Tanışlıq saytlarında YENİ DƏLƏDUZLUQ: İnsanları aldadıb şantaj edirlər
Far.Az xəbər saytı

Tanışlıq saytlarında YENİ DƏLƏDUZLUQ: İnsanları aldadıb şantaj edirlər


Süni intellekt texnologiyalarının inkişafı kiberdələduzların işini asanlaşdırıb. Artıq cinayətkarlar tanışlıq saytlarında saxta profillər yaratmaqla kifayətlənmir, süni intellekt vasitəsilə real insan təsiri bağışlayan yazışmalar aparır, səs və görüntüləri təqlid edir, hətta insanları şantaj etmək üçün saxta intim materiallar hazırlayırlar.

BAKU.WS-in məlumatına görə, kibertəhlükəsizlik üzrə mütəxəssislər bildirirlər ki, generativ süni intellekt modelləri dələduzlara daha inandırıcı saxta hesablar yaratmağa, qurbanlarla uzunmüddətli ünsiyyət qurmağa və onların etibarını qazanmağa imkan verir.

Xüsusilə tanışlıq platformalarında fəaliyyət göstərən cinayətkarlar çat-botlardan istifadə edərək qarşı tərəfin ünsiyyət tərzini təqlid edə bilirlər. Beləliklə, yazışma zamanı qurban qarşısındakı şəxsin avtomatlaşdırılmış proqram deyil, real insan olduğunu düşünə bilər. Audio və video saxtalaşdırma texnologiyaları isə bu ünsiyyəti daha da inandırıcı göstərir.

Dələduzluğun ən təhlükəli formalarından biri şəxsi görüntülərdən istifadə etməklə şantajdır. Cinayətkarlar əvvəlcə qarşı tərəfdən şəxsi foto və videolar əldə etməyə çalışırlar. Bəzi hallarda isə süni intellekt vasitəsilə insanın üzünü əks etdirən saxta, kompromat xarakterli görüntülər hazırlayırlar. Daha sonra həmin materialları yaymaqla hədələyərək pul tələb edirlər.

Təhlükə bununla da bitmir. Dələduzlar sosial şəbəkələrdəki açıq məlumatları, şəkillər üzrə axtarış imkanlarını və müxtəlif məlumat bazalarından əldə edilmiş informasiyaları birləşdirərək qurbanın ailə üzvlərini, yaxınlarını və iş əlaqələrini müəyyən edə bilirlər. Bu məlumatlar şantaj zamanı psixoloji təzyiq vasitəsinə çevrilir.

Mütəxəssislərin diqqət çəkdiyi digər məqam süni intellektin fişinq hücumlarını daha sürətli və fərdiləşdirilmiş formada həyata keçirməyə imkan verməsidir. Analitiklərin məlumatına görə, əvvəllər saatlarla hazırlanan fişinq mesajlarını indi cəmi beş dəqiqəyə hazırlamaq mümkündür. Bu texnologiyaların tətbiqi nəticəsində belə hücumların effektivliyinin 54 faizə qədər yüksəldiyi bildirilir.

Süni intellekt dələduzlara qrammatik səhvləri aradan qaldırmağa, inandırıcı mətnlər yazmağa və konkret şəxsə uyğun müraciətlər hazırlamağa kömək edir. Bunun üçün cinayətkarlara bəzən şəxsin adı, telefon nömrəsi, ünvanı, işlədiyi yer və tanış çevrəsi barədə məlumatlar kifayət edir.

Məsələn, qurbanın rəhbərinin adını öyrənən dələduz onun adından saxta iş tapşırığı göndərə, ailə üzvləri barədə məlumat əldə edən şəxs isə yaxınlarından biri kimi müraciət edə bilər. Sosial şəbəkələrdəki paylaşımlar, əvvəlki yazışmalar və məlumat sızmaları bu cür saxtakarlıqların daha inandırıcı qurulmasına şərait yaradır.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bir fişinq saytı eyni vaxtda çoxsaylı şəxsləri hədəfə almaq üçün istifadə oluna bilər. Hətta bir internet ünvanı daxilində müxtəlif istifadəçilərə uyğunlaşdırılmış saxta səhifələr yerləşdirilə bilər.

Beləliklə, süni intellekt artıq yalnız texnoloji yenilik deyil, həm də kibercinayətkarlığın yeni alətinə çevrilir. Tanışlıq platformalarında ünsiyyət zamanı şəxsi məlumatların, foto və videoların tanımadığınız şəxslərlə paylaşılması ciddi risk yarada bilər. Xüsusilə pul tələb edilməsi, şəxsi görüntülərin yayılacağı ilə hədələnmə və ya şübhəli keçidlərə daxil olmağa çağırış hallarında ehtiyatlı davranmaq vacibdir.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Tanınmış kardioloqlar, kardio-onkoloqlar, eləcə də süni intellekt və robot texnologiyaları üzrə mütəxəssislər bir arada
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər