Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı ixtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib
Far.Az xəbər saytı

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı ixtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib


Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib.

Bu barədə "Far.Az"a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, TƏBİB-in İcraçı direktorunun müşaviri Töhfə Cəmilova, Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva və Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanov poliklinikanın şəraiti ilə tanış olublar.

Tibb müəssisəsinin fəaliyyətində əsas məqsəd sağlam şəxslərdə vərəmə yoluxma riskinin qarşısının alınması, ağciyər və ağciyərdənkənar vərəmli xəstələrdə cərrahi müalicəyə zərurət yarandığı hallarda çoxprofilli yardımın göstərilməsi və vərəmin müalicəsi zamanı yaranan çətinliklərin aradan qaldırılmasıdır.

Poliklinikada pulmanoloq, ftiziatr, terapevt, pediatr, kardioloq, nevroloq, cərrah və digər ixtisaslı həkimlər fəaliyyət göstərir. Uşaqlar arasında vərəm və digər tənəffüs sistemi xəstəliklərinin erkən diaqnostikası, müalicə və müşahidəsi üçün əlavə şöbə də mövcuddur.

Tibb müəssisəsində rentgen və ultrasəs müayinələri, spirometriya, bronxoskopiya, elektrokardioqrafiya, elektroensefaloqrafiya, audiometriya, eləcə də müasir laborator-molekulyar-genetik analizlər vasitəsilə xəstəliklərin vaxtında üzə çıxarılması və düzgün diaqnostikası üçün geniş şərait yaradılıb.

Tənəffüs orqanları xəstəliklərindən əziyyət çəkən xəstələrin müalicəsi və funksional bərpası məqsədilə fizioterapiya şöbəsi də fəaliyyət göstərir. Vərəm xəstələrinin ambulator müalicəsi və dispanser nəzarəti ilə yanaşı, müalicə rejiminə əməl olunmasını təmin etmək üçün video nəzarətli terapiya imkanı da mövcuddur.

Müasir tibbi infrastruktur, ixtisaslı kadr potensialı və geniş diaqnostik imkanlarla təchiz edilmiş poliklinika əhalinin sağlamlığının qorunmasına və ölkədə vərəmlə mübarizə tədbirlərinin daha səmərəli həyata keçirilməsinə töhfə verəcək.

Oxşar xəbərlər

1 saylı İxtisaslaşdırılmış Poliklinikanın Laboratoriya şöbəsinin açılışı olub
1 saylı İxtisaslaşdırılmış Poliklinikada Laboratoriya şöbəsi açılıb
Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Leyla Əliyeva Səhiyyə Nazirliyi 5 saylı Uşaq Vərəm Sanatoriyasını ziyarət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər