Elizabetta Falçetti: "EBRD Azərbaycanın nəqliyyat layihələrinin uzunmüddətli maliyyələşdirilməsinə hazırdır" - MÜSAHİBƏ
Far.Az xəbər saytı

Elizabetta Falçetti: "EBRD Azərbaycanın nəqliyyat layihələrinin uzunmüddətli maliyyələşdirilməsinə hazırdır" - MÜSAHİBƏ


Beynəlxalq nəqliyyat və enerji marşrutlarının müasir xəritəsində baş verən köklü dəyişikliklər Azərbaycanın regional oyunçudan Şərqlə Qərb arasında əvəzolunmaz həlqəyə çevrilməsinə şərait yaradır. Orta Dəhlizin inkişafı, gömrük sistemlərinin rəqəmsal transformasiyası və "yaşıl enerji" sahəsində iddialı layihələr təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avropanın uzunmüddətli sabitliyi üçün təməl rolunu oynayır. Bu proseslərdə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) maliyyə institutu olmaqla yanaşı, kritik infrastrukturun modernləşdirilməsini dəstəkləyən strateji arxitektor kimi çıxış edir.

EBRD-nin Türkiyə və Qafqaz üzrə idarəedici direktoru Elizabetta Falçetti Bakıya səfəri çərçivəsində "Report"a verdiyi müsahibəsində Naxçıvanda dəmir yollarının bərpası perspektivləri, Azərbaycanda "yaşıl şəhərlər"ə investisiya qoyuluşu və ölkənin Avropa İttifaqına (Aİ) bərpa olunan elektrik enerjisinin əsas ixracatçısına çevrilməsi imkanlarından bəhs edib.

Həmin müsahibəni oxuculara təqdim edirik:

- Bizdə olan məlumata əsasən, bu, sizin Bakı şəhərinə ikinci ziyarətinizdir və ümidvaram ki, səfəriniz məhsuldar olub. Həm özəl, həm də dövlət sektorunu təmsil edən tərəfdaşlarla müxtəlif görüşlər təşkil edilib. Aparılan müzakirələrdə hansı mövzular prioritet təşkil edib? Zəhmət olmasa, keçirilən görüşlər və əsas nəticələr barədə məlumat verərdiniz.

- Təşəkkür edirəm. Bakıya qayıtmaq həmişə xoşdur. Hər səfərimdə şəhərin sürətli inkişafı məni heyrətləndirir. Burada insanı həqiqətən də ruhlandıran xüsusi enerji və iddialı atmosfer hiss olunur. Eyni zamanda, səmimi və dolğun danışıqlara görə azərbaycanlı həmkarlarımıza və tərəfdaşlarımıza təşəkkür etmək istəyirəm.

Bu səfər çərçivəsində dövlət strukturlarının, o cümlədən İqtisadiyyat, Maliyyə, Energetika, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndələri ilə görüşlər keçirdik. Danışıqlarımızın gündəliyi EBRD-nin bu ölkə ilə əməkdaşlığının çoxşaxəliliyini əks etdirdi: nəqliyyat, enerji və rəqəmsal kommunikasiyaları əhatə edən regional qarşılıqlı əlaqələr, Orta Dəhliz və TRIPP təşəbbüsü, Bakıda və regionlarda biznesin inkişafına dəstək, bərpa olunan enerji, su təchizatı və kanalizasiya infrastrukturu, həmçinin şəhərlərin regenerasiyası üçün perspektiv imkanlar.

Gəldiyim əsas nəticə bundan ibarətdir ki, Azərbaycan strateji coğrafi mövqeyinə, nəqliyyat qovşağı kimi artan roluna və təmiz enerji sahəsindəki əhəmiyyətli potensialına arxalanaraq yaranan imkanlardan istifadə etməyə hazırdır.

Biz 1992-ci ildən Azərbaycana investisiya qoyuruq və onun haqlı olaraq hazırda regional inteqrasiyanın gücləndirilməsinə, milli iqtisadiyyatın şaxələndirilməsinə və enerji transformasiyasına yönəlmiş inkişaf proqramını dəstəkləməyə həmişəki kimi sadiqik.

- Azərbaycan bu gün Orta Dəhlizin mərkəzi tranzit və logistika həlqələrindən biri kimi mövqeyini formalaşdırır. Dövlətin regional nəqliyyat strukturundakı cari rolunu və yaxın gələcəkdəki perspektivlərini necə qiymətləndirirsiniz?

- Azərbaycanın coğrafi mövqeyi onun Orta Dəhliz marşrutlarında ticarət-investisiya mərkəzi funksiyasını qabaqcadan müəyyənləşdirir. Dövlət strateji əhəmiyyətli Şərq-Qərb istiqamətlərinin qovşağında yerləşir ki, bu da biznes və hökumətlərin Asiya ilə Avropa arasında daha etibarlı, şaxələndirilmiş və səmərəli əlaqə kanallarının formalaşdırılmasına can atdığı dövrdə xüsusi əhəmiyyət kəsb edir.

Bakı limanı, dəmir yolu şəbəkəsi, avtomobil yolu infrastrukturu və rəqəmsal platformalar mühüm rol oynaya bilər. Bununla belə, potensialın tam reallaşdırılması yalnız bu aktivlərin dəniz, dəmir yolu və quru obyektləri arasında yüklərin fasiləsiz daşınmasını təmin edən vahid kompleks sistemə inteqrasiyası şərti ilə mümkündür. Bunun üçün möhkəm siyasi və rəqəmsal təməl təmin edilməli, konteyner daşımalarının və logistika mexanizmlərinin koordinasiyası təkmilləşdirilməlidir.

Məhz bu istiqamətdə EBRD əhəmiyyətli dəstək göstərə bilər. Biz artıq Qazaxıstan, Özbəkistan və Qırğızıstanı əhatə edən daha geniş regionda nəqliyyat sahəsinə və əlaqəliliyin təmin edilməsinə investisiyaları dəstəkləmişik. Mərkəzi Asiyanın nəqliyyat kommunikasiyaları sahəsindəki fəaliyyətimiz həm "sərt" infrastruktura kapital qoyuluşuna, həm də "yumşaq" bağlantının inkişafı ilə bağlı tədbirlərə tələbatı üzə çıxardı. Biz oxşar praktiki və investisiya yönümlü yanaşmanı Azərbaycan və qonşu ölkələrdə tətbiq etmək niyyətindəyik.

- EBRD bir müddət əvvəl nəqliyyat dəhlizindəki "dar boğazlar"ın aradan qaldırılması məqsədilə Türkiyədə dəmir yolu infrastrukturunun təkmilləşdirilməsinə vəsait yönəldib. Bank 2026-cı ildə Azərbaycanda da analoji iri layihələri, xüsusilə Bakı Beynəlxalq Dəniz Limanının ötürücülük qabiliyyətinin artırılmasını və ya Naxçıvan istiqaməti daxil olmaqla dəmir yolu marşrutlarının yenilənməsini imkanlarını nəzərdən keçirirmi?

- Biz iqtisadi məqsədəuyğunluq, davayanıqlıq və ölkənin uzunmüddətli prioritetlərinə uyğunluq təmin edilməklə nəqliyyat bağlantılarının gücləndirilməsinə yönəlmiş strateji investisiyaları dəstəkləməkdə çox maraqlıyıq. Azərbaycan artıq bu sahədə mühüm mövqeyə malikdir və liman, dəmir yolu və logistika infrastrukturunun gələcək inkişafı yeganə doğru hədəfdir.

Naxçıvan məsələsinə gəlincə, Avropa İttifaqı ilə hökumət arasında ali səviyyədə əldə edilmiş razılaşmaya əsasən, Naxçıvan dəmir yolu şəbəkəsinin bərpası üçün texniki-iqtisadi əsaslandırmanın (TİƏ) hazırlanmasının dəstəklənməsi barədə razılığa gəlinib.

Hazırlıq tədbirləri artıq həyata keçirilir və yaxın vaxtlarda qiymətləndirmə prosedurlarına start veriləcəyi gözlənilir. TİƏ yekunlaşdıqdan sonra biz layihənin həyata keçirilməsi məqsədilə EBRD və digər beynəlxalq maliyyə təşkilatlarının iştirakı ilə ən effektiv maliyyələşdirmə mexanizmlərini müəyyənləşdirmək üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə addımlar atmaq niyyətindəyik.

Hazırkı mərhələdə, o cümlədən 2026-cı il üçün konkret maliyyələşdirmə həcmlərini açıqlamaq hələ tezdir. Bizim yanaşmamız, ilk növbədə, layihələrin texniki, iqtisadi, ekoloji və sosial cəhətdən əsaslılığına əmin olmaqdır. Bu təməl formalaşdırıldıqdan sonra EBRD uzunmüddətli maliyyələşdirməni təmin etməyə, texniki ekspertiza təqdim etməyə və digər tərəfdaşların cəlb edilməsinə dəstək verməyə hazır olacaq.

- Regional nəqliyyat əlaqələrinə gəlincə, Zəngəzur dəhlizi layihəsi mühüm müzakirə mövzusu olaraq qalır. EBRD bu marşrutun iqtisadi cəhətdən mümkünlüyünü necə qiymətləndirir və bank onun inkişafına dəstək göstərmək niyyətindədirmi?

- Biz regional bağlantını gücləndirən və davamlı sülhə töhfə verən təşəbbüsləri dəstəkləyirik. Transsərhəd layihələr, o cümlədən ABŞ-nin irəli sürdüyü TRIPP çərçivə proqramı Orta Dəhlizin Asiya ilə Avropa arasında əsas marşruta çevrilməsinə güclü təkan verə, eyni zamanda, ticarəti stimullaşdıra, investisiya mühitinə olan etimadı artıra və bütün Cənubi Qafqazın iqtisadi inkişafını təmin edə bilər.

EBRD hesab edir ki, istənilən nəqliyyat dəhlizinin iqtisadi cəhətdən əsaslandırılması bir sıra meyarlarla müəyyən edilir: proqnozlaşdırılan yükdaşıma həcmləri, mövcud nəqliyyat şəbəkələri ilə inteqrasiya dərəcəsi, əməliyyat uyğunluğu, idarəetmə mexanizmləri, ekoloji və sosial standartlara riayət olunması, ümumi normativ-hüquqi mühit. Bütün bu tərkib hissələr irimiqyaslı kapital qoyuluşları ilə bağlı qərarlar qəbul edilməzdən əvvəl hərtərəfli qiymətləndirilməlidir.

EBRD bu cür təşəbbüslərin dəstəklənməsi istiqamətində böyük potensiala malikdir. Bank Azərbaycan, Ermənistan və Türkiyədə aktiv şəkildə fəaliyyət göstərir ki, bu da infrastruktur layihələrini ayrı-ayrı milli seqmentlər kimi deyil, vahid iqtisadi və texniki dəhlizin tərkib hissələri kimi nəzərdən keçirməyə imkan verir.

- EBRD 2026-cı ildə Yaxın Şərq münaqişəsindən təsirlənən iqtisadiyyatlara 5 milyard avroya qədər vəsait yönəltməyi planlaşdırır. Bu vəsaitin hansı hissəsi Azərbaycana ayrıla bilər və prioritet istiqamətlər hansılardır – energetika sektoru, ərzaq təhlükəsizliyinin təmin edilməsi, yoxsa kiçik və orta biznesə dəstək?

- EBRD-nin Yaxın Şərq münaqişəsindən təsirlənən ölkələrin dəstəklənməsi ilə bağlı çərçivə proqramı bu il həmin iqtisadiyyatlara, o cümlədən İordaniya, Livan, Qərb Sahili və Qəzza zolağı, İraq, eləcə də qonşu dövlətlər – Ermənistan, Misir, Türkiyə və Azərbaycana 5 milyard avroya qədər vəsaitin ayrılmasını nəzərdə tutur.

Bank Azərbaycanla bağlı potensial riskləri və onların mümkün fəsadlarını diqqətlə izləyir. EBRD-nin əks-tsiklik institut kimi funksiyası iqtisadi təzyiq dövrlərində, xüsusilə alternativ kapital mənbələrinə çıxışın məhdudlaşdığı şəraitdə müştərilərə və tərəfdaşlara dəstək göstərməkdir. Bankın əsas üstünlüyü bilavasitə yerlərdə daimi fəaliyyəti və müştərilərlə təmasda olmasıdır ki, bu da yaranan təhdidləri vaxtında aşkar etməyə və operativ cavab tədbirləri görməyə imkan verir.

EBRD-nin Azərbaycandakı fəaliyyəti, xüsusilə Ticarətin Maliyyələşdirilməsi Proqramı (TFP) vasitəsilə ticarət əməliyyatları və investisiya fəaliyyəti üçün maliyyə resurslarının əlçatanlığının təmin edilməsini, habelə tərəfdaş banklar və korporativ müştərilərlə, ilk növbədə, isə kiçik və orta sahibkarlıq seqmentində əməkdaşlığın dərinləşdirilməsini ehtiva edə bilər.

Bununla yanaşı, bank enerji dayanıqlığının gücləndirilməsi və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində böyük imkanların olduğunu qeyd edir. Buraya batareya enerji saxlanc sistemlərinin (BESS) tətbiqi və elektrik şəbəkələrinin etibarlılığının artırılması sayəsində enerji keçidini sürətləndirəcək investisiyalar daxildir.

- Yardımın prioritet istiqamətlərindən biri maliyyə sahəsində sabitliyin təmin edilməsidir. EBRD qonşu regionlarda hökm sürən qeyri-sabitlik şəraitində Azərbaycan banklarının likvidliyini təmin etmək məqsədilə kredit xətlərinin genişləndirilməsinə ehtiyac görürmü?

- Hazırkı mərhələdə Azərbaycanın bank sistemi ümumilikdə sabitlik nümayiş etdirir. Tənzimləyici son illərdə etibarlı kapital və likvidlik buferlərinin formalaşmasına, həmçinin beynəlxalq standartların tətbiqinə kömək edən əhəmiyyətli və konstruktiv işlər görüb. Bu, sektorun dayanıqlığına inamımızı gücləndirir və hazırda likvidlik dəstəyinə obyektiv ehtiyacın mövcud olmadığını nümayiş etdirir.

Bununla yanaşı, biz Azərbaycan bankları ilə intensiv əməkdaşlığı davam etdiririk. Səylərimiz EBRD-nin açıq şəkildə əlavə dəyər təmin edə biləcəyi sahələrə yönəlib: mikro, kiçik və orta biznesin kreditləşdirilməsi, "yaşıl" maliyyələşdirmə, inklüziv maliyyə xidmətləri və ticarət maliyyəsi. Bu, həm maliyyə sektorunun inkişafı, həm də ölkə iqtisadiyyatının daha geniş miqyasda şaxələndirilməsində əhəmiyyət kəsb edir. Gənc sahibkarlara məxsus olan və ya onlar tərəfindən idarə olunan mikro, kiçik və orta müəssisələrin gələcəkdə kreditləşdirilməsi üçün bu yaxınlarda "AccessBank" QSC-yə ayırdığımız 20 milyon ABŞ dolları məbləğində krediti buna nümunə göstərmək olar. Bu, məhz həyata keçirməyə çalışdığımız hədəfyönümlü dəstək formatını əks etdirir – məqsədimiz bankları kifayət qədər xidmət göstərilməyən iqtisadi seqmentlərin əhatə dairəsinin genişləndirilməsi ilə yanaşı, dayanıqlığın və potensialın gücləndirilməsində dəstəkləməkdir.

- Bu ay Bakıda Ümumdünya Şəhərsalma Forumu (WUF13) keçiriləcək. Gəncə artıq sizin "Yaşıl şəhərlər" təşəbbüsünüzün tamhüquqlu iştirakçısıdır, digər şəhərlər də bu addımı atırmı? EBRD-nin Azərbaycanda "Yaşıl şəhərlər" proqramı ilə bağlı mövcud vəziyyət necədir?

- Azərbaycan EBRD-nin "Yaşıl şəhərlər" proqramında mühüm yer tutur. Gəncədə biz "Yaşıl şəhər" Fəaliyyət Planının hazırlanmasına – ölkənin əhali sayına görə ikinci böyük şəhərində ekoloji cəhətdən daha sağlam, dayanıqlı və daha rahat yaşayış mühitinin formalaşdırılmasına yönəlmiş uzunmüddətli strategiyanın hazırlanmasına dəstək veririk.

Eyni zamanda, biz bərk məişət tullantılarının idarə edilməsi, küçə işıqlandırmasının modernləşdirilməsi və su infrastrukturunun inkişafı sahəsində kapital qoyuluşlarına töhfə veririk. Hazırkı mərhələdə proqram planlaşdırma mərhələsindən praktiki icra fazasına keçid edir. 35 milyon avro məbləğində ilk kredit sazişinin imzalanmasının ardınca Gəncədə su təchizatı və kanalizasiya sistemlərinin modernləşdirilməsi üçün nəzərdə tutulan 120 milyon avroluq kreditin ayrılmasına hazırlıq gedir. İnvestisiya proqramı təxminən 410 milyon avro məbləğində qiymətləndirilir ki, bu da qarşıya qoyulmuş vəzifələrin miqyasından xəbər verir.

Bundan başqa, biz digər regionlarda da dayanıqlı infrastruktur layihələrini maliyyələşdirmək niyyətindəyik. Xüsusilə, bu il Şəkidə su təchizatı, çirkab və yağış suları infrastrukturunun inşası və bərpası üçün 91 milyon avro məbləğində kredit sazişinin imzalanması planlaşdırılır.

Bakıda və Abşeron yarımadasının ərazisində 3 milyondan çox sakinə xidmət göstərən su təchizatı sisteminin təkmilləşdirilməsi layihəsinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına başlanılıb. Paralel olaraq bankın paytaxtda uzun müddət çirklənməyə məruz qalmış ərazilərin bərpasında iştirakı imkanları araşdırılır. Məqsəd ekoloji cəhətdən zərər çəkmiş ərazilərin yerli icmalar və investisiyalar üçün daha sağlam və cəlbedici məkanlara çevrilməsinə şərait yaratmaqdır.

- Azərbaycanın xüsusilə bərpa olunan elektrik enerjisinin ixracı hesabına Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu nədən ibarət ola bilər?

- Azərbaycan artıq regional enerji təhlükəsizliyi sistemində mühüm yer tutur. Ölkə uzun illərdir özünü Avropa ölkələrinin etibarlı enerji tərəfdaşı kimi təsdiq edib. Hazırda Azərbaycanın bu tərəfdaşlığı Avropa üçün etibarlı "yaşıl enerji" təchizatçısı qismində keyfiyyətcə yeni müstəviyə çıxarmağı hədəflədiyini müşahidə edirik.

EBRD olaraq biz özümüzü bu enerji keçidində etibarlı tərəfdaş hesab edir və bərpa olunan enerji potensialının üzə çıxarılmasında Azərbaycana dəstək verməyə hazır olduğumuzu ifadə edirik. Bununla belə, bu, son dərəcə mürəkkəb vəzifədir, çünki bərpa olunan enerjinin ixracı irihəcmli generasiyanı, inkişaf etmiş transsərhəd infrastrukturun qurulmasını və normativ-hüquqi tələblərə uyğunluğu nəzərdə tutur. Bu planların həyata keçirilməsi üçün Azərbaycan ən qısa müddətdə bir neçə giqavat gücündə layihələrin icrasına başlamalıdır.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər