ADY: Sabahdan Bakı–Tbilisi–Bakı marşrutu üzrə reyslərin sayı 4-ə çatdırılır
Far.Az xəbər saytı

ADY: Sabahdan Bakı–Tbilisi–Bakı marşrutu üzrə reyslərin sayı 4-ə çatdırılır


"Azərbaycan Dəmir Yolları" QSC (ADY) beynəlxalq istiqamətdə artan sərnişin tələbatının qarşılanması və səyahət imkanlarının genişləndirilməsi məqsədilə 1 noyabr 2026-cı il tarixindən etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçirəcək.

BAKU.WS bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, reyslərin artırılması nəticəsində sərnişin yerlərinin sayı 386-dan 564-ə çatdırılır. Bu isə 50 %-ə yaxın artım deməkdir.

Yeni reyslərin istifadəyə verilməsi sayəsində sərnişinlər üçün daha aşağı büdcəli səyahət imkanları təqdim edilir. Belə ki, əlavə reyslərdə standart sinif (əvvəlki plaskart vaqonlar) üzrə biletlərin qiyməti 36 AZN-dən başlayır. Yeni aşağı büdcəli səyahət seçimi ilə sərnişinlər 30 faiz daha ucuz qiymətə səyahət edə biləcəklər. Marşrut üzrə bir istiqamətə Bakıdan Tbilisiyə minimum gediş haqqı 54 AZN, Yevlaxdan 44 AZN, Gəncədən 41 AZN, Ağstafadan 38 AZN, Böyük Kəsikdən Tbilisiyə isə 36 AZN təşkil edir.

Hazırda Bakıdan Tbilisiyə "Stadler" vaqonlarında komfort sinif üzrə minimum gediş haqqı 77,5 AZN, Gəncədən isə 56,8 AZN-dir.

Əlavə reyslərlə sərnişinlərə gecə səfərləri ilə yanaşı, gündüz səyahəti imkanı da təqdim edilir. Bununla da sərnişinlər Bakı–Tbilisi–Bakı marşrutu üzrə öz planlarına uyğun səfər vaxtını seçə biləcəklər.

Yeni qrafikə əsasən, hazırda istismarda olan Bakı–Tbilisi–Bakı qatarı paytaxtdan saat 23:10-da yola düşməklə növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Qatar Tbilisidən saat 11:00-da yola düşərək saat 20:26-da Bakı Dəmiryol Vağzalında olacaq.

Yeni reys üzrə qatar isə Bakıdan hər gün saat 09:10-da yola düşəcək və saat 19:11-də Gürcüstan paytaxtına çatacaq. Əks istiqamətdə qatar saat 22:00-da hərəkətə başlayacaq və növbəti gün saat 07:57-də Bakıda olacaq.

Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reyslərin istifadəyə verilməsi tərəflərin uzun müddət davam edən birgə zəruri hazırlıq, texniki və təşkilati işləri başa çatdırmasından sonra mümkün olub.

ADY beynəlxalq sərnişin daşımalarında xidmət keyfiyyətinin artırılması, sərnişinlərin rahat və təhlükəsiz səfərlərinin təmin olunması, eləcə də artan tələbatın qarşılanması istiqamətində tədbirləri davam etdirəcək.

Oxşar xəbərlər

Bakıdan Tbilisiyə yeni qatar reysləri: Qiymətlər düşdü, bəs sıxlıq azalacaq?
ADY: Bakı–Tbilisi–Bakı qatarında sərnişin yerlərinin sayı 564-ə çatdırılır
Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündə 4 reys həyata keçiriləcək - RƏSMİ
Bakı–Tbilisi–Bakı qatarı ilə bağlı ŞAD XƏBƏR - Həm ucuzlaşdı, həm də...
Bakı-Qazax yolunun Yevlaxdan keçən hissəsində tikinti və yenidənqurma işləri yekunlaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər