ADDA ilə GN Group Corporation arasında əməkdaşlıq memorandumu imzalanıb
Far.Az xəbər saytı

ADDA ilə GN Group Corporation arasında əməkdaşlıq memorandumu imzalanıb


Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) ilə Türkiyə Respublikasında gəmiçilik üzrə fəaliyyət göstərən GN Group Corporation arasında Anlaşma Memorandumu imzalanıb.

"Far.Az" xəbər verir ki, memorandum Azərbaycan Dövlət Dəniz Akademiyası adından rektor vəzifəsini icra edən Eldar Qocayev və GN Group Corporation adından baş direktorun müavini Əli Əliyev tərəfindən imzalanıb.

Sənədin əsas məqsədi dənizçilik və gəmiçilik sahəsində təhsil, praktiki hazırlıq, elmi-tədqiqat və kadr potensialının inkişafı istiqamətlərində uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasıdır. Memorandum çərçivəsində təhsil ilə sənaye arasında əlaqələrin gücləndirilməsi, tələbələrin peşə bacarıqlarının artırılması, eləcə də beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi nəzərdə tutulur.

Əməkdaşlıq çərçivəsində, həmçinin ADDA tələbələrinin GN Group Corporation-a məxsus gəmilərdə və müəssisələrdə istehsalat və üzmə təcrübələrinin təşkili, birgə təlimlərin, seminarların, konfransların və master-klassların keçirilməsi, qış və yay məktəblərinin təşkili planlaşdırılır.

Bundan əlavə, Memorandum gəmiqayırma və gəmi təmiri sahəsində təhsil alan tələbələr üçün müvafiq zavod və tərsanələrdə praktiki təcrübələrin təşkili, beynəlxalq səviyyəli mütəxəssis və ekspertlərin tədris prosesinə cəlb olunması, Akademiyanın maddi-texniki bazasının inkişafına dəstək, eləcə də məzunların məşğulluq imkanlarının artırılması kimi mühüm istiqamətləri əhatə edir. Tərəflər bu əməkdaşlığın Azərbaycan və Türkiyə arasında dənizçilik təhsili sahəsində əlaqələrin qurulmasına, insan kapitalının inkişafına və beynəlxalq standartlara uyğun ixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verəcəyinə əmin olduqlarını bildiriblər.

Oxşar xəbərlər

MÜSİAD Azərbaycanla VİDAL Özəl Sənaye Məhəlləsi arasında memorandum imzalandı
NDU-nun rektoru Elbrus İsayev media nümayəndələri üçün brifinq keçirib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər