AQP Bakının mənzil bazarı üzrə yeni rəqəmsal layihələrini təqdim edib
Far.Az xəbər saytı

AQP Bakının mənzil bazarı üzrə yeni rəqəmsal layihələrini təqdim edib


Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) "Qiymət xəritəsi", "Paytaxtın dinamik qiymətləndirilməsi - daşınmaz əmlak rolik" və "Bakının zonalar üzrə xəritəsi" adlı layihələrini istifadəyə təqdim edib.

Palatadan "Far.Az"a verilən məlumata görə, yeniliklər AQP-nin rəsmi internet portalında - aqp.gov.az-da yerləşdirilib.

Bildirilib ki, layihələr mənzil bazarının qiymət göstəricilərini müxtəlif coğrafi və zaman kəsimlərində izləməyə, ərazilər üzrə müqayisələr aparmağa və daşınmaz əmlakın bazar dəyərini daha detallı təhlil etməyə imkan verir.

Yeni təqdim olunan "Qiymət xəritəsi" mənzil bazarına dair məlumatları rayon, metro stansiyaları, qəsəbə, küçə və yaşayış kompleksi səviyyəsində əks etdirir. Platformada yeni və köhnə tikililər, təmirli və təmirsiz mənzillər üzrə bir kvadratmetrin median təklif qiymətini izləmək mümkündür. Xəritənin əsas üstünlüklərindən biri qiymət zonalarının inzibati sərhədlərə deyil, bazarın faktiki coğrafiyasına və ərazilər arasındakı qiymət fərqlərinə əsasən müəyyənləşdirilməsidir.

"Qiymət xəritəsi"nin funksionallığı yalnız cari qiymətlərin göstərilməsi ilə məhdudlaşmır. İstifadəçilər otaqların sayına, köhnə tikililərin bina seriyalarına və mənzillərin vəziyyətinə görə seçim edə, küçə və yaşayış kompleksləri üzrə qiymətləri müqayisə edə bilərlər. Platformada yer alan "Bu büdcə ilə harada?" funksiyası müəyyən edilmiş büdcə və mənzil sahəsinə uyğun əraziləri seçməyə, müqayisə pərdəsi müxtəlif dövrlərin və ya tikili seqmentlərinin qiymətlərini tutuşdurmağa imkan verir.

Bundan başqa, 2016-cı ildən etibarən qiymət dəyişikliklərini izləmək üçün zaman maşını, ərazilərin qiymət səviyyəsini üçölçülü formatda göstərən vizuallaşdırma və avtomatik tur funksiyaları da mövcuddur. İstifadəçilər qiymət cədvəllərini CSV formatında yükləyə, rüblük PDF hesabatlardan yararlana bilərlər.

AQP-nin digər yeniliyi olan "Paytaxtın dinamik qiymətləndirilməsi - daşınmaz əmlak roliki" Bakı şəhəri və paytaxtın ayrı-ayrı rayonları üzrə yaşayış mənzillərinin qiymət dinamikasını təqdim edir. Layihə qiymət dəyişikliklərini həm paytaxt üzrə ümumi, həm də rayonlar səviyyəsində izləməyə imkan verir.

"Bakının zonalar üzrə xəritəsi" isə paytaxtın müxtəlif ərazilərini fərqli alqoritmlər əsasında rəngləndirərək zonalar üzrə qiymət fərqlərini vizual şəkildə əks etdirir. Layihə şəhərin mərkəzi ilə yanaşı, periferik əraziləri də əhatə edir. AQP-nin açıqlamasına görə, 2015-ci ildən etibarən bu istiqamətdə sistemə hər ay təxminən 100 min məlumat daxil edilir.

Palatanın təqdim etdiyi rəqəmsal alətlərin məlumat bazası mütəmadi yenilənmə prinsipi əsasında qurulub. "Qiymət xəritəsi"nin hər rüb yenilənməsi, son 12 ay üzrə dəyişiklikləri və 2016-cı ildən başlayan qiymət tarixçəsini əks etdirməsi nəzərdə tutulur.

Həmçinin göstəricilərin etibarlılığı elanların sayına əsasən müəyyənləşdirilir: 30 və daha çox elan etibarlı, 10–29 elan məhdud analoq, 10-dan az elan əsasında hesablanan qiymətlər isə təxmini göstərici kimi təqdim olunur.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Azərbaycanda əmlak bazarının strukturu dəyişir: İndi nə almaq daha sərfəlidir?
AQP: Ötən ay mənzil satışında qiymət artımı sürətlənib
Azərbaycanda bir qrup hərbçiyə MƏNZİLLƏR VERİLDİ
Nərimanovda premium təmirli mənzillər 36 ayadək faizsiz, daxili kredit imkanı ilə satışda - "Kristal!"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər