BƏƏ-də saxlanılan "Flydubai" pilotunun "Müsəlman Qardaşları" təşkilatı ilə əlaqəsi olduğu aşkarlanıb
Təl-Əvivdəki Ben-Qurion hava limanında (İsrail) terror aktı törətməyə cəhd edən "Flydubai" aviaşirkətinin ikinci pilotunun "Müsəlman Qardaşları" terror təşkilatı ilə əlaqəli olduğu ehtimal edilir.
"Report" WAM-a istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin Baş prokuroru Həməd Səif Əl-Şəmsi sentyabrın 30-na planlaşdırılan Dubay - Təl-Əviv reysində baş vermiş hadisənin istintaq nəticələrini təqdim edərkən bildirib.
Oman vətəndaşı olan 29 yaşlı ikinci pilot əvvəlcədən terror aktı planı hazırlayıb. O, təyyarənin idarəetməsini ələ keçirərək Təl-Əvivdəki Ben-Qurion hava limanının sərnişin terminalına hücum etməyi və mümkün qədər çox insanın ölümünə səbəb olmağı nəzərdə tutub.
İddialara əsasən onun radikallaşmasının ilk əlamətləri 2017-ci ildə Avstraliyada təhsil aldığı dövrdə üzə çıxıb. Belə ki, şübhəli 2001-ci il sentyabrın 11-də ABŞ-də törədilmiş terror aktlarından da təsirlənib və təyyarədən istifadə etməklə oxşar əməliyyat həyata keçirməyi planlaşdırıb. Öz etirafına görə, aviasiya sahəsində karyera qurmaq qərarı da məhz bu niyyətlə əlaqəli olub.
Şübhəli Melburnda təhsil aldığı müddətdə Kral Melburn Texnologiya İnstitutunun (RMIT) nəzdindəki məscidə mütəmadi gedib. Orada "My Centre" təşkilatı ilə əlaqəli şəxslərlə tanış olub. Onun sözlərinə görə, təşkilata Əbu Həmzə kimi tanınan livanlı şəxs rəhbərlik edib. Şübhəli həmçinin bu qurumun "Müsəlman qardaşları" hərəkatı ilə əlaqəli birlik tərəfindən dəstəkləndiyini iddia edib.
Peşəkar fəaliyyəti ərzində şübhəli bir neçə ölkənin aviaşirkətində çalışıb. O, 2020–2024-cü illərdə "Oman Air" aviaşirkətinin əməkdaşı olub. 2025-ci ilin əvvəlində "Royal Air Maroc"a keçib və orada bir neçə ay işləyib. 2026-cı ilin yanvarında isə "Flydubai" aviaşirkətində işə başlayıb.
İstintaqın versiyasına görə, şübhəli Təl-Əvivə əvvəlki iki uçuşundan marşrutu və hava limanını öyrənmək üçün istifadə edib. O, iddia edilən planını həyata keçirməyə sentyabrın 30-da həmin şəhərə üçüncü uçuşu zamanı başlayıb.
Saxlanılan şəxs təkbaşına hərəkət etdiyini bildirib. Bununla belə, istintaqçılar onun ifadələrinin doğruluğunu yoxlamağa davam edirlər.
Xatırladaq ki, sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan "Flydubai" təyyarəsi Səudiyyə Ərəbistanının Təbuk hava limanına təcili eniş edib. Sonradan pilotlardan birinin bıçaq yarası aldığı, digərinin isə təyyarənin idarəetməsini ələ keçirməyə cəhd göstərdiyi barədə məlumat yayılıb. Ekipajın digər üzvləri və sərnişinlər hadisəyə müdaxilə ediblər.
"Flydubai" insidentlə bağlı araşdırma başa çatanadək İsrailə uçuşları dayandırıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib
-
Bərdədə xəstənin əməliyyat nəticəsində ölməsində təqsirli bilinən həkimə hökm oxunub
-
Premyer Liqa: VII turun açılış oyununda "Kəpəz" "Araz-Naxçıvan"ı məğlub edib
-
Tokayev: Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik
-
Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir
-
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşada olublar













