Xarici güc mərkəzlərinin Ermənistandan istifadəsi sülh prosesinə ciddi maneədir - RƏY
Kənar güc mərkəzlərinin Ermənistandan alət kimi istifadə etmək cəhdləri İrəvanla Bakı arasındakı sülh prosesinə mənfi təsir göstərir.
Bunu "Report"a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Mətin Məmmədli deyib.
Onun sözlərinə görə, Ermənistan uzun illər ərzində bölgədə imperialist maraqları olan xarici güc mərkəzlərinin, böyük dövlətlərin təsiri altında siyasət həyata keçirib:
"Ermənistanın həmin dövlətlərin regionda aləti kimi çıxış etməsi bölgədə sülhə və əmin-amanlığa çox böyük təhdid yaradır. Onun qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış etməsi, təcavüzkar siyasət həyata keçirməsi, xüsusilə də Azərbaycanın ərazilərinə qarşı işğalçı siyasət yürütməsi bölgədə təhlükəsizlik mühitinə ciddi təhdidlər yaradır. Ermənistan müstəqil siyasət həyata keçirməsi üçün qeyri-rasional və təcavüzkar yanaşmadan imtina etməlidir. Daha rasional və praqmatik siyasət həyata keçirməli, həmçinin regiondakı reallıqları nəzərə almalıdır. Əgər başqa ölkələrin regionda aləti və maşası rolundan imtina edərsə, düşünürəm ki, Ermənistan da bölgədə müstəqil siyasət həyata keçirə bilər".
M.Məmmədli vurğulayıb ki, Ermənistanın müstəqil siyasət həyata keçirməsi üçün region ölkələri ilə münasibətlərini normallaşdırması vacibdir:
"Bu region ölkələri dedikdə mən, xüsusilə Azərbaycanı və Türkiyəni nəzərdə tuturam. Əgər bu iki ölkə ilə münasibətləri normallaşdırarsa, düşünürəm ki, artıq xarici güc mərkəzlərindən təhlükəsizlik baxımından asılılıq da aradan qalxar və Ermənistan həqiqətən müstəqil siyasət həyata keçirə bilər. Belə bir addım həm də bölgənin təhlükəsizlik mühitinə müsbət təsir göstərə bilər. Görünən odur ki, uzun illər ərzində Rusiya Ermənistandan alət kimi istifadə edib. Ermənistan isə xüsusilə İkinci Qarabağ müharibəsindən sonra özünə yeni himayədarlar axtarmağa başlayıb. Hazırkı məqamda görünür ki, Fransa Ermənistanın yeni hamisi rolunda çıxış etməyə çalışır və bu rola iddia edir".
Ekspert Prezident İlham Əliyevin Zəngilanda çıxışına diqqət çəkib və qeyd edib ki, Ermənistandan alət kimi istifadə edən dövlətlərin planları heç bir halda həyata keçməyəcək:
"Çünki bölgədəki reallıqlar tamamilə dəyişib. Qüvvələr nisbəti Azərbaycanın xeyrinədir və hərbi, siyasi, iqtisadi üstünlüklər bizim tərəfimizdədir. Belə bir qüvvələr nisbətində Ermənistandan yenidən alət kimi istifadə etmək planları həyata keçə bilməz. Əlbəttə ki, Ermənistandan yenidən alət kimi istifadə etmək regionda yenidən vəziyyəti gərginləşdirmək, yeni qarşıdurmalar yaratmaq deməkdir. Belə bir siyasət bölgədə hərbi, siyasi eskalasiyanın artmasına xidmət edir. Eyni zamanda, xüsusilə kənar güc mərkəzlərinin Ermənistandan alət kimi istifadə etmək cəhdləri Ermənistan və Azərbaycan arasındakı sülh prosesinə də mənfi təsir göstərir".
BMTM rəsmisi həmçinin vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında sülh əldə olunub, lakin hələ də həllini tapmamış məsələlər qalmaqdadır.
"İki ölkə arasında yekun sülh müqaviləsi imzalanmayıb və digər problemlər də mövcuddur. Belə bir məqamda Ermənistanda revanşist meyillərin gücləndirilməsi cəhdləri təbii ki, iki ölkə və iki xalq arasındakı sülh prosesinə mənfi təsir göstərir", - deyə o bildirib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lökbatanda böyük anbarların birində güclü yanğın başlayıb
-
Ölüm riski yüksək olan HANTAVİRUS: Azərbaycanda yoluxma varmı?
-
Ailənin illərdir gözlədiyi övladı faciəli şəkildə öldü: Muradın ad gününə cəmi iki gün qalmışdı...
-
Aeroportla Bakının əsas məntəqələri arasında WUF13 şattl avtobusları hərəkət edəcək
-
TDT baş katibi Allahşükür Paşazadə ilə görüşüb
-
WUF13 iştirakçılarının NƏZƏRİNƏ: 6 istiqamət üzrə şattl avtobusları fəaliyyətə başlayır













