Brüsseldə Azərbaycan-Aİ beyin mərkəzlərinin I Forumu keçirilib
Far.Az xəbər saytı

Brüsseldə Azərbaycan-Aİ beyin mərkəzlərinin I Forumu keçirilib


Brüsseldə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) və Belçikanın Egmont Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutunun (Royal Institute for International Relations) birgə təşkilatçılığı ilə Azərbaycan-Avropa İttifaqı Beyin Mərkəzlərinin I Forumu keçirilib.

"Report"un Avropa bürosu xəbər verir ki, "Azərbaycan və Avropa İttifaqı: Yeni perspektivlər" mövzusuna həsr olunan forumda Egmont Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutunun baş elmi əməkdaşı Bernard Siman açılış nitqi ilə çıxış edərək beyin mərkəzlərinin yeni ideyaların formalaşdırılması, strateji yanaşmaların inkişaf etdirilməsi və gələcək tendensiyaların proqnozlaşdırılmasındakı mühüm rolunu vurğulayıb.

Beynəlxalq münasibətlərdə baş verən son proseslərə toxunan Bernard Siman Ukraynada müharibənin davam etdiyi şəraitdə Xəzər dənizi üzərindən Mərkəzi Asiyaya uzanan alternativ ticarət marşrutlarının əhəmiyyətini xüsusi qeyd edib. Onun fikrincə, Avropa İttifaqı ilə Azərbaycanın qarşısında duran əsas vəzifə dəyişən geosiyasi və geoiqtisadi şəraitin yaratdığı imkanlardan səmərəli istifadə edərək əməkdaşlığı konkret istiqamətlər üzrə inkişaf etdirmək, mövcud fikir ayrılıqlarını konstruktiv dialoq yolu ilə idarə etmək, eyni zamanda, digər güc mərkəzlərinin rəqabət aparan maraqlarından qaynaqlanan geosiyasi dinamikanı düzgün qiymətləndirməkdir.

BMTMM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev cari ildə Avropa institutlarının rəhbərlərinin Azərbaycana səfərlərinin ikitərəfli tərəfdaşlığın gücləndirilməsinə qarşılıqlı marağı əks etdirdiyini və münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə biləcəyini qeyd edib.

Azərbaycan-Ermənistan normallaşma prosesinə toxunan F. Şəfiyev Vaşinqton sammitindən sonra əldə olunan irəliləyişi vurğulamaqla yanaşı, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasının zəruriliyini bildirib. O, planlaşdırılan sülh sazişinin bu iddiaları ehtiva edən konstitusiya müddəaları ilə ziddiyyət təşkil etməməli olduğunu vurğulayaraq Avropanın tarixi təcrübəsinin mümkün həll yolları baxımından əhəmiyyətinə diqqət çəkib.

F. Şəfiyev, həmçinin Azərbaycan və Ermənistan arasında birbaşa təmasların üçüncü tərəflərin iştirakı ilə aparılan proseslərdən daha səmərəli olduğunu qeyd edərək Avropa siyasətçilərini sülhə töhfə verən qüvvələrlə ona mane olanları fərqləndirməyə çağırıb. O, Azərbaycanın sülhün təşviqinə yönəlmiş siyasətinə sadiq qaldığını bildirib.

Daha sonra panel sessiyaları işə başlayıb.

Egmont İnstitutunun baş elmi əməkdaşı Bernard Simanın moderatorluğu ilə keçirilən və "Azərbaycan-Avropa İttifaqı münasibətləri: mövcud vəziyyət və perspektivlər" mövzusuna həsr olunan birinci paneldə Romada yerləşən Beynəlxalq Siyasət Araşdırmaları Mərkəzinin (CeSPI) elmi direktoru Valeria Giannotta, Qarabağ Universitetinin dekanı Elmar Mustafayev, Avropa Siyasəti Mərkəzinin proqram rəhbərinin müavini və baş elmi əməkdaşı Amanda Paul, Ágora Diplomática təşkilatının vitse-prezidenti Jordi Xucla, Praqa Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Mats Braun və Siena Universitetinin elmi tədqiqatçısı Fabio Indeo çıxış ediblər.

Panel çərçivəsində Azərbaycan-Avropa İttifaqı münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoqun və iqtisadi əməkdaşlığın gücləndirilməsi, enerji tərəfdaşlığı, regional təhlükəsizlik məsələləri, eləcə də geosiyasi və geoiqtisadi dəyişikliklərin ikitərəfli münasibətlərə təsiri diqqət mərkəzində olub.

Rusiya, Avropa və Asiya Araşdırmaları Mərkəzinin (CREAS, Belçika) təsisçisi və direktoru Theresa Fallonun moderatorluğu ilə "Avropa İttifaqı və Cənubi Qafqazın regional təhlükəsizliyi" mövzusuna həsr olunan ikinci paneldə Beynəlxalq Sülh İnstitutunun (IIP, Avstriya) direktoru Stephanie Fenkart, Egmont İnstitutunun baş elmi əməkdaşı Reinhold Brender, Milli Məclisin deputatı Qaya Məmmədov, LINKS Europe Fondunun direktoru Dennis Sammut, Tədqiqat və Siyasət Quruculuğu Mərkəzinin (CRPM) təsisçisi və "Ana Tereza" İctimai Siyasət Məktəbinin direktoru, professor Zhidas Daskalovski, eləcə də Buxarest Milli İnformatika Tədqiqatları və İnkişafı İnstitutunun (ICI Bucharest, Rumıniya) baş direktoru Adrian Vevera çıxış ediblər.

Panel çərçivəsində Avropa İttifaqının Cənubi Qafqazda regional təhlükəsizliyin və sabitliyin təmin edilməsində rolu, mövcud geosiyasi çağırışlar, regional əməkdaşlığın gücləndirilməsi və təhlükəsizlik arxitekturasının gələcək perspektivləri müzakirə olunub.

BMTMM-in şöbə müdiri Vasif Hüseynovun moderatorluğu ilə keçirilən "Avropa İttifaqı və geoiqtisadi əməkdaşlıq, Avrasiya üzrə enerji təhlükəsizliyi və bağlantılar" mövzusuna həsr olunan üçüncü paneldə İtaliyanın Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun (ISPI) baş elmi tədqiqatçısı Eleonora Tafuro, İspaniyanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun (FESEI) baş direktoru Miguel Alvarez Moreno, Azərbaycanın İnkişaf və Diplomatiya İnstitutunun siyasət araşdırmaları, təhlil və nəşrlər üzrə direktoru Damjan Krnjevic, Niderlandın Haaqa Araşdırmalar İnstitutunun həmtəsisçisi Julia Meyer və İsveçin Şərqi Avropa Araşdırmaları üzrə Stokholm Mərkəzinin (SCEEUS) analitiki Jakob Hedenskog çıxış ediblər.

Paneldə Avrasiya boyunca geoiqtisadi əməkdaşlığın genişləndirilməsi, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və nəqliyyat-kommunikasiya bağlantılarının inkişafı, eləcə də bu istiqamətlərin regional əməkdaşlıq və strateji sabitlik baxımından əhəmiyyəti müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan-Avropa İttifaqı Beyin Mərkəzlərinin I Forumunda Azərbaycan və Belçika ilə yanaşı, İtaliya, İspaniya, Çexiya, Avstriya, Rumıniya, Şimali Makedoniya, Birləşmiş Krallıq, Niderland və İsveçi təmsil edən beyin mərkəzlərinin ekspertləri iştirak ediblər.

Xatırladaq ki, BMTMM-in Avropadakı tərəfdaş beyin mərkəzləri ilə əməkdaşlığı çərçivəsində mütəmadi olaraq konfranslar və forumlar təşkil olunur. Bu çərçivədə sentyabrın 9-da BMTMM ilə İsveçrənin Sent-Qallen Universitetinin nəzdində fəaliyyət göstərən Avropada İdarəçilik və Mədəniyyət Mərkəzinin (Center for Governance and Culture in Europe – GCE-HSG) birgə təşkilatçılığı ilə "Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans keçirilib.

Bundan əvvəl, sentyabrın 4-də isə BMTMM və LINKS Europe Fondunun birgə təşkilatçılığı ilə "Avropa-Azərbaycan münasibətləri: tarixi təcrübənin dəyərləndirilməsi və gələcək əməkdaşlıq istiqamətləri" mövzusunda dəyirmi masa təşkil olunub.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər