"UN Tourism"in rəsmisi: "Azərbaycanda sağlamlıq turizminin böyük potensialı var"
Far.Az xəbər saytı

"UN Tourism"in rəsmisi: "Azərbaycanda sağlamlıq turizminin böyük potensialı var"


Azərbaycanda sağlamlıq turizmi sahəsində böyük potensial var və ölkə bu istiqamətdə uzunmüddətli strategiya həyata keçirir.

Bunu "Far.Az"a açıqlamasında "UN Tourism"in proqramlar üzrə baş əməkdaşı Mişel Julian (Michel Julian) bildirib.

Onun sözlərinə görə, Azərbaycan tibbi turizm xidmətləri, həmçinin Naftalan kimi təbii məhsullara əsaslanan sağlamlıq turizmini daha da inkişaf etdirmək üçün uzunmüddətli strategiya həyata keçirir: "Biz BMT-nin Turizm Agentliyi olaraq bu strategiyada Azərbaycana dəstək verməyə hazırıq. Burada olmaqdan, bilik və qabaqcıl təcrübələri bölüşməkdən çox məmnunuq".

M. Julian qeyd edib ki, Azərbaycanın mühüm üstünlüklərindən biri tibbi xidmətlərlə yanaşı, Naftalan kimi velnes (sağlamlıq) məhsullarını bir araya gətirməsidir: "İdeya odur ki, müxtəlif seqmentləri cəlb etmək üçün bunları rəqabət üstünlüyü yaradacaq vahid məhsula çevirmək mümkün olsun. Bu zaman turistlər həm velnes məhsullarından yararlanır, həm də tibbi müalicələr üçün səfər edirlər".

Xarici ekspert turizm sektorunda akkreditasiyanın roluna da xüsusi toxunub: "Akkreditasiya çox vacibdir, çünki o, ölkənin öz ev tapşırığını layiqincə yerinə yetirdiyini göstərir. Buna görə də akkreditasiya ölkənin qlobal müstəvidə mövqeyini möhkəmləndirməyə, təyinat yerinin təklif etdiyi keyfiyyəti nümayiş etdirməyə və Azərbaycana gələn pasiyentlərin təhlükəsiz səyahətini təmin etməyə imkan verəcək. Azərbaycanda turizm sektorunun potensialı olduqca böyükdür. Çünki ölkə, ilk növbədə, coğrafi cəhətdən əlverişli mövqedə yerləşir və bu, mühüm rəqabət üstünlüyüdür. Ölkənin digər bir üstünlüyü isə burada mütəmadi olaraq keçirilən beynəlxalq tədbirlərin sayıdır. Belə ki, Azərbaycan işgüzar turizm sənayesinə (MICE) üstünlük verir. Əgər siz MICE sənayesini və bu cür tədbirləri tibbi turizm təklifləri ilə birləşdirsəniz, müxtəlif hədəf seqmentlərini cəlb etmək üçün tam və bütöv bir məhsul əldə etmiş olursunuz".

O əlavə edib ki, turizmin gələcəyi davamlı və əlçatan olmaqdan keçir: "Çünki əlçatanlıq təməl şərtlərdəndir. Eyni zamanda, rəqəmsal platformalardan, süni intellektdən və yeni texnologiyalardan yararlanaraq innovativ olmaq lazımdır. Bunlar hədəf təyinat yerinin uğurunu şərtləndirən əsas elementlərdir".

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər