Azərbaycan-Gürcüstan dostluğunu və milli irsi yaşadan mərkəz - Axundov Muzeyindən REPORTAJ
Tbilisidə yerləşən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi illərdir, Gürcüstandakı soydaşlarımızın mədəni həyatında mühüm rol oynayır. Muzey Azərbaycan-Gürcüstan dostluğunu və milli irsi yaşadan əsas mərkəzlərdən biridir.
"Report"un Gürcüstan bürosunun əməkdaşı 18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə sözügedən muzeydə olaraq ekspozisiya zalları, mədəni mühit və burada həyata keçirilən fəaliyyətlərlə tanış olub.
1982-ci ildə azərbaycanlı ziyalıların təşəbbüsü ilə yaradılan muzeyin qarşısında Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi Bülbülün büstü yerləşir. Kür çayı sahili ilə uzanan yol ziyarətçiləri bu mədəniyyət ocağına gətirir.
Muzeyin direktor müavini Leyla Əliyeva bildirir ki, muzeydə təqdim olunan eksponatlar həm Azərbaycan mədəniyyətini, həm də Azərbaycan-Gürcüstan dostluğunu əks etdirir. Onun sözlərinə görə, muzey Gürcüstan Mədəniyyət Nazirliyinin balansındadır və 2013-cü ildə Azərbaycan dövlətinin dəstəyi ilə əsaslı şəkildə yenidən qurulub.
Muzeydə ümumilikdə altı ekspozisiya zalı fəaliyyət göstərir. Onlardan biri Azərbaycan–Gürcüstan dostluğuna həsr olunub. Burada iki xalqın münasibətlərini əks etdirən fotoşəkillər, heykəltəraşlıq nümunələri və müxtəlif sənət əsərləri nümayiş olunur.
Dostluq otağının ekspozisiyasında Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinə həsr olunan stend, eləcə də Azərbaycan–Gürcüstan dostluğunu əks etdirən abidələrin fotoşəkilləri yer alır. Burada heykəltəraş Novruz Musayevin hazırladığı Nikoloz Baratashvilinin heykəli, həmçinin İrakli Canaşvilinin müəllifi olduğu Nəcəf bəy Vəzirovun büstü də nümayiş etdirilir. Zal boyunca Azərbaycan və Gürcüstanla bağlı çoxsaylı eksponatlar təqdim olunur.
Muzeyin ən diqqətçəkən guşələrindən biri isə Şuşaya həsr olunan bölmədir. Burada Şuşadan gətirilən torpaq və Qarabağla bağlı müxtəlif eksponatlar nümayiş olunur. Direktor müavini qeyd edir ki, "Dostluq otağı"nda ən sevdiyi guşələrdən biri də Şuşa guşəsidir: "Mən bir azərbaycanlı kimi Azərbaycana çox bağlıyam və Şuşada iki dəfə olmaq mənim üçün böyük xoşbəxtlikdir. Şuşadan gətirdiyimiz torpaq bu guşədə xüsusi yer tutur. Ziyarətçilər üçün hazırladığımız Şuşa stendində həm həmin torpaq, həm də Şuşa ilə bağlı bizə hədiyyə olunan müxtəlif xatirə və eksponatlar nümayiş etdirilir".
Muzeydə Azərbaycan musiqi sənətinə xüsusi yer ayrılıb. Saz, kamança və tar dərsləri keçirilir, gənc nəslə milli musiqi irsi təbliğ olunur. Ziyarətçilər burada Qarabağ xanəndələrinin fotoşəkilləri və "Qızıl Fond" tərəfindən hədiyyə olunan xüsusi kataloqla da tanış ola bilirlər.
Direktor müavini bizi tədbirlərin keçirildiyi zalla da tanış edərək bildirir ki, 2013-cü ildə muzeyin fəaliyyəti daha da genişləndirilib və ona mədəniyyət mərkəzi statusu verilib. Hazırda burada mütəmadi olaraq sərgilər, konsertlər, kitab təqdimatları və müxtəlif mədəni tədbirlər keçirilir. Gürcüstanda yaşayan azərbaycanlılar üçün muzey həm də mühüm mədəni görüş məkanlarından biri hesab olunur. Əsas məqsəd Azərbaycan mədəniyyətini yüksək səviyyədə təbliğ etmək, bu zəngin irsi gələcək nəsillərə çatdırmaqdır.
Muzey 1996-cı ildə Heydər Əliyevin Gürcüstana səfərindən sonra əsaslı şəkildə təmir edilərək mədəniyyət mərkəzi kimi fəaliyyətə başlayıb. 2007-ci ildə isə ona Azərbaycan Mədəniyyəti Muzeyi statusu verilib.
Muzeydə xalçaçılıq dərnəyi də fəaliyyət göstərir. Dərnəkdə məktəblilər və azyaşlı uşaqlar iştirak edərək Azərbaycan mədəniyyətinin incilərindən olan xalçaçılıq sənətini öyrənir, naxışlarla tanış olur və özləri xalça toxuyurlar. Daha sonra onların əl işlərindən ibarət sərgi təşkil edilir.
Digər guşələrlə tanış olarkən muzeyi ziyarət edən qonaqlarla da tanış oluruq. Məlum olur ki, ziyarətçilər arasında Türkiyənin Ankara şəhərindən gəlmiş professor Sacid Turanlı və xanımı professor Güzdə Turanlı da var. S.Turanlı təəssüratlarını bizimlə bölüşür:
"Bir millət, iki dövlət" ifadəsi türk mədəniyyəti deməkdir. Azərbaycanda yaşayan türk mədəniyyəti çox böyükdür. Mirzə Fətəli Axundov Azərbaycan tarixinə damğa vurmuş şəxsiyyətlərdən biridir. O, Azərbaycandakı mədəniyyətin və inkişafın ilk öncüllərindən və yaradıcılarından biri olub. Onun açdığı yolla irəliləyənlər həm bugünkü Azərbaycanın formalaşmasında, həm də Turkiyə Cümhuriyyətinin qurulmasında çox böyük rol oynayıblar. Buna görə türk mədəniyyətinə bütöv şəkildə yanaşmaq lazımdır. Bu mədəniyyətin ən vacib qollarından biri də Azərbaycanda inkişaf edən mədəniyyətdir. Mirzə Fətəli Axundov da bunun önəmli nümayəndələrdən biridir".
Xanımı Güzdə Turan da əlavə edərək deyir: "Həyat yoldaşımın dediklərinə qatılıram. Həqiqətən də mütəfəkkirlərimizin izlərini gördüyümüz zaman ruhumuz qidalanır. Türk dünyasını gəzməyə, öyrənməyə və hər şeyi yerində görməyə çalışırıq. Qardaşlığınıza və qonaqpərvərliyinizə görə çox təşəkkür edirik".
Bu arada salonda eşidilən Azərbaycan musiqisinin sədası bizi milli mətbəxin olduğu guşəyə apardı. Burada zəngin Azərbaycan kulinariya mədəniyyəti təqdim olunur, qonaqlara milli təamlar nümayiş etdirilir. Əcnəbilər Azərbaycan mətbəxi ilə tanış olur, təamlardan dadırlar. Fonda səslənən Azərbaycan musiqisi isə bu mədəni atmosferi daha da rəngarəng edir...
Qeyd edək ki, Mirzə Fətəli Axundovun məzarı da muzeyə yaxın ərazidə - botanika bağında yerləşir. Tbilisiyə gələn hər bir azərbaycanlı üçün Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyini ziyarət etmək tariximizə və mədəni yaddaşımıza qısa bir səyahət kimidir. Burada Azərbaycanın ədəbi ruhu, milli irsi və Azərbaycan–Gürcüstan dostluğu yaşayır. Bu mədəniyyət ocağı ilə tanışlıq isə ortaq dəyərlərimizi və zəngin irsimizi yaxından görmək deməkdir.
Oxşar xəbərlər
Birinci xanım Mehriban Əliyeva Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
WUF13-də "Urban Expo" sərgisinin rəsmi açılışı olub
-
Türk Dövlətləri Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib
-
Bolqarıstan Prezidenti İliyana Yotova Azərbaycana səfərə gəlib
-
WUF13 dünya mediasının diqqətində
-
İran Hörmüz boğazı ilə bağlı yeni mexanizm hazırlayıb
-
Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar - "Su qiymətinə"













