Bakıda mieloma və plazma hüceyrəli xəstəliklərlə bağlı vəziyyət müzakirə olunub
Far.Az xəbər saytı

Bakıda mieloma və plazma hüceyrəli xəstəliklərlə bağlı vəziyyət müzakirə olunub


"Hematologiyanın aktual problemləri (HEMAP 2026)" adlı beynəlxalq konfransın ikinci günündə çoxsaylı mieloma və plazma hüceyrəli xəstəliklər mövzusunda panel sessiya keçirilib.

"Far.Az"un məlumatına görə, sessiyada çıxış edən Türkiyənin hematologiya və kök hüceyrə transplantasiyası sahəsində fəaliyyət göstərən akademik Ömür Sevindik deyib ki, belantamabın (hematologiyada istifadə olunan, əsasən çoxsaylı miyelomun müalicəsi üçün nəzərdə tutulmuş hədəfli xərçəng əleyhinə preparatdır - red.) tətbiqində doza intervallarının uzadılması gözlə bağlı yan təsirlərin idarə olunmasına imkan verir.

O qeyd ki, belantamabın istifadəsi zamanı yaranan gözlə bağlı dəyişikliklər əsasən dozanın gecikdirilməsi yolu ilə idarə olunur. Müalicənin tam dayandırılmasına isə nadir hallarda ehtiyac yaranır.

Rusiyalı həkim Oleq Rukavitsın çıxışında bildirib ki, bu sahədə transplantasiyanın tətbiq edildiyi müalicə strategiyaları transplantasiyasız strategiyalarla müqayisədə iqtisadi baxımdan daha səmərəli olur: "Transplantasiya və ikiillik daratumumab dəstəkləyici terapiyasını əhatə edən strategiya ən aşağı xərclərlə xarakterizə olunub".

O vurğulayıb ki, bəzi xəstələr diaqnozdan sonra yalnız lenalidomid, bəziləri isə pomalidomid və deksametazon qəbul edirlər:

"Bu baxımdan, lenalidomid öz üstünlüyünü göstərib. Çoxsaylı mieloma xəstələrində dəstəkləyici terapiya üçün həkimlər tərəfindən bu preparat digər müalicə kombinasiyalarına nisbətən daha çox seçilir. Lakin burada nəyi nəzərə almalıyıq? İstənilən terapiya, xüsusilə, uzunmüddətli müalicə, üstəlik, adətən yaşlı olan xəstələrdə orqanizmin bioloji ehtiyatının tükənməsinə səbəb ola bilər. Ancaq iki preparatı nəzərdən keçiririk - lenalidomid və daratumumab. Bunlar insan orqanizmi üçün təsirsiz və ya zərərsiz preparatlar deyil. Sübut olunub ki, lenalidomidin istifadəsi anemiya və ikincili xərçəng riskinin artması ilə əlaqələndirilə bilər. Bu hallar tez-tez müşahidə olunur və ikincili xərçəng müəyyən ehtimalla xəstənin ölümünə səbəb ola bilər. Daratumumab isə immun sisteminin fəaliyyətinə kifayət qədər güclü müdaxilə edir".

Qazaxıstanlı nümayəndə Azat Karabekov çoxsaylı mielomada induksiya terapiyasının optimallaşdırılmasına həsr olunan çıxışında qeyd edib ki, çoxsaylı mieloma xəstələrinin müalicə nəticələrini qiymətləndirərkən terapiyanın effektivliyi və ilk remissiyanın müddəti induksiya terapiyası nəticəsində nə dərəcədə dərin cavab əldə edilməsindən asılı olduğu anlaşçılır:

"Bütün tədqiqatlarda bu məqam öz təsdiqini tapır: xəstə birinci sıra terapiya zamanı nə qədər dərin cavab əldə edərsə, remissiya dövrü də bir o qədər uzun olur".

Rusiyalı həkim Mobil Əhmədov isə çıxışında bildirib ki, residivləşən follikulyar limfomanın müalicəsində qeydiyyatdan keçmiş dozadan daha aşağı dozada immunoterapiyanın tətbiqi ümidverici nəticələr göstərib.

O deyib ki, beynəlxalq tədqiqatların sistematik icmalı və meta-analizinin nəticələrinə əsasən, aşağı dozalı müalicə zamanı ümumi cavab tezliyi 87%, tam cavab tezliyi isə 57% təşkil edib.

Tədqiqatı təqdim edən mütəxəssisin sözlərinə görə, əldə olunan göstəricilər qeydiyyat tədqiqatlarının nəticələri ilə müqayisədə geri qalmır, bəzi göstəricilər üzrə isə daha yüksəkdir.

O qeyd edib ki, immun cavabın aktivləşdirilməsi üçün preparatın mütləq yüksək dozada tətbiqi tələb olunmaya bilər. Bu yanaşma immunoterapiyada doza seçiminin əhəmiyyətini və daha aşağı dozaların potensial effektivliyini gündəmə gətirir.

Panel sual-cavab sessiyası ilə davam edib.

Oxşar xəbərlər

Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər