Sülh Şurasının əhəmiyyəti - Azərbaycan qlobal masada söz sahiblərindən biri kimi - ŞƏRH
ABŞ-də fevralın 19-da Prezident Donald Tramp tərəfindən elan edilən Sülh Şurasının ilk iclası baş tutdu. İclasda Azərbaycan Prezidenti İlham Əliyev tədbirə ABŞ lideri tərəfindən şəxsən dəvət olunan liderlər sırasında idi. Bu, təsadüfi deyil, ilk növbədə, Azərbaycanın beynəlxalq sülh təşəbbüslərində oynadığı rolun göstəricisidir.
Azərbaycanın Sülh Şurasına təsisçi üzv dövlət qismində dəvət olunması ABŞ ilə strateji tərəfdaşlığın və dünyada sülhün təşviqində oynadığı əhəmiyyətli rolun təcəssümü kimi qiymətləndirilməlidir. Ağ Evin rəhbəri də Azərbaycan Prezidentini dünyada sülh gündəliyinin təşəbbüskarı və ən fəal təbliğatçılarından biri kimi Sülh Şurasına dəvət edib. İclasın gedişində Trampın bir neçə dəfə Azərbaycan liderinə xitab etməsi də bunun bariz göstəricisidir.
Prezidentliyi dövründə səkkiz münaqişəyə son qoyduğunu qeyd edən Tramp iki ölkə arasında çox vacib sülhə nail olduğunu və bunu heç vaxt unutmayacağını vurğulayıb. Regionda sülhün bərqərar olmasına görə Azərbaycan və Ermənistan liderlərinə təşəkkür edən ABŞ Prezidenti deyib:
"Bilirsiniz, istənilən müharibə sülhün bərqərar edilməsindən yüz dəfə baha başa gəlir. Orada, cərgənin sonunda bir adam oturub (Prezident İlham Əliyevə işar edir - müəl.). O gülümsəyir. Bu, otuzillik müharibədən sonra aydın oldu, elə deyilmi? Biz otuz ildən sonra müharibəyə son qoyduq. Bunun üçün Sizə təşəkkür etmək istəyirəm. Siz böyük iş gördünüz".
Dünyanın ən güclü dövlətinin liderinin səsləndirdiyi bu fikirlər Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, Prezident İlham Əliyevin sülh yaradan lider kimi fəaliyyətinə verilən yüksək qiymətdir.
Sülh Şurasının yaranma zərurəti
Sülh Şurası Yaxın Şərqdə sülhü möhkəmləndirmək baxımından önəmli platforma kimi qəbul edilir. Bu il Davosda Donald Trampla görüşü zamanı İlham Əliyev Sülh Şurasının qlobal münaqişələrin həllinə töhfə vermək baxımından önəmini qeyd edib. ABŞ-də baş tutan Sülh Şurasının ilk iclası da hər mənada tarixi sammit kimi qeyd olunmalıdır. Söhbət 70 ildən artıqdır, davam edən qanlı münaqişəyə son qoyulması, bölgəyə sülhün gətirilməsi, Qəzza zolağında münaqişədən sonra idarəetmə, yenidənqurma və təhlükəsizlik məsələlərinin həllinə töhfədən gedir.
Sülh Şurasının nizamnaməsinə əsasən, Qəzzada Sabitləşdirmə Qüvvələri yerləşdiriləcək. Bunun da bölgədə sülh və əmin-amanlığa töhfə verəcəyi şübhəsizdir.
Azərbaycan Prezident İlham Əliyev bu ilin 5 yanvar tarixində yerli mediaya verdiyi müsahibədə bu qüvvələrin tərkibinə qoşulmaq niyyətində olmadığını bəyan edib. Səbəb də var. Azərbaycan yeni müharibədən çıxmış ölkədir və hərbi kontingentin başqa bir münaqişə zonasına göndərilməsi məsələsi cəmiyyətdə müəyyən həssaslıq doğurur. Bu mövqe Azərbaycanın xarici siyasətində məsuliyyətli yanaşma, daxili ictimai rəyin nəzərə alınması və regional prioritetlərin qorunması prinsipinə əsaslanır. Azərbaycan öz praktiki təcrübəsindən çıxış edərək Qəzzada həyata keçirilən humanitar missiyalarda və investisiya layihələrində aktiv rol oynaya bilər.
Ölkəmiz münaqişədən sonrakı mərhələdə bərpa-quruculuq sahəsində əldə etdiyi təcrübəni beynəlxalq platformalarda bölüşmək imkanına malikdir. Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən genişmiqyaslı layihələr nümunə kimi nəzərdən keçirilə bilər. Azərbaycan həm BMT institutları vasitəsilə, həm də ikitərəfli əsasda Fələstinə humanitar yardımlar göstərib. Gələcəkdə də kommersiya şərtləri və investisiya layihələri əsasında Azərbaycan tərəfindən yatırımlar həyata keçirilə bilər.
Sülh Şurası ən əhəmiyyətli beynəlxalq təşkilata çevrilə bilər
Donald Tramp jurnalistlərə açıqlamasında "Sülh Şurası ən əhəmiyyətli beynəlxalq təşkilat ola bilər" deməklə faktiki olaraq yeni qlobal diplomatik platforma təşəbbüsünü gündəmə gətirib. Onun sözlərinə görə, dünya liderləri bu platformada iştirak edir, maliyyə yatırır və layihə təkcə Qəzza ilə məhdudlaşmayaraq qlobal sülh mexanizminə çevrilə bilər. Tramp, eyni zamanda, vurğulayıb ki, təşəbbüs BMT ilə koordinasiya şəraitində həyata keçiriləcək.
ABŞ Prezidentinin bu açıqlaması artıq beynəlxalq təhlükəsizlik sisteminin transformasiyası barədə strateji siqnaldır. Sülh Şurası təşəbbüsü alternativ və ya paralel təhlükəsizlik mexanizmi kimi görünür. Trampın açıqlamasından çıxan mümkün model BMT-dən fərqli olaraq bürokratik deyil, daha çevik və siyasi qərarvermə mərkəzini ehtiva edir.
Onu deyə bilərik ki, əgər Sülh Şurası Qəzzada idarəetmə və bərpa prosesini üzərinə götürərsə, bu, gələcəkdə digər münaqişəli ərazilər üçün də presedent yaradacaq. Ona görə də Sülh Şurası ideyası, əslində, qarşıdakı dövrdə böyük dəyişikliklərin göstəricisi sayıla bilər.
Beləliklə, Azərbaycan Prezidentinin də qatıldığı Sülh Şurasının ilk liderlər sammiti müasir beynəlxalq münasibətlər sisteminin tarixində həlledici dönüş nöqtələrindən biri kimi yaddaşlara həkk olunacaq.
Ağ Ev rəhbərinin "Sülh Şurası Qəzzadan daha irəli gedəcək və ən əhəmiyyətli beynəlxalq təşkilat ola bilər" bəyanatı açıq şəkildə göstərir ki, dünya ənənəvi diplomatiyadan praqmatik korporativ idarəetmə modelinə keçə bilər. Bu keçid prosesində Azərbaycanın strateji mövqeyi ölkəmizi yeni qlobal masada söz sahiblərindən birinə çevirir. Azərbaycan üçün Sülh Şurası real nəticələr verən mexanizmdir. Ən əsası, bu platforma vasitəsilə Azərbaycan Ermənistanla sülh prosesində öz mövqelərini möhkəmləndirmək imkanı qazanır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.05.2026)
-
AzTV məşhur emalatxanası ilə bağlı qərar verdi
-
Səudiyyə Ərəbistanı Yaxın Şərq və İran arasında təcavüzkarlıq paktının imzalanmasını təklif edib
-
İbrahim Əzizi: ABŞ və İsrail İrana qarşı müharibədə istəyinə nail ola bilməyib
-
ADY-də üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlandı













