Ümumtəhsil məktəblərində vahid geyim forması: hüquqi əsaslar və beynəlxalq təcrübə
Təhsil hər bir dövlətin gələcəyini müəyyənləşdirən, cəmiyyətin intellektual potensialının formalaşmasında mühüm rol oynayan strateji sahədir.
Bu sahədə həyata keçirilən islahatlar yalnız tədrisin keyfiyyətinin yüksəldilməsini deyil, eyni zamanda məktəblərdə sağlam mənəvi-psixoloji mühitin yaradılmasını, şagirdlərdə məsuliyyət hissinin gücləndirilməsini və ümumi davranış qaydalarına hörmətin aşılanmasını nəzərdə tutur.
Ümumtəhsil məktəblərində vahid məktəbli formasının tətbiqi təhsil mühitinin təşkili, məktəbdaxili nizam-intizamın qorunması və şagirdlər arasında bərabərlik prinsipinin təşviqi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan da vahid geyim formasının tətbiqi ilə bağlı Nazirlər Kabinetinin qərarı bir çox aspektləri ilə mühüm əhəmiyyət daşıyır. Həmin sənəddə nə əks olunub. Belə ki, Baş nazir Əli Əsədov tərəfindən sentyabrın 21-də imzalanan "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"ndə dəyişiklik edilməsi haqqında Qərara əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir.
Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilməsinə yol verilir. Eyni zamanda, valideynlər və ya digər qanuni nümayəndələr övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) tərəfindən geyim forması ilə bağlı tələblərə riayət olunmasını təmin etməlidirlər.
İlk növbədə bu qərar təhsil mühitində nizam-intizamın möhkəmləndirilməsi, şagirdlər arasında bərabərliyin təşviqi və məktəbə məxsusluq hissinin gücləndirilməsini nəzərdə tutur. Və bu baxımdan da vahid məktəbli formasının tətbiqini hüquqların məhdudlaşdırılması və ya qanunsuz qərar kimi təqdim etmək kökündən yanlışdır.
Vahid məktəbli forması ilə bağlı qərarı rəyi soruşduğumuz müəllimlərin əksəriyyəti dəstəkləyir. Bu məsələ ilə bağlı mövqelərini bölüşən təhsil işçiləri öz fikirlərini "Report"a bölüşüblər.
"Report"a açıqlamasında rektor qeyd edib ki, müəllimlərin vahid geyim məsələsinə təhsil mühitində peşəkarlıq, etik davranış və müəllim nüfuzunun qorunması baxımından yanaşmaq lazımdır:
"Müəllim yalnız bilik verən deyil, həm də öz davranışı, ünsiyyəti və xarici görünüşü ilə şagirdlərə nümunə olan şəxsdir. Bu baxımdan, müəllimin geyimi məktəbin ümumi mədəniyyətinin və təhsil mühitinə münasibətinin müəyyən göstəricilərindən biri sayıla bilər. Vahid geyim yanaşması kollektivdə nizam-intizamı və peşə həmrəyliyini gücləndirə, müəllim peşəsinin ictimai nüfuzuna müsbət təsir göstərə bilər".
Təhsil sahəsində münasibətlər müvafiq qanunlar və normativ hüquqi aktlarla tənzimlənir
Əvvəla, qeyd edək ki, Azərbaycan Respublikasında təhsil sahəsində münasibətlər müvafiq qanunlar və normativ hüquqi aktlarla tənzimlənir. Bundan əlavə, Konstitusiyamızın 7-ci maddəsinə görə, Azərbaycan dünyəvi respublikadır. Digər bir maddə - 18-ci maddəyə görəsə, din dövlətdən ayrıdır və dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. O cümlədən vicdan azadlığı 48-ci maddə ilə qorunur. Lakin bu azadlıq dövlət institutunun neytrallığını ləğv etmir.
"Təhsil haqqında" Qanuna gəldikdə, təhsilalanların hüquq və vəzifələrini, təhsil müəssisələrinin fəaliyyət prinsiplərini və təhsil prosesinin təşkilinin ümumi əsaslarını müəyyən edir. Məktəblərdə geyim qaydalarının müəyyənləşdirilməsi də təhsil müəssisəsində vahid yanaşmanın formalaşdırılması ilə əlaqəlidir. Burada məqsəd yalnız şagirdlərin necə geyinməsini müəyyənləşdirmək deyil, həm də təhsil müəssisəsinin daxili qaydalarına riayət olunmasını təmin etməkdir. Vahid geyim məktəbdə ümumi intizamın, məsuliyyət hissinin və təhsil mühitinə uyğun davranış mədəniyyətinin formalaşmasına xidmət edə bilər. Yeni tələblərə əsasən, şagirdlərin müəyyən edilmiş geyim formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir.
Bununla belə, hüquqi baxımdan mühüm məqam ondan ibarətdir ki, konkret geyim tələbləri səlahiyyətli qurumların müəyyən etdiyi qaydalara əsaslanmalı, məktəblər tərəfindən özbaşına və qanunvericiliyə zidd məhdudiyyətlərə çevrilməməlidir. Deməli, vahid formanın tətbiqinin qanuniliyi təkcə onun məqsədi ilə deyil, həm də tətbiq mexanizmi ilə müəyyən edilir.
Yeri gəlmişkən, məktəbli formasının tətbiqində valideynlərin üzərinə düşən məsuliyyət də qanunvericilikdə öz əksini tapır. Valideynlər övladlarının təhsil prosesində iştirakını təmin etməklə yanaşı, məktəbdə qüvvədə olan qanuni tələblərə əməl etmələrinə də dəstək göstərməlidirlər.
Onun sözlərinə görə, bunu modern və müstəqil dövlət modelinin, güclü maarifçilik xəttinin göstəricisi kimi qəbul etmək lazımdır:
"Yetkinlik yaşına çatan hər kəs öz həyat tərzini və dünyagörüşünü sərbəst şəkildə müəyyənləşdirə bilər. Lakin məktəb həmişə toxunulmaz bir elm məbədi kimi qalmalıdır. Məktəbli partası arxasında hər hansı açıq saçıqlıq, yaxud simvol xarakteri daşıyan geyim elementlərinin istifadəsi qəbul edilmir. Vahid məktəbli forması məhz bu bərabər başlanğıcın təməli olmalı, valideynin sosial imkanlarını, dünyagörüşünü sərgiləməməlidir. Şagird zəkası, elmi marağı və fərdi istedad və bacarıqları ilə dəyər qazanmalıdır. Düşünürəm ki, həm valideynlərlə, həm şagirdlərlə bu istiqamətdə maarifləndirici söhbətlərin aparılması labüddür".
Beynəlxalq təcrübə nə göstərir?
Bununla bağlı dünyanın müxtəlif ölkələrində məktəbli geyimi ilə bağlı fərqli modellər mövcuddur. Bəzi dövlətlərdə vahid forma geniş şəkildə tətbiq olunur, digərlərində isə məktəblərin öz geyim qaydalarını müəyyənləşdirməsinə üstünlük verilir. Bu fərqlər ölkələrin təhsil ənənələri, hüquqi sistemi, mədəni xüsusiyyətləri və məktəb idarəçiliyinin təşkili ilə bağlıdır.
Məsələn, Yaponiyada da vahid geyim bir sıra təhsil müəssisələrində geniş yayılıb. ABŞ-də isə yanaşma məktəblər və məktəb dairələri üzrə dəyişir: bəzi müəssisələr uniforma tətbiq etdiyi halda, digərlərində ümumi geyim standartları ilə kifayətlənilir. Fransada dövlət məktəblərində dini mənsubiyyəti açıq şəkildə nümayiş etdirən simvol və geyimlərə məhdudiyyət tətbiq olunur.
Avropa İnsan Hüquqları Məhkəməsi 2008-ci ildə Dogru Fransaya qarşı və Kervanci Fransaya qarşı işlərində bədən tərbiyəsi dərslərində hicablarını çıxarmaqdan imtina edən şagirdlərlə bağlı işlər üzrə Avropa İnsan Hüquqları Konvensiyasının 9-cu maddəsinin pozulmadığı qənaətinə gəlib. Məhkəmə konkret hallarda məktəbin təhlükəsizlik və daxili qaydalarla bağlı əsaslandırmasını nəzərə alıb.
Böyük Britaniyada isə məktəbli forması bir çox məktəbdə ənənəvi yanaşma kimi qorunur. Belçikada təhsil sahəsində qaydalar ölkənin icmaları üzrə fərqlənə bilir. Flaman icmasının rəsmi təhsil sistemində görünən dini və ideoloji simvolların istifadəsinə məhdudiyyət qoyulması hicabla bağlı hüquqi mübahisələrə səbəb olub.
2024-cü il mayın 16-da Avropa İnsan Hüquqları Məhkəməsi Mikyas və digərləri Belçikaya qarşı işində Flaman icmasının dövlət təhsil sistemində hicab qadağasından şikayət edən üç gənc qadının ərizəsini qəbuledilməz elan edib.
Avstriya hazırda bu sahədə ən aktual nümunələrdən biridir. 2026-cı il sentyabrın 1-dən etibarən ölkədə 14 yaşını tamamlamamış qız şagirdlərin İslam ənənələrinə uyğun baş örtüyü taxmasına dövlət və özəl məktəblərdə qadağa qüvvəyə minib.
Qardaş Qazaxıstan və Özbəkistanda da artıq illərdir ki, məktəblərdə vahid məktəbli forması tətbiq edilir və bu geyim tərzində baş örtüyü yoxdur: Türkmənistanda isə məktəblərə türkmən milli geyimində gedilir və ora ənənəvi "türkmən çalması" istifadə edilir".
Nəticə etibarilə, ümumtəhsil məktəblərində vahid məktəbli formasının tətbiqi yalnız geyim qaydalarının müəyyənləşdirilməsi ilə məhdudlaşmır. Bu yanaşma məktəbdə nizam-intizamın möhkəmləndirilməsi, şagirdlər arasında sosial fərqlərin ön plana çıxmasının qarşısının alınması, kollektiv ruhunun gücləndirilməsi və təhsil mühitində vahid prinsiplərin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Məktəb ilk növbədə bilik, tərbiyə, dünyagörüşü və şəxsiyyətin formalaşdığı məkandır.
Buna görə də təhsil müəssisələrində diqqətin şagirdlərin geyiminə deyil, onların öyrənməsinə, davranışına və nailiyyətlərinə yönəlməsi əsas prioritet olmalıdır. Unutmaq olmaz ki, məktəbdə vahidlik yalnız geyimlə ölçülmür. Əsl vahidlik müəllimə hörmətdə, tədrisə münasibətdə, davranış mədəniyyətində, qarşılıqlı anlaşmada və hər bir şagirdə bərabər yanaşmada özünü göstərir. Məktəbli forması isə bu dəyərləri tamamlayan, təhsil müəssisəsinin ümumi qayda və prinsiplərini görünən şəkildə ifadə edən vasitələrdən biridir.
"Report" Analitik Qrupu
Oxşar xəbərlər
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Vəkil: Vahid məktəbli forması şagirdlər arasında ayrı-seçkiliyin qarşısını almaq üçün legitim məqsəd daşıyır
Məktəblərdə ilk dərs günü həyəcanı - FOTOREPORTAJ
"Ümumi təhsil haqqında" Qanuna təklif olunan dəyişikliklər nələri ehtiva edir?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Instagram" və "TikTok"un fəaliyyətində problem yarandı
-
Gəncədə ata oğlunu qətlə yetirməkdə şübhəli bilinir
-
Azərbaycanın böyüklərdən ibarət sərbəst güləş millisi Qubada toplanışa başlayıb
-
Masazırda motosikletlə avtomobil toqquşub, iki nəfər ölüb
-
Pakistan hərbçiləri Əfqanıstanla sərhəddə 12 silahlını zərərsizləşdirib
-
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb













