Serbiyalı nazir: "Niş və Novi Sadda QES-lərin tikintisi ilə enerji təhlükəsizliyi təmin olunacaq"
Far.Az xəbər saytı

Serbiyalı nazir: "Niş və Novi Sadda QES-lərin tikintisi ilə enerji təhlükəsizliyi təmin olunacaq"


Serbiyanın Niş və Novi Sad şəhərlərində qaz elektrik stansiyalarının (QES) tikintisi ilə enerji təhlükəsizliyi təmin olunacaq.

"Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiyanın mədənçilik və energetika naziri Dubravka Cedoviç Handanoviç Belqrad Enerji Forumunun açılışında deyib.

O qeyd edib ki, Serbiya Avropa İttifaqı ölkələrindən və Avropa Komissiyasından maliyyə-texniki dəstək gözləyir: "Region ölkələrinin enerji balansında fosil yanacaqların payı hələ də yüksəkdir və bunu bir gecədə dəyişmək mümkün deyil. "Serbiya 2030–2035" planına əsasən, ən böyük investisiyalar məhz enerji sektoruna yönəldilib. Bu isə göstərir ki, gələcəkdə daha böyük investisiyalara ehtiyac olacaq. Ən böyük vəsait isə yeni istehsal güclərinə yatırılacaq. Bu, 2028–2035-ci illər ərzində təxminən 6,5 milyard avro təşkil edəcək.

Bu inkişafın əsas dayaqlarından biri elektrik stansiyalarının tikintisidir ki, bunun sayəsində yeni ehtiyat enerji mənbələri və daha böyük elastiklik əldə edəcəyik. Əlavə təhlükəsizlik isə Niş və Novi Sad şəhərlərində qaz elektrik stansiyalarının tikintisi ilə təmin olunacaq. Eyni zamanda, təmiz enerji mənbələrinə investisiyalarımızı davam etdiririk və bir neçə min meqavat yeni gücün yaradılmasını planlaşdırırıq".

Nazir vurğulayıb ki, Serbiya ötürücü və paylayıcı şəbəkələrin inkişafını da fasiləsiz davam etdirəcək: "2035-ci ilə qədər bu sahəyə ümumilikdə təxminən 2,4 milyard avro sərmayə yatırılması nəzərdə tutulur. Ötürücü şəbəkədə 1000 kilometrdən çox yüksək gərginlikli xəttin və üç böyük yarımstansiyanın tikintisi planlaşdırılır. Sərhədlərarası ötürmə gücü isə 4000 meqavatdan 6000 meqavatdan çox səviyyəyə çatdırılacaq.

Paylayıcı sistemdə isə yarımstansiyaların tikintisi və yenidən qurulması, təxminən 12 min kilometr mövcud şəbəkənin modernləşdirilməsi və sistemin rəqəmsallaşdırılması nəzərdə tutulur. Məqsədimiz istifadəçilərin təxminən 80 %-ni "ağıllı sayğaclarla" təmin etməkdir. Bütün bunlar elektrik enerjisi təchizatının sabitliyini artıracaq, istehlakçılar üçün kəsinti və nasazlıqları azaldacaq, həmçinin regionla daha yaxşı inteqrasiyanı təmin edəcək. Çünki biz Avropa İttifaqı ölkələri və həmin istiqamətdə irəliləyən region dövlətləri ilə əhatələnmişik. Bu səbəbdən sərhədlərarası enerji ötürmə imkanlarının genişləndirilməsi bizim üçün əlavə təhlükəsizlik və sabitlik yaradır".

Handanoviç diqqətə çatdırıb ki, yeni qaz kəmərlərinin tikintisi də enerji infrastrukturunun mühüm hissəsidir və Serbiyanln enerji təhlükəsizliyini artırır: "İki il ərzində Serbiya Şimali Makedoniya və Rumıniya ilə iki yeni qaz interkonnektoru inşa edəcək. Bolqarıstanla mövcud qaz kəməri ilə birlikdə yeni marşrutların ümumi ötürmə çox yüksək səviyyəyə çatacaq ki, bu da ölkənin illik qaz tələbatını ödəməyə kifayət edəcək. Lakin qazın hansı mənbələrdən, hansı həcmdə və hansı iqtisadi-ticarət şərtləri ilə alınacağını ehtiyaclara uyğun müəyyən edəcəyik".

Nazir hesab edir ki, Cənubdan Şimala, Şərqdən Qərbə uzanan regional qaz xətlər başda olmaqla ölkə daxilində qaz infrastrukturunun gücləndirilməsi də vacibdir: "Bu, yeni interkonnektorların real şəkildə işləməsini təmin edəcək. Bunun sayəsində Serbiya Cənub-Şərqi Avropada tranzit ölkə və qaz habı kimi mövqeyini gücləndirəcək. Bu, uzunmüddətli strateji məqsədimizdir. Buna görə yaxın illərdə qaz infrastrukturuna təxminən 200 milyon avro sərmayə yatırılması planlaşdırılır. Müxtəlif enerji mənbələrinə çıxış üçün infrastruktur imkanlarının olması vacibdir. Çünki diversifikasiya infrastruktur olmadan mümkün deyil. Bu gün enerji böhranları daha tez-tez baş verir. Energetika və enerji təhlükəsizliyi geosiyasi mübarizənin əsas alətlərindən birinə çevrilib. Milli təhlükəsizliklə eyni səviyyədə enerji təhlükəsizliyi anlayışı formalaşıb və biz bu istiqamətdə işi davam etdirəcəyik".

Oxşar xəbərlər

İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər