Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?
Azərbaycanda xarici ölkələrdən gəlir əldə edən və distant çalışan rəqəmsal səyyahlar üçün viza prosedurunun sadələşdirilməsi təklif olunur. Milli Məclisdə müzakirəyə çıxarılan qanun layihəsinə əsasən, bu şəxslər işgüzar səfər vizası alarkən onları dəvət edən tərəfin vəsatətini və dəvətin səbəbini təsdiq edən sənədi təqdim etməli olmayacaqlar. Dünyada 40 milyondan çox rəqəmsal səyyahın olduğu bildirilən bir vaxtda bu təşəbbüs ölkəmizin xarici mütəxəssislər üçün cəlbediciliyini artırmaq, turizm və xidmət sektoruna əlavə gəlir axınını təşviq etmək baxımından diqqət çəkir. Dəyişikliyin 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
Bəs yeni qayda ölkə turizminin inkişafına və iqtisadi fəallığın artmasına necə təsir edəcək?
Far.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Valyuta axını və iqtisadi fəallığa dəstək
Turizmçi Günel Şıxıyeva hesab edir ki, ölkəyə rəqəmsal səyyahların gəlişi, xarici valyuta axınının artmasına və iqtisadi fəallığın güclənməsinə şərait yarada bilər: "Rəqəmsal səyyahlar üçün viza prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi Azərbaycanın xarici mütəxəssislər üçün cəlbediciliyini artıra bilər. Bu addım ölkənin regional texnologiya mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə də töhfə olar. Rəqəmsal səyyahlar ölkəmizdə qaldıqları müddətdə hotel, restoran, nəqliyyat və digər xidmətlərdən istifadə edirlər. Bu isə yerli biznes üçün əlavə gəlir mənbəyi yaradır. Onların ölkəmizdə olması beynəlxalq təcrübə və bilik mübadiləsinin genişlənməsinə, yerli şirkətlərlə əməkdaşlıq əlaqələrinin qurulmasına imkan verə bilər".
Sürətli internet, yaşayış imkanları, rahat bank xidmətləri
Turizmçinin fikrincə, bu sahənin inkişafı üçün hüquqi və inzibati məsələlərin aydın şəkildə tənzimlənməsi vacibdir: "Xüsusilə, ölkədə qanuni qalmaq müddəti, fəaliyyət statusu, vergi rezidentliyi, xarici gəlirlərin vergiyə cəlb olunması və ikiqat vergitutma məsələləri dəqiq müəyyənləşdirilməlidir. Viza almaq avtomatik olaraq vergi güzəşti və ya ondan azadolma demək deyil. Bu baxımdan, rəqəmsal səyyahların hüquqi statusu və vergi öhdəlikləri ilə bağlı aydın qaydaların müəyyənləşdirilməsi əhəmiyyət daşıyır". G.Şıxıyeva hesab edir ki, Azərbaycanın bu istiqamətdə rəqabət qabiliyyətini artırmaq üçün sürətli internet, əlçatan yaşayış imkanları, kovorkinq mərkəzləri, rahat bank xidmətləri və sadə elektron müraciət sistemi inkişaf etdirilməlidir: "Əsas çətinliklər gəlirlərin və iş fəaliyyətinin yoxlanılması, vergi öhdəliklərinin müəyyənləşdirilməsi və miqrasiya qaydalarının düzgün tətbiqi ilə bağlı ola bilər. Rəqəmsal səyyahlar adi turistlərdən səfərin məqsədinə görə fərqlənirlər. Onlar Azərbaycanda olarkən peşəkar fəaliyyətlərini məsafədən davam etdirirlər. Bu, onların avtomatik olaraq Azərbaycanda işə düzəlməsi demək deyil. Buna görə də, onların ayrıca kateqoriya kimi işgüzar viza mexanizminə daxil edilməsi həmin fəaliyyətin hüquqi çərçivəsinin müəyyənləşdirilməsi baxımından önəmlidir".
Aydın hüquqi mexanizmlər yaradılmalıdır
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının maarifləndirmə və dəstək şöbəsinin rəhbəri Rəhman Quliyevin fikrincə, bu şəxslərin Azərbaycana gəlişi ölkəmizin beynəlxalq turizm imicinin güclənməsinə, xidmət sektorunun inkişafına və xarici gəlirlərin artmasına müsbət təsir göstərə bilər: "İşgüzar səfər vizasının alınması qaydalarının sadələşdirilməsi xarici mütəxəssislərin ölkəmizə marağını artırar. Viza prosedurlarının daha çevik və şəffaf olması digər regional istiqamətlərlə müqayisədə daha cəlbedici edə bilər. Bununla belə, qaydaların sadələşdirilməsi ilə yanaşı, rəqəmsal səyyahların fəaliyyət xüsusiyyətlərini nəzərə alan aydın hüquqi mexanizmlərin yaradılması vacibdir". Turizmçi hesab edir ki, rəqəmsal səyyahlar ölkəmizdə yaşadıqları müddətdə hotellərdən, kirayə mənzillərdən, restoranlardan, nəqliyyat və digər xidmətlərdən istifadə etməklə yerli iqtisadiyyata töhfə verə bilərlər: "Onların ölkədə uzunmüddətli qalması turizm gəlirlərinin mövsümdən asılılığını azalda və texnologiya sektorunda bilik mübadiləsini gücləndirər. Xüsusilə informasiya texnologiyaları, rəqəmsal marketinq, turizm və konsaltinq sahələrində yerli mütəxəssislər üçün yeni əməkdaşlıq imkanları yaranar".
Ayrıca viza kateqoriyasının yaradılmasına ehtiyac var
İqtisadçı ekspert Elşən Bağırzadə deyir ki, rəqəmsal səyyahların ölkəyə cəlb olunması, ilk növbədə, iqtisadiyyata əlavə vəsait axını baxımından əhəmiyyətlidir: "Xarici şirkətlərə və müştərilərə məsafədən işləyən mütəxəssislər gəlirlərini xaricdən əldə etsələr də, Azərbaycanda yaşadıqları müddətdə mənzil kirayəsi, ictimai iaşə, nəqliyyat, istirahət və digər xidmətlərə pul xərcləyirlər. Bu isə yerli biznes üçün əlavə gəlir və məşğulluq imkanları deməkdir. Bundan əlavə, onların beynəlxalq təcrübəsi, bilikləri və peşəkar əlaqələri ölkənin innovasiya mühitinin inkişafına töhfə verər".
Ekspert hesab edir ki, viza prosedurlarının sadələşdirilməsi xarici mütəxəssislərin ölkəmizə marağını artıran amillərdən biri ola bilər: "Viza güzəştləri digər əlverişli şərtlərlə tamamlanmalıdır. Rəqəmsal səyyahların hüquqi statusu, ölkədə qalma müddəti və vergi öhdəlikləri aydın şəkildə müəyyənləşdirilməlidir. Xaricdən əldə edilən gəlirlərin vergiyə cəlb olunması, vergi rezidentliyi və ikiqat vergitutmanın qarşısının alınması ilə bağlı qaydaların şəffaf olması ölkənin cəlbediciliyinə birbaşa təsir göstərə bilər. Bununla yanaşı, rəqəmsal səyyahların ənənəvi işgüzar səfər edən şəxslərdən fərqli xüsusiyyətləri hüquqi tənzimləmədə nəzərə alınmalıdır. Azərbaycanda onların xarici şirkətlərə işləyərək uzun müddət yaşamasını əhatə edən ayrıca viza kateqoriyasının yaradılması gələcəkdə daha aydın hüquqi çərçivənin formalaşmasına imkan verə bilər".
Oxşar xəbərlər
Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib
-
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub
-
Ukrayna gələn il ÜDM-in rekord - 43 %-ni müdafiə xərclərinə yönəltməyi planlaşdırır
-
Lənkəranda avtomobil qəzaya uğrayaraq yanıb, ölən və xəsarət alanlar var
-
Gürcüstanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb
-
Suriyada terrorçular təhlükəsizlik qüvvələrinin patruluna hücum ediblər













