Azərbaycan Prezidentinin Vyetnama səfəri: tərəfdaşlığın yeni üfüqləri
Hanoy bizi – azərbaycanlı jurnalistləri Bakının noyabr havasından sonra ruhumuzu oxşayan yay istisi ilə qarşıladı. Sıx yaşıllığa qərq olmuş küçələr, müasir tikililərlə qonşuluqda yerləşən qədim binalar və skuterlərin bitib-tükənməyən axını – Vyetnam paytaxtından aldığımız ilk təəssürat məhz belə idi.
"Report"un əməkdaşı bir qrup jurnalistlə birlikdə Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi səfərini işıqlandırmaq məqsədilə bu uzaq Asiya ölkəsinə səfər edib və ölkə ilə bağlı təəssüratlarını bölüşüb.
Ezamiyyət Vyetnamı, onun tarixi irsini və insanlarını daha yaxından tanımaq üçün gözəl fürsət yaratmış olub.
İkitərəfli əlaqələrin kökləri
Azərbaycan ilə Vyetnam arasında münasibətlərin əsası diplomatik əlaqələrin qurulmasından xeyli əvvəl qoyulub. Hələ sovet dövründə - 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan paytaxtına səfər edib. 1983-cü ildə isə Vyetnam həmin dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi sovet nümayəndə heyətini qəbul edib.
Bundan başqa, sovet illərində Azərbaycanın ali məktəblərində, xüsusilə neft-qaz sektoru üzrə vyetnamlı mütəxəssislər hazırlanırdı. Mədəni əlaqələr də inkişaf edirdi: azərbaycanlı kinorejissor Əjdər İbrahimov 1959-1962-ci illərdə Vyetnamda çalışıb və bu ölkənin kinematoqrafiya məktəbinin formalaşmasına mühüm töhfə verib.
İki dövlət arasında rəsmi diplomatik münasibətlər 1992-ci il sentyabrın 23-də qurulub. 2013-cü ildən Hanoyda Azərbaycanın səfirliyi fəaliyyət göstərir, 2025-ci ildə isə Bakı və Hanoy arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
"İnqilab şəhidləri" abidəsi
Hanoydakı proqramımız "İnqilab şəhidləri" abidəsini ziyarətlə başladı. Azərbaycan Prezidenti İlham Əliyev abidənin önünə əklil qoydu. Abidənin qarşısında fəxri qarovul dəstəsi düzülmüşdü.
Bakson küçəsində, Badin meydanının düz yaxınlığında və Ho Şi Min məqbərəsinin qarşısında yerləşən abidə Vyetnamın müstəqilliyi və azadlığı uğrunda mübarizədə canından keçənlərin xatirəsini əbədiləşdirir.
Kompleks vyetnamlı memar Le Hyepin layihəsi əsasında 1993–1994-cü illərdə inşa edilib. Abidənin lakonik memarlıq üslubunda sərt həndəsi formalarla yanaşı, ənənəvi Vyetnam anım məkanlarını xatırladan elementlər də yer alıb.
Ho Şi Min məqbərəsi
Növbəti dayanacağımız Badin meydanında yerləşən Ho Şi Min məqbərəsi oldu. Azərbaycanın dövlət başçısı Vyetnam liderinin xatirəsinə ehtiramını bildirdi və qarşısında fəxri qarovul dəstəsinin düzüldüyü məqbərənin önünə əklil qoydu.
Məqbərənin təntənəli açılışı 1975-ci ildə baş tutub. Burada Prezident Ho Şi Minin nəşi saxlanılır. Onun rəhbərliyi dövründə Vyetnam Demokratik Respublikası 1945-ci ildə müstəqillik qazanıb. Ho Şi Min Müstəqillik Bəyannaməsini məhz Badin meydanında elan edib.
Vyetnam rəhbərliyi ilə görüşlər
Səfərin əsas hadisəsi Prezident İlham Əliyevin Vyetnam Prezidenti To Lam ilə apardığı danışıqlar oldu. Görüşün yekunu olaraq hər iki dövlətin liderləri birgə bəyanat imzaladı, habelə onların iştirakı ilə ikitərəfli sənədlərin mübadiləsi mərasimi keçirildi.
İmzalanmış sazişlər yanğın və xilasetmə xidmətləri sahəsində əməkdaşlığı, Azərbaycan Prezidentinin Administrasiyası ilə Vyetnam Prezidentinin Ofisi arasında qarşılıqlı əlaqəni, habelə bərpaolunan enerji mənbələri sahəsində birgə layihələri əhatə edir.
Birgə bəyanat beş prioritet istiqaməti əhatə edir: siyasi-diplomatik münasibətlər; iqtisadiyyat, ticarət, energetika, kənd təsərrüfatı və nəqliyyat; müdafiə və təhlükəsizlik; təhsil, mədəniyyət və turizm; çoxtərəfli əməkdaşlıq.
Səfər Azərbaycan ilə Vyetnam arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsində yeni mərhələnin başlanğıcı oldu. Qəbul edilmiş birgə bəyanat və əldə olunmuş razılaşmalar siyasi dialoqun, ticari-iqtisadi əməkdaşlığın və energetika sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün zəmin yaradır. Hanoy ilə münasibətlərin inkişafı Bakının çoxvektorlu diplomatiya strategiyasına uyğun gəlir, Vyetnam üçün isə Cənubi Qafqaz və Mərkəzi Asiya bazarlarına dəhliz açır.
Rəsmi proqramdan kənar
Hanoya ezamiyyət bizim üçün həm rəsmi tədbirləri işıqlandırmaq, həm də şəhəri və onun tarixi keçmişini daha yaxından tanımaq imkanı yaratdı.
Vyetnamın tarixi barədə dolğun təsəvvür yaradan məkanlardan biri keçmiş Hoalo həbsxanasıdır. Bu gün burada müstəmləkəçilik dövründən, müstəqillik uğrunda mübarizədən və məhbusların taleyindən bəhs edən muzey yerləşir.
Həbsxana XIX əsrin sonlarında Fransa müstəmləkə hakimiyyəti tərəfindən inşa edilib. Burada vyetnamlı vətənpərvərlər və müstəmləkə rejiminə qarşı müqavimət hərəkatının iştirakçıları saxlanılıb. Bu gün ziyarətçilər həbsxanada kameraları, qandalları, məhbusların şəxsi əşyalarını, eləcə də edam hökmlərinin icrası üçün istifadə olunmuş gilyotini görə bilərlər.
Ekspozisiyanın ayrıca bir bölməsi qadın məhbuslara həsr olunub. Onların arasında gələcək general Vo Nquyen Ziapın birinci həyat yoldaşı Nquyen Txı Kuanq Txay da olub. O, elə bu həbsxana divarları arasında vəfat edib.
Ciddi mühafizəyə və hündür divarlara baxmayaraq, məhbuslar qaçmaq üçün cəhdlər göstəriblər. 1945-ci ilin martında hakimiyyətin Fransa administrasiyasından Yaponiyaya keçidi zamanı yaranan xaosdan istifadə edən yüzdən çox siyasi məhbus yeraltı kanal vasitəsilə qaçıb. 1951-ci ilin dekabrında isə daha bir cəsarətli qaçış baş verib: 16 məhbus əvvəlcədən barmaqlıqları kəsərək kanalizasiya sistemi ilə həbsxanadan qaçıb. Onlardan beş nəfəri gizlənə bilsə də, qalanları yenidən yaxalanıb.
Hoalonun tarixində başqa bir səhifə də var: 1964-cü ildən 1973-cü ilə qədər burada əsir götürülmüş amerikalı pilotlar saxlanılıb. Muzey ekspozisiyasında bu dövrə də yer ayrılıb.
Muzeyin ərazisində ziyarətçilərin həlak olmuş məhbusların xatirəsinə buxur yandıra biləcəyi anım guşəsi yaradılıb. Burada bir anlıq ayaq saxlayıb həyatları həbsxana divarları arasında sona çatmış insanların xatirəsini yad etmək mümkündür.
Təzadlar və ənənələr şəhəri
Vyetnamın tarixi keçmişi Hanoy küçələrində hər addımda özünü xatırladır. Qırmızı bayraqlar, oraq və çəkicli partiya rəmzləri, Ho Şi Minin portretləri, al qırmızı pioner qalstuku taxmış məktəblilər – bütün bunlar şəhərə gələnlərin diqqətini dərhal cəlb edir. Paytaxtın mərkəzindəki bağlardan birində isə Vladimir Leninin abidəsi yerləşir. Bu tunc heykəl 1985-ci ildə Badin meydanındakı parkda, Ho Şi Min məqbərəsinin yaxınlığında ucaldılıb. Vyetnamın dünyada Kommunist Partiyasının hələ də hakimiyyətdə olduğu beş dövlətdən biri olması isə diqqətəlayiq məqamdır.
Hanoyun şəhər mənzərəsində ilk növbədə yaşıllığın bolluğu diqqəti cəlb edir. Palma ağacları ilə yan-yana ucalan enliyarpaqlı ağacların qollu-budaqlı çətirləri şəhərin yaşıl örtüyünü formalaşdırır. Maraqlıdır ki, ağac və kollar hətta yaşayış binalarının eyvanlarında belə boy atır.
Vyetnamın paytaxtında elə ilk dəqiqələrdən nəzərdən qaçmayan bir mənzərə də var – saysız-hesabsız skuterlər. Onlar sanki hər yerdədir. Statistikaya görə, bütün Vyetnam üzrə 70 milyondan çox motosiklet və skuter qeydə alınıb – bu, dünyada ən yüksək göstəricilərdən biridir. Hanoyda ikitəkərli nəqliyyat şəhər sakinlərinin əksəriyyəti üçün əsas hərəkət vasitəsidir. Burada piyadalar yolu keçərkən xüsusilə diqqətli olmalıdırlar: təcrübəli səyahətçilər yavaş və gözlənilən istiqamətdə hərəkət edərək skuter axınının sizi maneəsiz ötüb keçməsinə şərait yaratmağı məsləhət görürlər.
Axşam düşəndə də şəhərdə həyat davam edir: gənclər küçələrə axışır, insanlar gəzintiyə çıxır, söhbətləşir və çoxsaylı kafelərdə vaxt keçirirlər. Əgər yolunuz nə vaxtsa Hanoya düşsə, şəhərin düz mərkəzində yerləşən, sehrli qılınc və qızıl tısbağa haqqında qədim əfsanə ilə bağlı olan müqəddəs Hoankiem gölü sahilində gəzintiyə mütləq vaxt ayırın. Su səthində rəngarəng işıqlar əks olunanda və şəhər fəvvarələri bütün gözəlliyi ilə işə düşəndə Hanoy tamamilə füsunkar bir ab-havaya bürünür.
Hanoy Opera Teatrının yaxınlığında qeyri-adi bir kompozisiya diqqətimi çəkdi – budaqlarında güllər, yarpaqlar və quşlar əks olunan metal ağaclar. "Birlik" adlanan bu instalyasiya Vyetnam xalqının müstəqillik uğrunda mübarizədəki həmrəyliyinə – onilliklər boyu davam edən və 1975-ci ildə ölkənin birləşməsi ilə nəticələnən həmin mübarizəyə həsr olunub.
Yerli mətbəx də xüsusi diqqətə layiqdir. Burada balıq və dəniz məhsulları həvəskarları üçün kifayət qədər ləziz təamlar var, ən məşhur yeməklər sırasında isə düyü əriştəli "fo" şorbası yer alır. Bu, əsl milli rəmzdir: ulduzvari cirə, darçın və hil kimi ədviyyatlar qatılmaqla altı saatdan on iki saata qədər qaynadılan ətirli bulyon nazik əriştə, təzə göyərti və ətlə süfrəyə verilir. Turistlərin marağını çəkən digər məqam isə Vyetnam qəhvəsidir – ölkə qəhvə dənələrinin ixracına görə dünyada Braziliyadan sonra ikinci yerdədir. Qatılaşdırılmış südlə çalınmış yumurta sarısından hazırlanan şirin, yüngül köpüklü, bizim üçün isə qeyri-adi olan yumurtalı qəhvə (cà phê trứng) xüsusi maraq doğurur. Bu içki 1946-cı ildə Hanoyda, ölkədə süd qıtlığı yaşandığı dövrdə barmen Nquyen Van Zanq tərəfindən icad edilib.
Ümumilikdə Vyetnam istisi, yerli sakinlərin səmimi təbəssümü və təbiətinin füsunkar gözəlliyi ilə yaddaşımızda qaldı. Hanoy bir səfərlə tam dərk edilməsi mümkün olmayan, lakin hər bir səyahətçinin qəlbində silinməz iz buraxan bir şəhərdir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib
-
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
-
Estoniya Rusiya ilə sərhəddə dəmir yolu keçid məntəqəsinin istisna etməyib
-
Çempionlar Liqası: "Qalatasaray" minimal, "Real" böyük hesabla qalib gəlib
-
Türkiyədə Özcan Dəniz və daha 34 nəfər narkotik istintaqı çərçivəsində saxlanılıb













