Azərbaycan Türk dünyasının əsas birləşdirici aktorlarındandır - RƏY
Far.Az xəbər saytı

Azərbaycan Türk dünyasının əsas birləşdirici aktorlarındandır - RƏY


Yeni dünya nizamının formalaşdığı hazırkı dövrdə Türk dövlətləri birliyinin, həmrəyliyinin daha da möhkəmləndirilməsi əsas çağırışlar sırasındadır. Azərbaycan xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi birliyin gücləndirilməsinə, Türk Dövlətləri Təşkilatının (TDT) beynəlxalq nüfuzunun daha da artmasına davamlı töhfələri ilə diqqətdədir.

Bu fikirləri "Far.Az"a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin "Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur" çağırışı özündə bütün məqamları ehtiva edir: "Bunun üçün Azərbaycanın təşəbbüsləri fonunda Türk Dövlətləri Təşkilatının keçdiyi inkişaf yolunun xronologiyasına diqqət yetirmək kifayətdir. Təşkilat Avrasiya məkanında siyasi, iqtisadi və geostrateji təsir imkanlarını sürətlə artıran mühüm beynəlxalq platformalardan birinə çevrilib. Türk dövlətləri arasında ortaq tarixi, etnik, mədəni və mənəvi bağlılıq üzərində formalaşan əməkdaşlıq artıq keyfiyyətcə yeni mərhələyə daxil olub. Əgər əvvəlki dövrlərdə münasibətlərin əsasını daha çox mədəni-humanitar əlaqələr təşkil edirdisə, bu gün TDT siyasi koordinasiya, iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi, nəqliyyat-logistika, rəqəmsal transformasiya və regional təhlükəsizlik məsələlərini özündə birləşdirən çoxtərəfli strateji əməkdaşlıq platforması kimi çıxış edir".

V.Rəhimzadə vurğulayıb ki, bu prosesdə Azərbaycanın rolu xüsusi diqqət çəkir: "Prezident İlham Əliyev türkdilli ölkələrin dövlət və hökumət başçıları ilə qarşılıqlı səfərlər əsasında keçirdiyi görüşlərdə, Türk Dövlətləri Təşkilatının Zirvə toplantılarındakı çıxışlarında daim bildirir ki, təşkilatımız dünyanın aparıcı beynəlxalq təşkilatlarının sırasına daxil edilməlidir. Bu, bizdən asılıdır. Biz nə qədər səylər, birlik göstərsək, önəmli layihələrin icrasına nail olsaq və eyni zamanda, tərəfdaşlarımız üçün də önəmli imkanlar yaratsaq, beynəlxalq nüfuzumuz da, mövqelərimiz də, imkanlarımız da bir o qədər artacaq. Azərbaycan dövlətinin başçısı bu mühüm məqamı da xüsusi qeyd edir ki, dünyada bir çox beynəlxalq təşkilatlar var, ancaq etnik köklər üzərində yaranmış təşkilatların sayı o qədər də çox deyil. Bu, bizim çox böyük üstünlüyümüzdür. Ondan sonra coğrafiyamızdır, ölkələr arasındakı çox xoş və isti münasibətlərdir, vahid məqsədlərdir. Bu amilləri nəzərə alaraq təşkilatımızı daha da yüksək pilləyə qaldırmalıyıq. Dövlət başçısı təşkilatın inkişafında Zirvə görüşlərinin böyük əhəmiyyətə malik olduğunu önə çəkərək belə görüşlərin müntəzəm keçirilməsi fonunda Azərbaycanın təşəbbüsü ilə dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşlərinin də təşkil edildiyini bildirir. Birinci belə qeyri-rəsmi Zirvə görüşü Qarabağın incisi Şuşada keçirildi. Artıq bu, ənənə halını alıb. Dövlət başçılarının ildə ən azı iki dəfə görüşmələri bir daha göstərir ki, həm müzakirə edilməli məsələlər çoxdur, həm də dünyada proseslər o qədər sürətlə gedir ki, TDT-yə üzv ölkələrin daim məsləhətləşmələr aparmalarına, bir-birinin fikirlərini öyrənməyə və düzgün qərarların qəbul edilməsi üçün ortaq addımların atılmasına böyük ehtiyac var.

Milli Məclisin deputatı qeyd edib ki, bu ənənəyə uyğun olaraq ötən ilin mayında qeyri-rəsmi Zirvə görüşü Türk Dövlətləri Təşkilatında müşahidəçi statusuna malik olan Macarıstanda keçirildi. Həmçinin oktyabrda Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşü keçirildi: "Prezident İlham Əliyev Qəbələ Zirvə görüşündəki çıxışında "Ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir" söyləyərək, 1926-cı ildə Bakıda təşkil edilmiş Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulamış, 2026-cı ildə Birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif etmişdi

Artıq ənənəyə çevrilən qeyri-rəsmi Zirvə görüşləri çərçivəsində mayın 15-də Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşündəki çıxışında Prezident İlham Əliyev türk xalqlarının elmi-mədəni birliyinə böyük töhfə vermiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən Türk dünyası həftəsinin iyun ayında Bakıda keçiriləcəyini bildirdi və bu əminliyini ifadə etdi ki, tədbir xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək".

V.Rəhimzadənin sözlərinə görə, Türküstan Zirvə görüşü də mühüm çağırışları ilə beynəlxalq ictimaiyyətin diqqət mərkəzində oldu: "Tədbirin mövzusu bugünümüz və gələcəyimizlə bağlı mühüm hədəfləri özündə əks etdirir. Belə ki, "Süni intellekt və rəqəmsal inkişaf" mövzusunda müzakirələrin aparılmasına, ortaq məqsədlərin müəyyənləşdirilməsinə geniş imkanlar açan Türküstan Zirvə görüşündə Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın rəqəmsal suverenliyinin möhkəmləndirilməsi və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi əsas vəzifələrimizdən biridir. Bu məqsədlə Rəqəmsal İnkişaf Şurası, Milli Süni İntellekt Mərkəzi və Süni İntellekt Akademiyası yaradılıb. Ötən il ölkəmizdə Süni İntellekt Strategiyasının qəbul edildiyini diqqətə çatdıran dövlət başçısı onu da əlavə etdi ki, strategiyanın əsas məqsədləri sırasında süni intellekt sənayesinin inkişafı, ixtisaslı kadrların hazırlanması və süni intellektin dövlət idarəçiliyində geniş tətbiqi yer alır. Ölkəmizdə sabit genişzolaqlı internetin əhatəsi 100 faizə çatdırılmışdır. Bütün dövlət xidmətlərinin vahid rəqəmsal platforma üzərindən həyata keçirilməsi istiqamətində işlər davam edir. Bununla yanaşı, süni intellektdən məsuliyyətli istifadənin təmin edilməsi, onun qanunazidd məqsədlər üçün istifadəsinin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir. Rəqəmsal inkişaf sahəsində türk dövlətləri ilə əməkdaşlıq uğurla davam edir. Avropa ilə Asiya arasında "Rəqəmsal İpək Yolu" layihəsi icra olunur. Bu layihənin tərkib hissəsi olan, Azərbaycan ilə Qazaxıstan arasında Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır".

Deputat bildirib ki, bütün dövrlərdə əsas çağırış Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun möhkəmləndirilməsidir: "Dövlət başçısı İlham Əliyev Türküstan Zirvə görüşündə bir daha bildirdi ki, ailəmiz olan Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir. Azərbaycan bundan sonra da Türk Dövlətləri Təşkilatının möhkəmləndirilməsi naminə səylərini əsirgəməyəcək. Yaxın günlərdə Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində Türk Dövlətləri Təşkilatının şəhərsalma üzrə yüksəksəviyyəli dialoqunun təşkil ediləcəyi də diqqətə çatdırıldı".

V.Rəhimzadə qeyd edib ki, Zirvə görüşü çərçivəsində qəbul olunan Türküstan Bəyannaməsi Türk dünyasının birliyinə, gələcək inkişafına yönələn çağırışları özündə ehtiva edir: "Türküstan Zirvə görüşü bu reallığı bir daha təsdiqlədi ki, Azərbaycan Türk Dövlətləri Təşkilatında hər zaman fəal və təşəbbüskar mövqeyi ilə diqqət mərkəzindədir. Prezident İlham Əliyevin Türk dünyasının birliyi ilə bağlı irəli sürdüyü təşəbbüslər təşkilat daxilində yüksək qiymətləndirilir. Hazırda Türk dünyası geniş coğrafiyanı, böyük iqtisadi potensialı, zəngin enerji resurslarını və strateji tranzit imkanlarını özündə birləşdirən mühüm geosiyasi məkan kimi çıxış edir. Bu amillər Türk Dövlətləri Təşkilatını beynəlxalq münasibətlər sistemində artan təsir imkanlarına malik çoxtərəfli əməkdaşlıq platformasına çevirir. Təşkilata üzv dövlətlər arasında ikitərəfli əlaqələrin bütün istiqamətlərdə uğurla inkişafı onların ümumilikdə ortaq hədəfə doğru inamla addımlamalarına stimul verir. Prezident İlham Əliyev Azərbaycan-Qazaxıstan münasibətlərinin timsalında qeyd etdi ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın işğaldan azad edildikdən sonra qardaşlaşdığı ilk şəhər Türküstan şəhəri oldu. Qədim şəhərlərimiz də xalqlarımız kimi qardaşdır. Qazaxıstan ilə Azərbaycan arasındakı sıx əlaqələri nümayiş etdirmək üçün təkcə Prezidentlər səviyyəsində həyata keçirilən qarşılıqlı səfərləri göstərmək olar. Son 5 ildə bu, mənim Qazaxıstana səkkizinci səfərimdir. Prezident Kasım-Jomart Tokayev isə Azərbaycana altı dəfə səfər etmişdir. Dörd il əvvəl imzalanmış Birgə Bəyannamə əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırıb".

Oxşar xəbərlər

İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər