Vatikan mediası Mehriban Əliyevanın iştirakı ilə Komodilya katakombalarının bərpası layihəsindən yazır
Far.Az xəbər saytı

Vatikan mediası Mehriban Əliyevanın iştirakı ilə Komodilya katakombalarının bərpası layihəsindən yazır


Müqəddəs Taxt-Tacın informasiya resursları Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə oktyabrın 16-da Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışını diqqətdə saxlayıb.

BAKU.WS xəbər verir ki, Vatikanın yeganə rəsmi mətbuat orqanı olan "L"Osservatore Romano" qəzetinin yazısında açılış mərasimində Birinci vitse-prezident Mehriban Əliyevanın, Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskuale Yakobonenin, Mədəniyyət və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının sabiq prezidenti kardinal Canfranko Ravazinin və Roma şəhərinin VIII bələdiyyəsinin prezidenti Amedeo Çakkerinin iştirak etdikləri bildirilir. Qeyd edilir ki, Birinci vitse-prezident və ailə üzvləri layihə çərçivəsində həyata keçirilmiş bərpa işləri ilə tanış olublar.

Eyni zamanda, bərpa işlərinin Heydər Əliyev Fondu və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası arasında 2021-ci ilin martın 4-də imzalanan müqavilə çərçivəsində həyata keçirildiyi xatırladılır.

Müqəddəs Taxt-Tacın "Vatican News" portalının yaydığı materialda Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihənin katakombada mövcud olan Roma erkən xristianlıq dövrünə aid ilk artefaktları yenidən görməyə imkan yaratdığı qeyd olunur. Diqqətə çatdırılır ki, katakombaların yerləşdiyi məkan XVIII əsrdə aşkar olunub, ilkin tədqiqatlar 1900-cü ildən başlanıb. Katakomba Felisio və Adauktus adlı xristian əzabkeşlərinin dəfn olunduğu məkan kimi də tanınır və Orta əsrlərdə ziyarətgah olub. Katakombada ilk xristian əzabkeşi San Stefano, İsa peyğəmbərin həvari Pyotra Cənnətin açarlarını təqdim etməsi və digər mövzularda freskalar müstəsna dini və tarixi əhəmiyyət daşıyır.

Vurğulanır ki, daha əvvəl Azərbaycan tərəfi ilə iki digər mühüm layihə - Müqəddəs Marçelino və Pietro, həmçinin Müqəddəs Sebastian katakombalarının bərpası həyata keçirilib.

Katolik icmasına məxsus olan "Parrocchia San Michele Arcangelo – Neviano" potalı isə Heydər Əliyev Fondunun göstərdiyi dəstək sayəsində katakombanın böyük arxeoloji dəyərə malik olan hissəsinin uçmaq təhlükəsindən qorunduğu bildirilir. Qeyd olunur ki, Heydər Əliyev Fondu ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası əməkdaşlığı sayəsində Komodilya katakombaları erkən xristianlıq dövrünün mühüm nümunələrinin qorunduğu Romanın bu bölgəsi arxeoloji tur şəbəkəsinə yenidən daxil edilə bilər.

Dini və tarixi əhəmiyyət daşıyan Komodilya katakombaları ictimaiyyətə açıq olacaq.

Oxşar xəbərlər

Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Pavel Bazilikasının baş keşişi ilə görüşüb
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Dövlət komitəsinin sədri Vatikanın dövlət katibinin müavini ilə görüşüb
Azərbaycanla Vatikan arasında dinlərarası dialoq sahəsində Anlaşma Memorandumu imzalanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər