XRİTDX Azərbaycanda informasiya sistemlərinin auditində yaranan texniki problemlərin səbəbini açıqlayıb
Far.Az xəbər saytı

XRİTDX Azərbaycanda informasiya sistemlərinin auditində yaranan texniki problemlərin səbəbini açıqlayıb


Azərbaycanda dövlət qurumları və şirkətlərin faylların ötürülməsi üçün istifadə etdiyi FTP (File Transfer Protocol) protokolundan daha müasir CI/CD mühitinə keçid zamanı yeni təhlükəsizlik riskləri yarana bilər.

"Report" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) İdarə rəisi Nadir Novruzov "ADEX 2026 – VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi" çərçivəsində keçirilən panel müzakirədə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda proqram təminatının hazırlanması və tətbiqi proseslərində vahid proqramlaşdırma dili istiqamətində tələbat formalaşıb və bu, həm dövlət qurumları, həm də şirkətlər üçün müəyyən çətinliklər yaradır.

"Biz də bilirik ki, dövlət qurumları və şirkətlər baxımından bu sahədə çətinliklər yaranır. Çalışacağıq ki, konteyner mühitinə keçək ki, həm dəstək, həm də izlənilmə baxımından həm şirkətlər, həm də dövlət qurumları üçün daha əlçatan olsun", – deyə N.Novruzov qeyd edib.

Xidmət rəsmisi bildirib ki, CI/CD mühitinə keçid proqram təminatının hazırlanması və yenilənməsi prosesini sürətləndirməklə yanaşı, yeni kibertəhlükəsizlik riskləri də yarada bilər.

"CI/CD mühitinə keçid özünün gətirdiyi təhlükəsizlik imkanları ilə bərabər, müəyyən təhlükəsizlik problemləri də yaradacaq. Biz bunu görürük və buna kompleks yanaşmaq lazım olacaq. Yəni, sadəcə keçid edib hər şeyə icazə verə bilmərik", – o vurğulayıb.

N.Novruzovun sözlərinə görə, hazırda FTP üzərindən IP ünvanlarına və digər resurslara məhdudiyyətlər tətbiq etməklə mümkün risklərin qarşısını almağa çalışırlar.

"Amma CI/CD-yə keçəndə həmin istifadəçinin şifrəsi kiminsə əlinə keçdikdən sonra dövlət qurumuna məxsus sistemə hansısa zərərli kod yerləşdirilərsə, bunun izlənilməsi necə olacaq? Nəzarət necə həyata keçiriləcək? Bu məsələlər mütləq nəzərə alınmalıdır. Bunlar həllini tapandan və mühitimiz hazır olandan sonra biz həmin sistemə keçəcəyik", – Xidmət rəsmisi əlavə edib.

Dövlət informasiya ehtiyatları sistemlərinin auditindən danışan N.Novruzov yoxlama prosesinin uzanmasına səbəb olan əsas problemlərdən də bəhs edib.

O bildirib ki, audit zamanı ilk çətinliklərdən biri sistemlərin "deployment" mərhələsində yaranan texniki problemlərlə bağlıdır.

"Praktikada müəyyən çətinliklərlə qarşılaşırıq. Birincisi, hazırlayan şirkət və yaxud qurum tərəfindən sistemlərin "deployment" vaxtı hər hansı bir sazlanmada çətinlik olur və yaxud nəsə düzgün işləmir. Sistemi yoxlamaq istəyirik, lakin ya sistemin özü, yaxud hansısa hissəsi işləmir. Bu halda bizim yoxlamamız yarımçıq qalır", – deyə N.Novruzov bildirib.

Onun sözlərinə görə, belə hallarda sistem üzrə texniki problemlər aradan qaldırıldıqdan sonra auditin yenidən keçirilməsi tələb olunur ki, bu da prosesin müddətini uzadır.

"Belə olan halda məcbur qalırıq ki, yenidən müraciət edək. Onlar problemləri aradan qaldırandan sonra təkrar yoxlama həyata keçiririk", – Xidmət rəsmisi deyib.

N.Novruzov audit zamanı aşkar edilən təhlükəsizlik boşluqlarının vaxtında aradan qaldırılmamasının da prosesi uzadan əsas amillərdən biri olduğunu qeyd edib.

"Prosesi ən çox uzadan məqamlardan biri budur ki, sistem yoxlanılır, boşluqlar aşkar olunur və onların aradan qaldırılması üçün müraciət edilir. Aradan qaldırılma müddəti uzanır və yaxud aradan qaldırıldığı deyilən boşluqları təkrar yoxlayanda görürük ki, yenə boşluqlar var. Bu da müddəti istər-istəməz uzadır", – o əlavə edib.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər