Dirk Lölke: Azərbaycan və Almaniya strateji gündəliyin praktiki icrasına keçir - MÜSAHİBƏ
Far.Az xəbər saytı

Dirk Lölke: Azərbaycan və Almaniya strateji gündəliyin praktiki icrasına keçir - MÜSAHİBƏ


Almaniya-Azərbaycan münasibətləri son illərdə yeni təkan alıb. Buna "İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə"nin imzalanması da öz töhfəsini verib. Tərəflər iqtisadiyyat, energetika, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər, Azərbaycan-Almaniya İşgüzar Şurasının yaradılması isə işgüzar əlaqələrə əlavə dinamika verməlidir.

Almaniyanın Azərbaycandakı səfiri Dirk Lölke "Report"a müsahibəsində diplomatik missiyasının prioritetləri, ikitərəfli əməkdaşlığın perspektivləri və əldə olunmuş razılaşmaların həyata keçirilməsinə dair planlar barədə danışıb.

- Siz bu yaxınlarda Almaniyanın Azərbaycandakı səfiri vəzifəsinin icrasına başlamısınız. Bakıdakı diplomatik missiyanızın əsas prioritetlərini nədə görürsünüz?

- Prezident İlham Əliyevin iyul ayında Berlinə etdiyi uğurlu səfərdən qaynaqlanaraq, mənim diplomatik missiyam ikitərəfli tərəfdaşlığımızın üç əsas prioritetini – təhlükəsizlik, enerji və xalqlararası əlaqələri möhkəmləndirməyə yönələcək.

Təhlükəsizlik sahəsində Almaniya dialoqun və regional sabitliyin təşviqinə sadiq qalır. Enerji məsələsinə gəldikdə isə biz ənənəvi resurslardan bərpaolunan enerjiyə və iqlim dayanıqlılığına keçid etməklə bu əhəmiyyətli əməkdaşlığımızı genişləndirmək niyyətindəyik.

Bununla yanaşı, mədəni və akademik bağlarımızı dərinləşdirmək, gənclərimiz üçün mübadilə və peşəkar inkişaf imkanları yaratmaq arzusundayam. Milli bayramımızı – Alman Birliyi Gününü oktyabrın 3-də Bakıda qeyd etməyi səbirsizliklə gözləyirəm.

- Azərbaycanla əməkdaşlığın hansı sahələrini yaxın illərdə əhəmiyyətli dərəcədə genişləndirmək istərdiniz?

- Almaniya və Azərbaycan arasında artıq yüksək səviyyədə qurulmuş uğurlu və çoxşaxəli tərəfdaşlıq əlaqələri mövcuddur və bizim məqsədimiz tamamilə yeni istiqamətlərə diqqət yetirməkdənsə, məhz bu möhkəm təməl üzərində irəliləməkdir.

Gələcəyə nəzər saldıqda, biz iqtisadi əlaqələrin və ikitərəfli ticarətin daha da dərinləşdirilməsində böyük potensial görürük. Bu, xüsusilə bazarın şaxələndirilməsinin dəstəklənməsi, dayanıqlı sənaye tərəfdaşlığının təşviqi və hər iki ölkədə kiçik və orta müəssisələr arasında əməkdaşlığın gücləndirilməsi yolu ilə həyata keçirilə bilər.

- Almaniya-Azərbaycan hökumətləri nümayəndələrinin yeni qarşılıqlı səfərləri ilə bağlı artıq hər hansı razılaşmalar varmı?

- Son bir il ərzində birgə layihələrimizin irəliləməsi üçün işçi qruplar səviyyəsində bir çox səfər həyata keçirilib.

Məsələn, Almaniya-Cənubi Qafqaz Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupu bu il geniş müzakirələr aparmaq üçün Bakıya səfər edib. Yüksək səviyyəli rəsmi görüşlər də müntəzəm olaraq baş tutur.

Səfirliyimiz hər iki istiqamətdə qarşılıqlı səfərlərin sayının artırılması üçün fəal çalışır və yeni nümayəndə heyətlərini qəbul etməyə həmişə hazırdır.

- Almaniya və Azərbaycan iyulun 21-də "İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə" imzalayıb. Yeni strateji gündəliyin hansı sahələrini ən perspektivli hesab edirsiniz və onun həyata keçirilməsi üçün hansı addımlar planlaşdırılır?

- Prezident İlham Əliyevin Berlinə səfəri zamanı imzalanan Strateji Gündəlik tərəfdaşlığımızı yeni səviyyəyə qaldırır və ən geniş potensial məhz iqtisadi əməkdaşlığımızdadır. Digər sahələrlə yanaşı, "yaşıl enerji"yə keçid, Orta Dəhliz bağlantısı, kənd təsərrüfatı və müasir peşə təhsili bu müstəvidə perspektivli imkanlar yaradır.

Bu hədəfləri reallığa çevirmək üçün artıq konkret, praktiki addımlar atılıb. Ölkələrimiz arasında biznes əlaqələrini dərinləşdirmək məqsədilə yeni Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması buna bariz nümunədir. Bununla yanaşı, biz əldə olunmuş müsbət dinamikanı qoruyub saxlamaq və strateji gündəliyin icrasını nəzərdən keçirmək üçün müntəzəm siyasi məsləhətləşmələr keçirməyi planlaşdırırıq.

- Almaniya-Azərbaycan əməkdaşlığı çərçivəsində 2026-cı ilin sonunadək və 2027-ci ildə hansı konkret yeni layihələr və ya investisiya qərarları gözlənilir?

- Son aylar və illər ərzində hər iki tərəf biznes sahəsində əməkdaşlığın genişləndirilməsi üçün möhkəm zəmin yaradıb.

Ötən ilin iyun ayında bir tərəfdən Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), digər tərəfdən isə Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK) və Almaniya Şərqi Biznes Assosiasiyası arasında razılaşdırılmış "yol xəritəsi"ndə artıq konkret imkanlar müəyyən edilib.

Prezident İlham Əliyevin Berlinə səfəri çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə AHK və Almaniya Şərqi Biznes Assosiasiyasının icraçı direktorları arasında imzalanmış və Almaniya-Azərbaycan Biznes Şurasının yaradılmasını nəzərdə tutan Birgə Bəyannamə bu yolda mühüm mərhələ olub.

Konkret investisiya və layihə qərarları, təbii ki, özəl şirkətlər tərəfindən qəbul ediləcək, lakin strateji qiymətləndirmələr və koordinasiya üçün zəruri çərçivə və platforma artıq mövcuddur.

- Tərəflər Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması barədə razılığa gəliblər. Şura nə vaxt fəaliyyətə başlayacaq və hansı sahələr onun əsas prioritetləri ola bilər?

-Azərbaycan-Almaniya Biznes Şurasının strateji platforma kimi təsis edilməsi mühüm nailiyyət oldu.

Birgə Bəyannamə imzalandıqdan sonra vacib struktur və idarəetmə qərarları qəbul edilib. Şuranın ilk iclası artıq yaxın vaxtlarda keçiriləcək və bundan sonra qurum öz fəaliyyətinin prioritetlərini müəyyənləşdirəcək.

Məmnunluqla qeyd etmək olar ki, Almaniya-Azərbaycan iqtisadi əməkdaşlığı nəqliyyat və logistika, kənd təsərrüfatı və qida sənayesindən tutmuş bərpaolunan enerjiyədək böyük potensiala malik geniş spektrli sahələri əhatə edir.

- Almaniya artıq uzunmüddətli müqavilələr əsasında Azərbaycan qazını alır. Almaniya Azərbaycan qazının tədarükünün həcminin daha da artırılması və yeni uzunmüddətli müqavilələrin bağlanması perspektivlərini nəzərdən keçirirmi?

- Azərbaycan enerji təchizatı və enerji təhlükəsizliyi baxımından Almaniya və Avropa üçün mühüm tərəfdaş olaraq qalır.

Bir neçə gün əvvəl Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Almaniyanın enerji şirkətləri azərbaycanlı tərəfdaşları ilə əlavə müqavilələr imzalayıb və bununla Azərbaycanla əməkdaşlığa davamlı maraqlarını nümayiş etdiriblər.

- Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər etməyi planlaşdırırsınızmı? Bilavasitə yerindəcə hansı məsələlərlə yaxından tanış olmaq istərdiniz?

- Bəli, Azərbaycan hökumətinin dəvəti ilə oktyabr ayının əvvəlində həmin bölgəyə səfər etməyi planlaşdırıram. Bu səfər mənə yerindəcə vəziyyətlə bağlı şəxsi təəssürat əldə etməyə, eləcə də Almaniyanın regionda davam edən sülh prosesinə necə töhfə verə biləcəyini anlamağa imkan yaradacaq.

Yerlərdəki vəziyyətlə bilavasitə tanışlıq bizə infrastrukturun yenidən qurulması, icmaların bərpası və Cənubi Qafqazda hər kəsin rifahına xidmət edəcək dayanıqlı sülhün təmin edilməsi ilə bağlı praktiki vəzifələri daha yaxşı anlamağa kömək edəcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər