İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
Far.Az xəbər saytı

İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB


Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 12-də Kamboca Krallığının Baş naziri Hun Manet ilə geniş tərkibdə görüşü olub.

"Far.Az" xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi: Cənab Baş nazir, hörmətli qonaqlar, bir daha Azərbaycana xoş gəlmisiniz. Sizi qəbul etməyə çox məmnunam, ölkəmizə rəsmi səfərə gəlmək barədə dəvətimi qəbul etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm.

Biz elə indicə ikitərəfli gündəliyimizin geniş məsələləri ilə bağlı yaxşı müzakirələr apardıq. Əminəm ki, tərəfdaşlığımızı gücləndirmək üçün böyük potensial mövcuddur. Elə indicə keçirdiyimiz görüşdə qeyd etdiyim kimi bizim çox yaxşı siyasi münasibətlərimiz var və müxtəlif sahələrdə tərəfdaşlıq üzrə geniş yol xəritəsini hazırlamaq üçün bu münasibətlərdən, həmçinin Sizin Azərbaycana rəsmi səfərinizdən faydalanmalıyıq. Biz qarşılıqlı əlaqələrimizin bəzi vacib sahələrini artıq müzakirə etdik və əminəm ki, daha çox sahələr olacaq. Əlbəttə ki, dostluğumuzu nümayiş etdirən səfəriniz ikitərəfli təmasların bütün imkanlarını kəşf etmək üçün yaxşı fürsət yaradacaq. İstər ticarət, investisiyalar, birgə istehsal, enerji təhlükəsizliyi olsun, istərsə də bir çox digər sahələr.

Eyni zamanda, AQEM sammitində iştirak etmək üçün mənim dəvətimi qəbul etdiyinizə görə təşəkkürümü bildirirəm. Bu sammit tezliklə keçiriləcək. İlk dəfədir ki, Azərbaycan bu tədbirə ev sahibliyi edir. Bildiyiniz kimi, sədrliyimiz yekdilliklə dəstəklənmişdir. Biz bunu üzv dövlətlərin suverenliyə və müstəqil mövqeyə əsaslanan siyasətimizə hörmətin aydın təzahürü hesab edirik. Ümid edirəm ki, bu önəmli beynəlxalq tədbir regionumuzda, daha geniş Avrasiya regionunda təhlükəsizliyə töhfə verəcək. Düşünürəm ki, bütün ölkələrin buna ehtiyacı var.

Cənab Baş nazir, bir daha xoş gəlmisiniz. Çox şadam ki, bizi böyük nümayəndə heyəti ilə ziyarət edirsiniz. Bütün qonaqlarımıza Azərbaycanda yaxşı vaxt keçirməyi arzulayıram. Əminəm ki, səfər dostluğumuzu və əməkdaşlığımızı gücləndirəcək yaxşı nəticələrə gətirib çıxaracaq.

Baş nazir Hun Manet: Cənab Prezident, məni AQEM sammitində iştirak etməyə və eyni zamanda, rəsmi səfərə dəvət etdiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirirəm. Sizin gözəl ölkənizi ziyarət etmək imkanına görə çox şadam. Bu vaxtadək mənə və nümayəndə heyətimə göstərilən qonaqpərvərliyə görə təşəkkür edirəm. Elə indicə müzakirə etdiyimiz kimi bizim otuz ildən də artıq bir müddət əvvəl əsası qoyulmuş qarşılıqlı əlaqələrin və əməkdaşlığın genişləndirilməsi üçün çoxlu imkanlarımız var.

Fürsətdən istifadə edərək, Kamboca Kralı Norodom Sihamoninin və Kambocanın sabiq Baş naziri Hun Senin salamlarını Zati-alinizə çatdırmaq istəyirəm. Mən müzakirələrimizi, - elə indicə müzakirə etdiyimiz mövzuların, sadəcə müzakirələr yox, birlikdə əməkdaşlığı genişləndirmək üçün ölkələrimizin atacağı addımların müzakirəsini, - davam etdirməyi səbrsizliklə gözləyirəm.

Cənab Prezident, dəvətiniz üçün bir daha təşəkkür edirəm.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Mənim də salamlarımı Əlahəzrət Krala və on iki il bundan əvvəl bu binada görüşdüyüm sabiq Baş nazirə, Senatın sədrinə də çatdırın.

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 12-də Kambocanın Baş naziri Hun Manet ilə geniş tərkibdə görüşü olub.

Bu barədə "Far.Az"un əməkdaşı xəbər verib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər