhəd olan bir kənd olub.
Mən 2020-ci ildə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının N saylı hərbi hissəsində xüsusi təyinatlı dəstənin qərargah rəisi idim. 27 sentyabr 2020-ci ildə düşmən Azərbaycan sərhədlərində çoxsaylı təxribatlar törətməyə başladı. Ali Baş Komandanın müvafiq əmrinə əsasən, ordumuz əks-hücum əməliyyatına başladı.
Mən xüsusi təyinatlı olaraq döyüş yoluma Füzuli istiqamətində başladım. Bu istiqamətdə 525 nömrəli təpə var idi. Həmin təpənin azad olunması çox vacib idi, çünki o təpənin azad olunması Əhmədbəyli–Füzuli yolunun açılması demək idi.
Füzuli rayonunun mərkəzi oktyabrın 17-də işğaldan azad olunsa da, oktyabrın 28-dək ərazidə erməni hərbi qüvvələri qalmaqda idi. Füzulinin beş kəndi və Əhmədbəyli–Füzuli yolu hələ də azad olunmamışdı.
O vaxta qədər bir neçə tapşırığımız olmuşdu və bu tapşırıqları müvəffəqiyyətlə yerinə yetirmişdik. Amma bizim üzərimizə düşən ən vacib tapşırıqlardan biri məhz 525 nömrəli təpənin azad olunması idi.
Daxili Qoşunların xüsusi təyinatlıları olaraq əməliyyat planını tamamilə özümüz planlaşdırdıq. 525 nömrəli təpənin digər istiqamətində həmin təpəni, yəni postu qoruyan və iriçaplı pulemyotla silahlanmış başqa bir post yerləşirdi.
Plana əsasən, mən və silahdaşlarım eyni vaxtda həm 525 nömrəli təpəyə, həm də həmin posta hücum etdik və nəticədə bu hücum uğurla nəticələndi. Əməliyyat zamanı düşmənin xeyli canlı qüvvəsini məhv etdik və çoxlu sayda silah-sursat ələ keçirdik.
Həmin təpənin azad edilməsi ilə Əhmədbəyli–Füzuli yolu açıldı, yəni yolun hərəkəti bərpa olundu. Bu yoldan 30 illik işğal dövründə istifadə edilməmişdi. Təminatımız digər istiqamətdən - Horadiz, Hadrut istiqamətindən gəlirdi.
– Yəni bununla yolunuz qısaldı.
– Bəli, təminat artıq Əhmədbəyli–Füzuli yolu ilə həyata keçirilirdi. Yol köhnə olsa da, ondan təminat üçün istifadə olunmağa başlanmışdı.
– Deyirsiniz, əməliyyat planını özünüz hazırladınız. Bu planın hazırlanması maraqlıdır. Əməliyyat gecəmi aparıldı, nələr nəzərə alındı və sair.
– Bu əməliyyat zamanı bizimlə bərabər Müdafiə Nazirliyinin tabeliyində olan artilleriya vasitələrindən də istifadə olundu. Çünki düşmənin dərinliklərdə həmin postu qoruyan minaatan batareya da var idi.
Biz əməliyyatı icra edəndə həmin batareya bizə atəş açaraq mane olmağa çalışırdı, amma Azərbaycan Ordusu bu birgə əməliyyatın da öhdəsindən uğurla gəldi. Onu da deyim ki, həmin əməliyyatda biz şəhid vermədik, iki hərbçi yoldaşımız yaralandı.
Bunu da xatırlatmaq istəyirəm ki, Birinci Qarabağ müharibəsində də Daxili İşlər Nazirliyinin Daxili Qoşunları fəaliyyət göstərib, xeyli sayda şəhid verib, Milli Qəhrəmanı və yaralısı, yəni qazisi olub.
Eləcə də İkinci Qarabağ müharibəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstələri ən çox cəlb olunan xüsusi təyinatlı birliklərdən olub. Daxili Qoşunların xüsusi təyinatlı dəstəsinin 66 şəhidi, 346 qazisi olub. Həmçinin dörd hərbi qulluqçuya Vətən Müharibəsi Qəhrəmanı adı verilib. Onlardan biri şəhid olub, üçü isə hazırda xidmətini davam etdirir.
Həmçinin 2023-cü ildə lokal antiterror əməliyyatı zamanı da Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəhidləri və qaziləri olub. Qoşunlar həmin əməliyyatda da üzərinə düşən vəzifələri yerinə yetirib.
– Aydındır. Vüsal bəy, təcrübəli zabit kimi hərbçi yoldaşlarınızı necə motivasiya edirdiniz? Hansısa tapşırığı icra edəndə onlara nə deyir, necə ruhlandırırdınız?
– Ümumiyyətlə, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstələrində hərbi qulluqçuların, demək olar ki, 95 faizdən çoxu müddətdən artıq həqiqi hərbi xidmət keçən şəxslərdir. Bu da o deməkdir ki, biz komanda olaraq peşəkar hərbi qulluqçularla işləyirdik və döyüşə qədər keçdiyimiz təlimlərdə bütün döyüş incəliklərinə yiyələnmişdik.
Təbii ki, müharibə təlim deyil. Müharibədə fərqli hallar baş verir. Silahdaşın şəhid olur, yaralanır. Bunlar, təbii ki, hərbi qulluqçularımıza təsir edirdi, amma onların ruhdan düşməsinə səbəb olmurdu. Əksinə, hərbi qulluqçularımız daha çox qisas almağa, Azərbaycanın əzəli torpaqlarını azad etməyə yönəlmiş addımlar atırdılar.
Biz Füzuli əməliyyatını yerinə yetirəndə ora Birinci Qarabağ müharibəsində iştirak etmiş döyüşçülər də gəlirdilər. Onlar könüllü şəkildə döyüşlərə qoşulmaq istəyir, əsgərlərə motivasiya verirdilər, öz təcrübələrini bölüşürdülər.
– Strateji əhəmiyyətli 525 nömrəli təpəni ələ keçirdikdən sonra bəs növbəti tapşırıq nə idi?
– Bundan sonrakı tapşırığımız Şuşa ilə bağlı idi.
– Şuşa döyüşləri haqqında müxtəlif əfsanələr dolaşır. Həmin əməliyyatın gedişi, ümumiyyətlə, döyüş şəraiti maraqlıdır.
– Şuşa əməliyyatı yalnız Azərbaycanın hərb tarixində deyil, dünya hərb tarixində də çox müzakirə olunan əməliyyatdır. Şuşanın qala şəhər olduğu hər kəsə məlumdur. Qalanı müdafiə etməyin isə daha asan olduğunu hamı bilir.
Şuşa əməliyyatında ağırçaplı silahlardan deyil, yalnız atıcı silahlardan istifadə olunması onun nə qədər mürəkkəb olduğunu göstərir.
Təbii ki, Ali Baş Komandanın uzaqgörən siyasətinin, komandirlərimizin, adlarını çəkə bilmədiyimiz yüksək rütbəli hərbçilərimizin düzgün planlaşdırmasının nəticəsində bu əməliyyat da uğurla nəticələndi. Ərazinin mürəkkəb dağlıq relyefi və Şuşaya gedən yolun çətinliyi də əməliyyatın mürəkkəbliyini göstərirdi. Amma yenə deyirəm, bu çətinliklər Azərbaycan Ordusu üçün keçilməz maneə deyildi.
Şuşa əməliyyatı Vətən müharibəsinin pik nöqtəsi idi, çünki bu, Vətən müharibəsinin başa çatması ilə nəticələnən əsas tapşırıqlardan biri oldu.
Tapşırığa əsasən, Xocavənd rayonu istiqamətindən hərəkət etməli idik. Bu, 60 km düşmənin dərinliyinə irəliləmək demək idi. Yəni bütün avadanlıq, silah, sursat, ərzaq və digər zəruri vasitələri özümüzlə daşımalı idik.
Xocavənd istiqamətindən hərəkət edə-edə Xocalının Çanaqçı və Sığnaq kəndlərini keçərək Daşaltı istiqamətində irəlilədik. Daşaltı istiqamətində 1553 və 1554 nömrəli yüksəkliklər var. Şuşaya gedən təminat yolu həmin yüksəkliklərin bilavasitə yaxınlığından keçir. Həmin yüksəklikləri düşmən işğalından azad etdik, sonra isə Azərbaycan Silahlı Qüvvələrinin digər bölmələrinə təhvil verərək hərəkətimizi davam etdirdik.
Relyef baxımından qarşı tərəf daha əlverişli mövqelərdə yerləşmişdi, buna görə bizim bu əməliyyatlarda şəhidlərimizin olması qaçılmaz idi. Amma Azərbaycan Ordusunun gücü məhz onda idi ki, düşmən əlverişli mövqedə olmasına baxmayaraq, özü daha çox itki verirdi. Həmin ərazidə yerləşən düşmən birliyi məhz xüsusi təyinatlı qüvvələrdən ibarət idi. Onların cəsədlərinə baxış keçirəndə görürdük ki, geyimləri digərlərinin geyimindən tamamilə fərqli idi. Əllərində yarımbarmaqlı əlcəklər və digər təchizat vasitələri var idi. Bunlardan belə qənaətə gəlmək olardı ki, həmin yüksəkliklər onlar üçün xüsusi əhəmiyyət daşıyırdı və onu itirmək istəmirdilər.
Amma, təbii, onlar belə Azərbaycan Ordusunun qarşısında tab gətirə bilmədilər. Çoxlu itki verdikdən sonra düşmən qüvvələri geri çəkildi.
– Bəhs elədiyimiz əməliyyat təqribi nə qədər çəkdi?
– Yüksəkliklərin ələ keçirilməsi altı-yeddi saat çəkdi, onların saxlanılması və möhkəmləndirilməsi isə bir neçə gün davam etdi.
– Daha sonra Şuşa istiqamətində hərəkəti davam etdirdiniz.
– Bəli, Şuşa istiqamətində hərəkəti davam etdik. Şuşaya yalnız bir xüsusi təyinatlı birlik deyil, bir neçə xüsusi təyinatlı birlik hərəkət edirdi. Şuşa şəhərinə üç istiqamətdən hücum planlaşdırılmışdı. Bundan əlavə, motoatıcı qüvvələrimiz də var idi. Onlar Xocalı istiqamətindən düşmənə qarşı aldadıcı həmlələr edirdilər ki, düşmən xüsusi təyinatlı birliklərin artıq Şuşa istiqamətində olduğunu bilməsin.
Buna görə düşmən Şuşa ətrafında hərbi qulluqçularımızı görəndə çaş-baş qalmışdı. Yəni onlar Azərbaycan xüsusi təyinatlılarının bu qədər dərinliyə enməsinə inanmırdılar.
– Bildiyimə görə, bu istiqamətdəki döyüşlərdə yaralanmısınız.
– Bəli, noyabrın 5-də Şuşa yaxınlığında yaralandım. Buna baxmayaraq, döyüş mövqeyində qaldım və yalnız noyabrın 8-də Şuşa şəhərindən təxliyə olundum.
Noyabrın 5-i, 6-sı və 7-si həm Şuşa şəhəri istiqamətində, həm də şəhərin daxilində ağır döyüşlər getdi. Düşmən Azərbaycan Ordusunun Şuşa şəhərində möhkəmlənməsinə imkan vermək istəmirdi.
Onların tankları Daşaltıdan İsa bulağı istiqamətindəki yolla hərəkət edirdi, bu da ona görə idi ki, qüvvələrimizin həmin ərazidən keçməsinə mane olsunlar. Təbii ki, döyüş yoldaşlarımız əllərində olan vasitələrdən istifadə edərək düşmənin bir neçə tankını məhv etdi. Bununla da, qüvvələrimizin həmin yoldan keçərək Şuşa istiqamətində irəliləməsinə imkan yarandı.
Qeyd etdiyim kimi, Şuşa döyüşü Azərbaycan və dünya hərb tarixi üçün inanılmaz hadisə idi. Bu döyüşlərdə iştirak etdiyimizə görə fəxr edirik.
– Ümumən siz Vətən müharibəsi dövründə iki dəfə yaralanmısınız. Biri Füzulidə, biri Şuşada.
– Bəli, Füzulidə qolumdan qəlpə yarası aldım, amma döyüşə davam elədim. Eləcə də Şuşada erməni artilleriyasının və tankının atdığı mərmi nəticəsində çiynimdən, qolumdan və bel sümüyümdən qəlpə yaraları aldım. Hələ də bədənimdə üç qəlpə var. Onlardan biri onurğamda, biri belimdə, biri isə qolumdadır.
Füzulidə aldığım yara yüngül olduğu üçün hospitala getməyi özümə sığışdırmadım. Düşünürdüm ki, döyüş yoldaşlarım döyüşə davam etsin, mən isə hospitala qayıdım, bu ola bilməz.
– Şübhəsiz, xüsusi təyinatlı qüvvələr müharibə situasiyasına hazırlıqlı olur. Amma bu artıq müharibənin özü idi. Maraqlıdır, əvvəl müharibə haqqında düşündüklərinizlə müharibəni gördükdən sonra düşüncələriniz arasında hansı fərqlər vardı?
– Bütün yaşadıqlarını, beynindəki xatirələri bir yerə toplayanda anlayırsan ki, müharibə insana mənəvi, psixoloji və fiziki baxımdan sarsıdıcı zərbələr vurur. Üstəlik, öz döyüş yoldaşlarını itirirsən… Bunu sözlə ifadə etmək çətindir. Qarabağın relyefini nəzərə alsaq, bu əməliyyatlarda fiziki hazırlığın, atəş hazırlığının və iradənin yüksək olması mütləqdir. Bu üç amil birləşdikdə düşmən üzərində qələbə qazanmaq daha rahat görünür.
– Bəs düşmən arasında bu əməliyyatlardan sonra çaxnaşmanın yaranmasını görmək olurdumu? Hiss edirdinizmi?
– Əlbəttə, bir şeyi də deyim ki, oktyabrın 17-dək düşmən, demək olar ki, taqım və manqa şəklində döyüşürdü. Füzuli əməliyyatından sonra isə artıq bu üsullardan əvvəlki kimi istifadə edə bilmədilər. Çünki qüvvələri azalmışdı. Buna qədər onların "Qızıl onluq" adlandırdıqları qruplar fəaliyyət göstərirdi. Bu qruplar hansısa ərazidən çıxaraq pusqu qurur, hücum edib geri çəkilir və ya yüksəklikdə mövqe tutaraq gələn qüvvələri müşahidə edir, sonra artilleriyanı həmin istiqamətə yönəldirdilər. Füzuli əməliyyatından sonra düşmənin vahid ordu sistemi çərçivəsində fəaliyyət göstərmək imkanları xeyli azalmışdı.
– Dediniz ki, müharibə həm də döyüş yoldaşlarımızı itirmək, şəhidlər vermək deməkdir. İstəyirəm, şəhid olmuş döyüş yoldaşlarınızı da xatırlayaq.
– Mənim rəhbərlik etdiyim qrupda şəhidlər vermişdik. Rzaquliyev, İmanzadə, Eyniyev, Məmmədov, Kazımov, Ömərov, Mikayılov, xüsusi təyinatlılardan Həsənov, Hüseynov... Onların hər biri Vətən qarşısında tapşırıqlarını layiqincə yerinə yetirərək şəhid olublar.
Adlarını çəkdiyim hərbi qulluqçular Şuşa əməliyyatında şəhid olublar. Yəni onlar həmin 44 gün ərzində fəal iştirak edən hərbçilərimiz idi.
Şəhidlərimizlə bağlı bir hadisəni də xatırlatmaq istəyirəm. Füzuli əməliyyatı zamanı bizim bir qrupumuz düşmən mühasirəsinə düşmüşdü. Biz də bir qrup hərbi qulluqçu ilə birlikdə onlara dəstək verməyə getdik və onları mühasirədən çıxardıq.
Orada Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından olan bir hərbi qulluqçumuz şəhid oldu. Şəhidimizin nəşi neytral ərazidə qalmışdı. Həmin ərazi bizim hərbi qulluqçuların yerləşdiyi mövqedən bir qədər irəlidə, erməni hərbi birləşmələrinin mövqelərinə daha yaxın idi. Amma biz onun nəşini oradan çıxardıq. Şəhid olan hərbçimizin kimliyini müəyyənləşdirmək üçün üzərində sənəd axtaranda vəsiqəsinin içərisində körpə qızının şəkli olduğunu gördük…
Əlbəttə, belə hadisələr insana çox pis təsir edir. İllər keçsə də, həmin xatirələr insanın yadından çıxmır. Bu, sadəcə, bir nümunədir. Bundan daha ağır hadisələr də olub. Amma mən bu barədə çox danışa bilməyəcəyəm...
– Vüsal bəy, sizcə, 44 günlük müharibədə Azərbaycan əsgərini ən çox motivasiya edən nə idi?
– Azərbaycan Ordusu öz torpaqlarını düşmən işğalından azad edirdi. Ən əsas budur. Ümumiyyətlə, bu qələbə dövlətimizin, millətimizin və ordumuzun birliyi nəticəsində başa gəlmişdi. Vətən müharibəsinin gedişatında xalqımızın orduya göstərdiyi dəstəyi də görürdük. Dövlətinin və xalqının sənin arxanda olduğunu bilmək özü də böyük motivasiya mənbəyidir.
– Xalqın dəstəyini deyirsiniz, bu tendensiyada "Əsgərə məktub" aksiyası da vardı...
– Bəli, bəli, Şuşa əməliyyatından öncə Hadrut istiqamətində qüvvələrin komplektləşdirilməsi zamanı o məktublardan bizə gətirmişdilər. Bakı məktəblərindən birinin yeddinci sinfində oxuyan qızın yazdığı məktubu oxudum. Məktubu oxuyarkən keçirdiyim hissləri sözlə ifadə etmək çətindir.
– Nə yazmışdı?
– Yazmışdı ki, biz sizə güvənirik, bilirik ki, siz qalib gələcəksiniz. Otuz il işğal altında qalan torpaqlarımızı azad etməyi sizə əmanət etmişik… Yəni bu sözləri oxuyandan sonra bizim qarşımızda dayanacaq heç bir maneə ola bilməzdi. Mümkün deyildi.
Təbii ki, bu kimi şeylər bizə əlavə motivasiya verirdi. Bu işə məsul olan bir hərbi qulluqçu vardı, o məktubları hərbçilərə paylayırdı ki, oxusunlar və xalqımızın onlardan nə gözlədiyini, hansı nəticələrə ümid etdiyini görsünlər.
– Yəni xalqın gözləntilərini...
– Bəli, xalqın gözləntilərini. Bu da bizim üçün motivasiya mənbəyi idi. Təbii ki, müharibədə təkcə silahla mübarizə aparılmır, insan psixoloji cəhətdən də hazır olmalıdır. Psixoloji cəhətdən hazır olduqdan sonra insanın qarşısında keçə bilməyəcəyi maneə qalmır.
– Döyüş yoldaşlarınızla görüşürsünüzmü?
– Əlbəttə. Görüşürük, şəhid yoldaşlarımızı yad edirik, həm müxtəlif xiyabanlarda, həm də onların yaşadıqları rayonlarda ziyarət edirik. Valideynlərinin yanına gedirik. Bu, onlar üçün böyük dəstəkdir, xüsusilə də psixoloji baxımdan. Valideynlər övladlarının döyüş yoldaşlarının onları ziyarət etdiyini görəndə qürur duyur və fəxr edirlər.
Biz əraziləri azad etdikcə məktəblərdə bir şeyə də şahid olurduq ki, ermənilər altıncı, yeddinci, səkkizinci siniflərdən etibarən uşaqlara hərbi təhsil verirlər. Sinif otaqlarında yazılar onların öz dillərində olduğuna görə hamısını başa düşmürdük. Amma silahlarla bağlı plakatlar və digər materiallar var idi. Sanki onları müharibəyə hazırlayırdılar. Çünki onlar bilirdilər ki, bu ərazilər, yəni Qarabağ onlara məxsus deyil.
– Aydındır. Artıq bu il qələbəmizin altıncı ildönümüdür. Qarabağda Böyük Qayıdış prosesi həyata keçirilir, sakinlər hissə-hissə doğma yurdlarına qayıdırlar. Bərpa-quruculuq işləri aparılır, mədəni və sosial tədbirlər keçirilir. Qarabağın azad olunmasında iştirak etmiş hərbi qulluqçu kimi bu prosesə baxanda nə hiss edirsiniz?
– Bir ərazini azad etmək çətindir, amma onu yenidən qurmaq, orada həyat yaratmaq isə daha böyük məsuliyyətdir. Həmin torpaqlar ona görə azad olunub ki, öz doğma sakinləri oraya qayıdıb yaşasınlar. Düzdür, bu proses çox vaxt aparacaq. Çünki orada kommunikasiya xətləri, binalar, yollar və digər infrastruktur yox idi. Mən azad olunduqdan sonra Qarabağa getmişəm, təbii ki, orada insanın yadına yaxşı xatirələr düşür. Özünlə, öz birliyinlə, döyüş yoldaşlarınla fəxr edirsən. Düşünürsən ki, mənim də bu döyüşdə müəyyən qədər töhfəm olub. Bir daha başa düşürsən ki, Qarabağın hər daşında, hər qarış torpağında Azərbaycan şəhidlərinin qanı var. Bu gün hamısının ruhu şaddır!..
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Şuşa Dövlət Musiqili Dram Teatrında inkluziv bir qizin mono tamaşası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ekologiya və təbii sərvətlər naziri Yevlaxda vətəndaşları qəbul edib
-
Rəşad Nəbiyev Qəbələdə vətəndaşları qəbul edib
-
ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb
-
ABŞ-də süni intellektlərin bloklanması üçün qanun layihəsinin irəli sürülməsinə başlanılıb
-
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
-
"Araz-Naxçıvan"ın baş məşqçisi Yuri Maksimov: "Komanda olaraq elə qollar buraxmaq olmaz"













