Azərbaycan banklarında stres-testlərin aparılması üzrə yeni vahid tənzimləmə çərçivəsi qəbul edilib
Far.Az xəbər saytı

Azərbaycan banklarında stres-testlərin aparılması üzrə yeni vahid tənzimləmə çərçivəsi qəbul edilib


Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Banklarda stres-testlərin aparılması Qaydası"nı təsdiq edib.

"Far.Az" AMB-yə istinadən xəbər verir ki, məqsəd "2024 – 2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası"ndan irəli gələrək bank sektorunda maliyyə dayanıqlılığının gücləndirilməsi və beynəlxalq tənzimləmə standartlarına uyğunluğun artırılmasıdır.

Qayda mütərəqqi beynəlxalq təcrübə, o cümlədən Bazel Komitəsinin və Avropa Bank Nəzarəti Orqanının prinsipləri nəzərə alınmaqla hazırlanıb. Əlavə olaraq, bu Qaydaya uyğunlaşdırma istiqamətində "Banklarda korporativ idarəetmə Standartları"nda, "Banklarda kredit risklərinin idarə edilməsi Qaydası"nda, "Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası"nda, "Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası"nda və "Banklarda bazar risklərinin idarə edilməsi Qaydası"nda dəyişikliklər də təsdiq edilib.

Yeni Qaydada banklarda stres-testləşmənin əsas prinsipləri və proqramların tərkibi, modelləşdirmə üsulları və stres-test modellərinin validasiyası üzrə tələblər, həssaslıq və ssenari təhlillərinin əhatəsi, əsas risk növləri (likvidlik, kredit, bazar və əməliyyat) üzrə stres-testlərə və risklərarası qarşılıqlı təsirlərə dair tələblər, habelə stres-test nəticələrinin Mərkəzi Banka hesabatlıq məsələləri öz əksini tapıb. Qaydada həmçinin bank daxilində və nəzarət prosesi çərçivəsində stres-test modelinin keyfiyyətinin və adekvatlığının qiymətləndirilməsinin təşkili üçün istifadə edilə bilən suallar da əhatə edilib.

Nəticə etibarilə, yeni Qayda stres-testlərin keçirilməsi və nəticələrin qiymətləndirilməsi üzrə vahid və sistematik tənzimləmə çərçivəsi yaratmaqla, bankların fərdi dayanıqlılığının və bütövlükdə sektorun riskə davamlılığının kompleks qiymətləndirilməsini təmin edəcək.

Oxşar xəbərlər

ABA: Bazel III bəzi sahələr üzrə kreditləşmədə risk iştahasını müvəqqəti olaraq azalda bilər - MÜSAHİBƏ
AMB yerli banklara kapitalını Bazel III standartlarına uyğunlaşdırmaq üçün 1 il vaxt verib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Elnur Bağırov: "Azərbaycanda keyfiyyət infrastrukturu sistemli inkişaf mərhələsinə keçib" - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər