Azərbaycanda bu şəxslər üçün bəzi xidmətlər pulsuz ola bilər
Far.Az xəbər saytı

Azərbaycanda bu şəxslər üçün bəzi xidmətlər pulsuz ola bilər


Azərbaycanda pulsuz hüquqi yardım xidmətinin əlçatanlığının artırılması, xüsusilə regionlarda və ucqar kəndlərdə yaşayan vətəndaşların hüquqi müdafiə imkanlarının genişləndirilməsi təklif olunur.

BAKU.WS-in məlumatına görə, bu məsələ Milli Məclisdə "Pulsuz hüquqi yardım haqqında" qanun layihəsinin müzakirəsi zamanı gündəmə gətirilib.

Millət vəkili Əli Məsimli regionlarda vəkillərin sayının az olmasına diqqət çəkərək, kənd və ucqar yaşayış məntəqələrində fəaliyyət göstərən hüquqşünaslar üçün stimullaşdırıcı tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

O bildirib ki, müasir elektronlaşma və rəqəmsallaşma imkanlarından istifadə etməklə hüquqi xidmətlərin coğrafiyasını genişləndirmək, mövcud çatışmazlıqları qismən aradan qaldırmaq mümkündür.

Deputatın fikrincə, xüsusilə regionlarda və kəndlərdə çalışan vəkillərə əlavə güzəştlərin və təşviq mexanizmlərinin tətbiqi onların bu ərazilərdə fəaliyyətə marağını artıra bilər.

Müzakirələrdə hüquqi yardıma ehtiyacı olan, lakin maddi imkanı məhdud şəxslərin müdafiəsinin təmin edilməsi də əsas məsələlərdən biri olub.

Millət vəkili Nigar Məmmədova qeyd edib ki, maddi çətinlik heç bir vətəndaşın hüquqi müdafiə imkanlarını məhdudlaşdırmamalıdır. Bu baxımdan, imkansız şəxslərin hüquqlarını səmərəli şəkildə müdafiə edə bilməsi üçün vahid mexanizmin yaradılmasının əhəmiyyəti vurğulanıb.

Çıxışlarda pulsuz hüquqi yardım üçün müraciət edən vətəndaşlardan tələb olunan sənədləşmə məsələsinə də toxunulub. Bildirilib ki, dövlət informasiya sistemlərinin inteqrasiyası gücləndirilərsə, vətəndaşlardan müxtəlif məlumatların təkrar-təkrar toplanmasına ehtiyac azalacaq.

Təklif olunan yanaşmaya əsasən, elə bir sistem qurulmalıdır ki, vətəndaş vaxtını zəruri sənədləri əldə etməyə deyil, hüquqlarının müdafiəsinə sərf etsin. Bu, eyni zamanda, vəkillərin əməyinin daha obyektiv qiymətləndirilməsinə və hüquqi yardımın keyfiyyətinin yüksəldilməsinə də şərait yarada bilər.

Müzakirələrdə səsləndirilən fikirlərin əsas məqsədi maddi vəziyyətindən və yaşadığı ərazidən asılı olmayaraq hər kəsin keyfiyyətli hüquqi yardıma çıxışını təmin etməkdir.

Oxşar xəbərlər

Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər