1 saylı İxtisaslaşdırılmış Poliklinikada Laboratoriya şöbəsi açılıb
Far.Az xəbər saytı

1 saylı İxtisaslaşdırılmış Poliklinikada Laboratoriya şöbəsi açılıb


TƏBİB-in tabeliyində fəaliyyət göstərən Ağciyər Xəstəlikləri Mərkəzinin nəzdində olan 1 saylı İxtisaslaşdırılmış Poliklinikanın Laboratoriya şöbəsinin açılışı olub.

Qurumdan "Report"a verilən məlumata görə, açılış mərasimində TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva, Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nilufər Məmmədova, Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanov, Səhiyyə Nazirliyinin HIV/AIDS, Vərəm və Malyariya ilə mübarizə proqramının Layihə Əlaqələndirmə Bürosunun direktoru Yaşar Orucov, Laboratoriya şöbəsinin müdiri Şəfəq Qulami və Ağciyər Xəstəlikləri Mərkəzinin regional xəstəxanalarının baş həkimləri iştirak edib.

TƏBİB tərəfindən əhalinin laborator xidmətlərə əlçatanlığının artırılması, sahə üzrə müayinə nəticələrinin daha qısa müddətdə əldə olunması, vərəm xəstəliyinin erkən aşkarlanması, effektiv müalicə imkanlarının genişlənməsi məqsədilə vərəmin diaqnostikası üzrə ixtisaslaşmış üçüncü biotəhlükəsizlik səviyyəsinə (BSL-III) uyğun 1 saylı İxtisaslaşdırılmış Poliklinikanın Mikobakterioloji Laboratoriyası yeni binaya köçürülərək istifadəyə verilib.

Ümumi sahəsi 608 kvadrat metr olan, beynəlxalq standartlara uyğun təşkil edilən laboratoriyada sürətli molekulyar-genetik diaqnostik testlər, eləcə də I və II sıra vərəməleyhinə dərmanlara həssaslıq testləri icra olunacaq.

İnfeksiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə laboratoriyada yüksək və aşağı riskli sahələr, eyni zamanda sahələrarası keçid zonası yaradılıb.

Riskli zonada nümunələrin qəbulu otağı, proseslərin aparılması üçün iş otaqları, eləcə də digər molekulyar-genetik müayinələrin aparılması üçün xüsusi otaqlar ayrılıb və işçi sahələr biotəhlükəsizlik şkafları, "GeneXpert", "Truenat" və digər müasir cihaz, avadanlıqlarla təchiz olunub.

Təmiz zonada personal üçün iş otaqları və istirahət zonaları yaradılıb.

Bionümunələrin, izolyatların biotəhlükəsizlik qaydalarına uyğun saxlanılması, məlumatların və test nəticələrinin arxivləşdirilməsi üçün müvafiq şərait yaradılıb.

Laboratoriyada müasir və yüksək effektivliyə malik, o cümlədən yüksək riskli zonada mənfi təzyiqi təmin edən havalandırma sistemi qurulub.

"Həmçinin ölkədə ilk dəfə olaraq səyyar tibbi xidmət göstərmək üçün laboratoriyanın sərəncamında olan xüsusi avtomobildə quraşdırılmış, vərəmin sürətli molekulyar diaqnostikasında istifadə edilən və ən son diaqnostik avadanlıqlardan olan "Truenat" sistemi, o cümlədən "Pluslife Minidock" cihazı, "Rida screen" testləri istifadə olunacaq. Avtomobildə, həmçinin süni intellekt dəstəkli rəqəmsal səyyar rentgen avadanlığı da quraşdırılıb.

Laboratoriyada yüksək ixtisaslı həkim-laborantlar, mikrobioloqlar və təcrübəli orta tibb personalı fəaliyyət göstərir.

Məlumat üçün bildirək ki, sözügedən laboratoriya vərəm xəstəliyinin erkən aşkarlanmasında, effektiv müalicə imkanlarının genişlənməsində və ölkəmizdə vərəmlə mübarizə tədbirlərinin daha da gücləndirilməsində əhəmiyyətli rol oynayacaq", - məlumatda vurğulanıb.

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Bakıda Zəfər muzeyinin açılışı olub
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva Səhiyyə Nazirliyi 5 saylı Uşaq Vərəm Sanatoriyasını ziyarət edib
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər