"KMG Kashagan": Qazaxıstan neft ixracı üçün Orta Dəhlizin potensialını qiymətləndirir
Far.Az xəbər saytı

"KMG Kashagan": Qazaxıstan neft ixracı üçün Orta Dəhlizin potensialını qiymətləndirir


Qazaxıstan Orta Dəhlizə neft ixracı üçün mühüm alternativ kimi baxır, lakin onun inkişafı infrastruktur məhdudiyyətləri və daha yüksək daşınma xərcləri səbəbindən ləngiyir.

"Report" xəbər verir ki, bu barədə "KMG Kashagan" şirkətinin kommersiya məsələləri üzrə direktoru Kuanış Keskinbayev Bakıda keçirilən "II Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Logistikası Forumu"nda bildirib.

Onun sözlərinə görə, Qazaxıstan və Azərbaycan regional enerji logistikasının getdikcə daha əhəmiyyətli iştirakçılarına çevrilirlər və bunun fonunda Orta Dəhlizin rolu artır.

"Bu marşrut xüsusi əhəmiyyət kəsb edir, çünki normativ tələblərə riayət olunması baxımından o, ciddi axsamalar olmadan fəaliyyət göstərən azsaylı marşrutlardan biri olaraq qalır", - K. Keskinbayev qeyd edib.

O, eyni zamanda vurğulayıb ki, Qazaxıstan neftinin 80 %-i əvvəlki kimi Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə nəql olunur. Qalan həcmlər Rusiyanın Novorossiysk və Ust-Luqa limanları vasitəsilə, eləcə də digər marşrutlarla, o cümlədən Almaniyaya "Drujba" boru kəməri ilə yönləndirilir.

"Bu gün "Drujba" ilə bağlı müəyyən siyasi məsələlər yaranır, bu da tədarüklərin şaxələndirilməsini və tranzitini məhdudlaşdırır. Ola bilsin ki, bu, Orta Dəhliz vasitəsilə nəql həcmlərinin artmasına şərait yaradacaq", - o deyib.

Hazırda Orta Dəhlizin buraxılış qabiliyyəti ildə 5 milyon tona qədər neftdir. Onun artırılmasına ehtiyac yaranarsa, Aktau liman infrastrukturuna, tanker donanmasına və əlaqədar güclərə investisiyalar tələb olunacaq.

K.Keskinbayev həmçinin qeyd edib ki, bu marşrut üzrə daşınma daha baha başa gəlir, lakin xərclərin bir hissəsi Azərbaycan neftinin Xəzər Boru Kəməri Konsorsiumu qarışığı ilə müqayisədə daha yüksək qiyməti hesabına kompensasiya olunur.

"Nəticədə xalis satış gəlirindəki fərq o qədər də böyük deyil, buna baxmayaraq Xəzər Boru Kəməri Konsorsiumu daha əlverişli marşrut olaraq qalır", - o vurğulayıb.

Bununla yanaşı, onun sözlərinə görə, hava şəraiti və güclərin bir hissəsinin müvəqqəti itirilməsi ilə əlaqədar yaranmış son çətinliklərə baxmayaraq, Qazaxıstan və beynəlxalq tərəfdaşlar Xəzər Boru Kəməri Konsorsiumunun sabit istismarının təmin edilməsi üzərində işi davam etdirirlər.

"Hazırda boru kəməri tam gücü ilə işləyir və biz xüsusən qış dövründə daha sabit vəziyyətin olacağını gözləyirik", - "KMG Kashagan"ın nümayəndəsi əlavə edib.

O, qeyd edib ki, Supsa vasitəsilə olan marşrut iqtisadi cəhətdən daha az cəlbedici olaraq qalır.

"Orada xərclər əhəmiyyətli dərəcədə yüksəkdir, eyni zamanda neft Xəzər Boru Kəməri Konsorsiumu qarışığına analoji olaraq kotirovka edilir. Bakı-Tbilisi-Qars (BTQ) marşrutu ilə müqayisədə, Supsa üzrə hazırkı konfiqurasiya təəssüf ki, işləmir", - K. Keskinbayev bildirib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Luka Skiepatti: "TAP-ın infrastrukturunun hidrogen nəqlinə hazırlığı yoxlanılır" - MÜSAHİBƏ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər