Tbilisidə azərbaycandilli məktəblərdə ana dilinin tədrisinə həsr olunmuş kitab təqdim edilib
Far.Az xəbər saytı

Tbilisidə azərbaycandilli məktəblərdə ana dilinin tədrisinə həsr olunmuş kitab təqdim edilib


Tbilisidə iqtisadiyyat üzrə fəlsəfə doktoru, "Maarif" təşkilatının direktoru Aygül İsayevanın "Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimatı keçirilib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, elmi araşdırmalara əsaslanan nəşrdə Gürcüstanda azərbaycandilli məktəblərdə ana dilinin tədrisi, şagirdlərin Azərbaycan dilini mənimsəməsinə təsir göstərən amillər, eləcə də ana dilinin qorunması və gələcək nəsillərə ötürülməsi məsələləri araşdırılıb.

Müəllif təqdimatdakı çıxışında bildirib ki, Gürcüstanda azərbaycandilli məktəblərin sayının azalması ilə yanaşı, ana dilinin tədrisi sahəsində də ciddi problemlər mövcuddur. O, xüsusilə 2006-cı ildə İlia Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı ixtisasına tələbə qəbulunun dayandırılmasının ixtisaslı kadrların hazırlanmasına mənfi təsir göstərdiyini vurğulayıb.

Müəllifin sözlərinə görə, ana dili dərslərinin saatlarının azaldılması, buraxılış imtahanının ləğvi, dərsliklərin tərcüməsində yol verilən səhvlər və ixtisaslı müəllim çatışmazlığı şagirdlərin Azərbaycan dilini mənimsəməsini çətinləşdirən əsas amillərdəndir.

Kitabda müəllim və şagirdlərin fikirləri əsasında bu problemlər təhlil olunub, onların həlli istiqamətində diqqət yetirilməli məsələlərə toxunulub.

A.İsayeva nəşrin məqsədinin yalnız mövcud problemləri üzə çıxarmaq deyil, həm də onların həllinə diqqət çəkmək olduğunu bildirib. O qeyd edib ki, ana dilinin qorunması və gələcək nəsillərə ötürülməsi təkcə təhsil məsələsi deyil, həm də milli kimliyin və mədəni irsin mühafizəsi baxımından mühüm əhəmiyyət daşıyır.

Təqdimatda Azərbaycanın Gürcüstandakı səfirliyinin təhsil üzrə müşaviri Fuad Çıraqov və Türkiyənin Tbilisidəki səfirliyinin təhsil müşaviri Yüksel Kara çıxış ediblər. Çıxışlarda kitabın mövzusu, ana dilinin tədrisinin əhəmiyyəti və Azərbaycan dilinin qorunmasının vacibliyi vurğulanıb.

Oxşar xəbərlər

"Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər