MDB liderləri tarixi yaddaşın qorunması haqqında Bəyanat qəbul ediblər
Far.Az xəbər saytı

MDB liderləri tarixi yaddaşın qorunması haqqında Bəyanat qəbul ediblər


Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı dövlətlərinin başçıları tarixi yaddaşın qorunması haqqında Bəyanat qəbul ediblər.

Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sənəd oktyabrın 9-da Türkmənistanın "Avaza" Milli Turizm Zonasında MDB Dövlət Başçıları Şurasının iclasında imzalanıb.

Bəyanatda tarixi yaddaşın qorunmasının ayrı-seçkilik, irqçilik, ksenofobiya və dözümsüzlüklə mübarizədə təsirli vasitə olduğu vurğulanır. Tarixi bilmək dinc yanaşı yaşamağın təməllərini sarsıdan keçmişin təhrif edilməsinə, dezinformasiya yayılmasına və ekstremizm cəhdlərinin vaxtında müəyyənləşdirilməsinə və onların qarşısının alınmasına imkan verir.

Birlik ölkələrinin liderləri keçmiş, indiki və gələcək arasındakı əlaqənin tənqidi şəkildə başa düşülməsinin, eləcə də mənbələrin və tarixi əsərlərin hərtərəfli öyrənilməsi yolu ilə tarixi dəqiqliyin təmin edilməsinin vacibliyini qeyd ediblər.

Sənəddə deyilir:

"Biz beynəlxalq ictimaiyyəti tarixi yaddaşı və tarixi həqiqəti qorumaq, xalqlar arasında sülhü, qarşılıqlı hörməti və etimadı möhkəmləndirmək, beynəlxalq hüququn ümumi qəbul edilmiş normalarına uyğun olaraq dinc və konstruktiv əməkdaşlıq təcrübəsini gələcək nəsillərə ötürmək, nasizmin, faşizmin və digər dağıdıcı ideologiyaların təriflənməsinin yolverilməzliyi prinsipinə ardıcıl olaraq riayət etmək üçün səyləri birləşdirməyə çağırırıq".

MDB dövlətləri açıq, dürüst, peşəkar və siyasətdən uzaq dialoq prinsiplərinə əsaslanaraq tarixi təhsil sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.

Prioritet sahələrə xatirə tarixlərinin təşviqi, MDB ölkələri arasında münasibətlərin inkişafının ən vacib mərhələlərini əks etdirən tarixi və xatirə yerlərinin qorunması, müvafiq tədbirlərin təşkili, alimlər, arxivçilər, arxeoloqlar, tədqiqatçılar, habelə gənclər və könüllü hərəkatlarının nümayəndələri arasında əlaqələrin genişləndirilməsi daxildir.

Bundan əlavə, planda MDB-nin iştirakçı dövlətlərinin Beynəlxalq Tarixçilər və Arxivçilər Assosiasiyası çərçivəsində əməkdaşlığının inkişaf etdirilməsi, eləcə də universal və regional beynəlxalq forumlarda tarixi yaddaşın qorunması üçün birgə təşəbbüslərin təşviq edilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Leyla Əliyeva Türkmənistanda Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılışında iştirak edib
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər