"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
Far.Az xəbər saytı

"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?


"Sədərək" Ticarət Mərkəzində alıcı qıtlığının yaşandığı və sahibkarların çətinlik çəkdiyi iddia olunur.

BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a məlumat daxil olub.

İddialara görə, vaxtilə alıcı sıxlığı ilə tanınan bazarda hazırda ticarət xeyli zəifləyib. Sahibkarlar həm icarə haqlarını ödəməkdə, həm də alıcılığın azalması səbəbindən çətinlik çəkirlər.

Maraqlıdır, "Sədərək" TM-də alıcı qıtlığının yaranmasının səbəbi nədir? Alıcılar nə üçün artıq "Sədərək"ə üz tutmurlar? Alıcı qıtlığının yaşanması onlayn ticarətə marağın artması, yoxsa bazardakı qiymətlərin şəhərdəki mağazalardan fərqlənməməsi ilə bağlıdır?

Məsələ ilə bağlı Oxu.Az-a danışan marketoloq Elxan Mərdanlı bildirib ki, alıcının böyük bazara getmək qərarını bu gün daha çox qiymət fərqi müəyyən edir:

"Sədərək" və ya "Binə" bazarlarında eyni məhsulu xeyli ucuz almaq mümkündürsə, alıcı yol getməyə və vaxt sərf etməyə hazırdır. Qiymət fərqi azaldıqda isə evinə yaxın mağazadan almağı və ya onlayn sifariş etməyi üstün tuta bilər. Böyük bazarlar topdansatış və bir səfərdə bir neçə məhsul almaq istəyənlər üçün hələ də cəlbedicidir. "Sədərək"dən yayılan videolar isə ziyarətçi sayının və satışın nə qədər dəyişdiyini müəyyən etmək üçün kifayət etmir".

Marketoloq vurğulayıb ki, burada nəzərə alınmalı amillərdən biri quru sərhədlərində sərnişin keçidinə tətbiq edilən məhdudiyyətlərdir:

"Əvvəllər xüsusilə Dağıstandan, eləcə də Gürcüstandan quru yolla gəlib bu bazarlardan alış-veriş edən müştərilər var idi. Onların arasında həm şəxsi ehtiyacları üçün alış edənlər, həm də satış üçün mal götürən kiçik tacirlər olurdu. Quru yolla səfər imkanının məhdudlaşması həmin müştərilərin bir hissəsi üçün Bakıya alış-verişə gəlməyi çətinləşdirib. Bu təsir xüsusilə həmin alıcılarla müntəzəm işləyən satıcılarda hiss oluna bilər".

Elxan Mərdanlı malların idxal xərcləri məsələsinə də diqqət çəkib:

"Satış üçün gətirilən mal kommersiya idxalı qaydasında bəyan edilir və şəxsi istifadə üçün nəzərdə tutulan poçt və bağlama güzəşti ona şamil olunmur. Əvvəllər daha aşağı xərclə tədarük olunan məhsul üzrə tətbiq edilən gömrük ödənişləri və rəsmiləşdirmə xərcləri artdıqda, satıcı bu fərqin bir hissəsini son qiymətə keçirə bilər. Bu da müəyyən məhsul qruplarında bazarın qiymət üstünlüyünü azalda bilər. Təsirin ölçüsü məhsuldan və tədarük üsulundan asılıdır.

Ailə büdcəsində də dəyişiklik var. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin ilk on ayında istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5.6 faiz, qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə isə 6.8 faiz artıb. Gündəlik xərclər artanda ailələrin bir hissəsi geyim, ayaqqabı və ev əşyası alışını təxirə salır, daha ucuz variant axtarır və ya kampaniya gözləyir", - deyə ekspert bildirib.

"Sədərək" Ticarət Mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim Oxu.Az-a açıqlamasında səsləndirilən fikirlərə münasibət bildirib və yayılan iddiaları təkzib edib:

"Yayılan məlumatlar tamamilə yanlışdır. "Sədərək" Ticarət Mərkəzində işlər öz axarı ilə davam edir. Bəzi günlər alıcıların sayı az ola bilər. Ancaq həftəsonu burada adam əlindən tərpənmək olmur".

Kəmaləddin Qədim mağazaların bağlanması ilə bağlı iddiaların da həqiqəti əks etdirmədiyini bildirib:

"Gəlin, baxın, görün burada bağlı mağaza var? Mağazaların bağlanması ilə bağlı iddiaları birmənalı şəkildə təkzib edirəm".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər