SOCAR-ın Türkiyəyə investisiyaları STAR NEZ-dəki yeni layihədən sonra 20 milyard dollara çatacaq
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədə yerləşən STAR neft emalı zavodunda (NEZ) aviasiya kerosini istehsalı üçün yeni qurğunun inşasına təxminən 120 milyon ABŞ dolları (təqribən 6 milyard Türkiyə lirəsi) yönəltməyi planlaşdırır.
Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə "SOCAR Türkiye" şirkəti məlumat yayıb.
Bildirilib ki, STAR NEZ aviasiya yanacağı istehsalı üçün yeni qurğunun layihələndirilməsi, satınalınması və inşası mərhələsinə keçib.
"Təxminən 6 milyard lirə məbləğindəki bu kapital qoyuluşları çərçivəsində biz aviasiya yanacağı istehsalını yeni "Jet Fuel" ("Kero-Merox") qurğusuna keçirəcəyik və hər il təqribən 600 min ton həcmində əlavə dizel yanacağı istehsalı güclərini təmin edəcəyik. Bu, bazar vəziyyətini nəzərə almaqla aviasiya kerosini və dizel istehsalını daha çevik idarə etməyimizə imkan verəcək", - "SOCAR Türkiye"nin neft emalı və neft-kimya biznes bölməsinin rəhbəri və Türkiyənin "Petkim Petrokimya Holding" şirkətinin baş direktoru Kənan Mirzəyev bildirib.
Qeyd olunub ki, layihənin icrası zavodun əməliyyat çevikliyini və enerji səmərəliliyini artıracaq, həmçinin Türkiyənin idxal olunan dizel yanacağı tədarükündən asılılığını azaldacaq. STAR NEZ-də fəaliyyət göstərən KHT ("Kerosene Hydrotreater") qurğusu yeni "Jet Fuel" ("Kero-Merox") qurğusu işə salındıqdan sonra dizel istehsalına yenidən istiqamətləndiriləcək, eyni zamanda zərurət yarandıqda KHT qurğusu aviasiya kerosini istehsalını bərpa etmək imkanını qoruyub saxlayacaq.
"Bu layihə üzrə beynəlxalq şirkətlər konsorsiumu ilə EPC müqaviləsi bağlanıb. Layihə-axtarış, satınalma və tikinti-quraşdırma işlərinə yaxın günlərdə başlanacaq, yeni "Jet Fuel" ("Kero-Merox") qurğusunun isə 2029-cu ilin birinci rübünə işə salınması nəzərdə tutulur. Bu layihə SOCAR-ın Türkiyəyə yatırdığı ümumi investisiya həcmini 20 milyard dollara çatdıracaq", - K.Mirzəyev vurğulayıb.
O bildirib ki, 2018-ci ildə istismara verilmiş STAR NEZ-in emal gücü ilkin 10 milyon tondan ildə 13 milyon tona qədər artıb: "Nəticədə STAR Türkiyənin ən böyük vahid neft emalı zavoduna çevrilib".
Oxşar xəbərlər
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Dövlət Xidməti Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
FHN Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
FHN SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Tullantı sutəmizləyici qurğunun tikinti ərazisinə mediatur təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Azərbaycanda daha bir həkim vəfat etdi
-
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
-
Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib













