Azərbaycan və Vyetnam Elmlər akademiyaları əməkdaşlıq müqaviləsi imzalayacaq
Far.Az xəbər saytı

Azərbaycan və Vyetnam Elmlər akademiyaları əməkdaşlıq müqaviləsi imzalayacaq


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Vyetnam Sosial Elmlər Akademiyası arasında ikitərəfli əməkdaşlıq haqqında müqavilə imzalanacaq.

Bu barədə "Far.Az"a AMEA-dan məlumat verilib.

Bildirilib ki, bu məsələ AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Vyetnamın rəsmi mətbu orqanı olan "Kommunist" jurnalının baş redaktorunun müavini Dr. Nquyen Nqok Hanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı müzakirə edilib.

İ.Həbibbəyli son illərdə iki ölkə arasında elm və təhsil sahəsində də münasibətlərin inkişaf etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, müasir dövrdə AMEA ilə Vyetnamın müvafiq elm və təhsil müəssisələri arasında yeni əlaqələr formalaşmaqdadır.

Akademik İsa Həbibbəyli bildirib ki, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Vyetnam ədəbiyyatının inkişaf tarixinə həsr olunmuş Azərbaycan dilində monoqrafiya işıq üzü görüb və hazırda rus dilinə də tərcümə olunan nəşrin yaxın vaxtlarda çapı nəzərdə tutulur.

Bundan əlavə, o AMEA ilə Vyetnam Sosial Elmlər Akademiyası arasında ikitərəfli əməkdaşlıq haqqında müqavilənin bağlanması istiqamətində müzakirələrin aparıldığını söyləyib. AMEA rəhbəri vurğulayıb ki, bu müqavilənin imzalanması Azərbaycan-Vyetnam elmi əlaqələrində yeni mərhələnin başlanğıcı olacaq.

Akademik vyetnamlı nümayəndələrin Azərbaycana səfərinin və AMEA-da keçirilən görüşün gələcək əməkdaşlığın inkişafına stimul verəcəyini söyləyib. O, Azərbaycan və Vyetnam arasında dostluq münasibətlərinin, eləcə də elmi əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Görüşdə çıxış edən Vyetnam nümayəndə heyətinin rəhbəri Dr. Nquyen Nqok Ha səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirib, Azərbaycanın bugünkü inkişafı istiqamətində əldə etdiyi nailiyyətlərə heyranlığını ifadə edib.

İki ölkə arasında güclü dostluq münasibətlərinin mövcud olduğunu vurğulayan qonaq Azərbaycanda təhsil almış çoxsaylı vyetnamlı tələbələrin hazırda Vyetnamda rəhbər vəzifələrdə çalışdığını qeyd edib. Onun sözlərinə görə, həmin şəxslər dövlət idarəçiliyində, parlamentdə və müxtəlif sahələrdə rəhbər postlar tuturlar. O, həmçinin Azərbaycandan neft və qaz hasilatı sahəsində də qiymətli biliklər əldə etdiklərini bildirib. Vyetnam nümayəndəsi hər iki ölkənin hazırda güclü inkişaf prosesinə qədəm qoyduğunu diqqətə çatdırıb və qeyd edib ki, bu inkişafda elmi tədqiqatların rolu böyükdür və elmə olan ehtiyac hər keçən gün daha da artır. Dr. Nquyen Nqok Ha Vyetnam-Azərbaycan elmi əlaqələrinin inkişaf səviyyəsindən məmnunluğunu ifadə edib.

"Kommunist" jurnalının fəaliyyətindən danışan baş redaktor müavini nəşrin eyni zamanda elmi tədqiqat funksiyasını daşıdığını söyləyib. Qeyd edib ki, jurnal nəzəri və siyasi tədqiqatlar aparır, ölkənin və dövlətin idarəetmə modellərini, inkişaf prosesində sosial məsələləri, mədəniyyəti və onun inkişafına təsir edən amilləri, eləcə də beynəlxalq əlaqələri araşdırır.

Daha sonra qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Oxşar xəbərlər

Nazir bu müəllimləri təltif edildi - ADLAR
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
"People" jurnalının "ən gözəl məşhuru" siyahısı: illər üzrə qaliblər
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər