AFFA rəsmisi Edmond Klaus: "Aşağı yaş qruplarındakı islahatlar futbolçuların inkişafına xidmət edir"
Far.Az xəbər saytı

AFFA rəsmisi Edmond Klaus: "Aşağı yaş qruplarındakı islahatlar futbolçuların inkişafına xidmət edir"


Azərbaycanda uşaq liqalarında tətbiq olunan yeni oyun formatları futbolçuların fərdi keyfiyyətlərinin və oyun intensivliyinin artırılmasına yönəlib.

"Far.Az" xəbər verir ki, bunu AFFA-nın Texniki Departamentinin rəhbəri Edmond Klaus jurnalistlərə açıqlamasında deyib.

O, qısa müddətdə keçirilən oyunların gənc futbolçular üçün böyük təcrübə olduğunu bildirib:

"Qısa müddətdə 10 matç oynamaq və hər rəqibə fərqli taktikayla hazırlaşmaq gənc futbolçular üçün inanılmaz təcrübə oldu. Ölkədaxili çempionatda uşaqlar Haiti və Avstraliya kimi müxtəlif futbol məktəblərinin nümayəndələrinə qarşı o qədər də tez-tez oynamaq imkanı əldə etmirlər. Ölkədə 189 ölkənin qatıldığı belə bir turnirin yüksək səviyyədə təşkil olunması böyük hadisədir".

Aşağı yaş qruplarında görülən işlərə toxunan departament rəhbəri seleksiya prosesinin şəffaf təşkil edildiyini vurğulayıb:

"İyun ayında fəaliyyətə başlayanda aşağı yaş qrupları üzrə yalnız iki milli komanda (U-17 və U-19) var idi. Hazırda isə U-15, U-16, U-17, U-18, U-19 və U-21 yığmalarının yeni məşqçi təyinatları reallaşıb, həmçinin dövlət layihəsi kimi U-20 komandası formalaşdırılıb. Məşqçilərin seçimi AFFA-nın rəsmi saytı vasitəsilə elan olunan vakansiyalar əsasında aparılıb. Seleksiya prosesinə federasiyanın bütün texniki əməkdaşları, Məşqçilər Komitəsi və skautinq şöbəsi cəlb olunub".

E.Klaus Niderlandın turnirdə təmsil olunmamasının səbəbinə aydınlıq gətirib:

"Niderland Kral Futbol Assosiasiyası U-15 və U-16 milli komandalarının fəaliyyətini dayandırıb. Orada klub akademiyalarının səviyyəsi yüksək olduğu üçün rəsmi seçmə mərhələlərin başladığı U-17 yaş qrupundan etibarən milli komanda sisteminə start verilməsi üstün tutulur".

O, uşaq liqalarındakı qayda dəyişikliklərinin səbəblərini açıqlayıb:

"Meydança və qapı ölçülərinin, eləcə də oyunçu sayının dəyişdirilməsi uşaqların topa daha çox toxunmasına, oyun intensivliyinin artmasına xidmət edir. Bu yeniliklər bir il müddətinə tətbiq olunur. Dekabrda Premyer Liqa klublarının akademiya direktorları ilə görüşüb aralıq nəticələri müzakirə edəcəyik. Mövsümün sonunda toplanan datalar müqayisə olunacaq və ehtiyac yarandıqda müvafiq düzəlişlər ediləcək".

AFFA rəhbəri yeni idman infrastrukturunun əhəmiyyətini qeyd edib:

"Qısa müddətdə 10 meydançadan ibarət müasir kompleksin istifadəyə verilməsi ölkə futbolu üçün böyük dəstəkdir. Bu bazadan yalnız milli komandalar deyil, digər yarışlar və uşaq çempionatları üçün də səmərəli istifadə olunacaq".

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Niderlandlı mütəxəssis Edmond Klaus AFFA-nın texniki direktoru təyin edilib
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər