IRU Orta Dəhlizin investisiya cəlbediciliyinin artırılması üzrə tədbirləri açıqlayıb
Far.Az xəbər saytı

IRU Orta Dəhlizin investisiya cəlbediciliyinin artırılması üzrə tədbirləri açıqlayıb


Avropa və Asiya arasında əmtəə mübadiləsində Orta Dəhlizin strateji rolunun artması ilə diqqət siyasi koordinasiya səviyyəsindən layihələrin praktiki icrası müstəvisinə yönəlir.

Bu barədə "Far.Az" Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqına (IRU) istinadən xəbər verir.

"Dəhlizin işləkliyini təkcə infrastruktur deyil, prosedurların optimallaşdırılması və əməkdaşlığın möhkəmləndirilməsi də müəyyən edir. Sərhəd keçidlərində vaxt itkilərinin minimuma endirilməsi marşrutun rəqabət qabiliyyətinin artırılması üçün həlledici amil kimi çıxış edir. TIR sistemi, eTIR və eCMR kimi alətlər səmərəliliyin dərhal artmasını təmin edə bilər. Bundan əlavə, strateji təşəbbüslərin investisiyalar üçün cəlbedici layihələrə çevrilməsi üçün əlaqələndirilmiş siyasi addımlar tələb olunur. Məhz bu tədbirlər marşrutu daha sürətli, proqnozlaşdırıla bilən və investisiya baxımından cəlbedici etməyə imkan verəcək", - bəyanatda qeyd olunub.

Vurğulanıb ki, Brüsseldə "Dayanıqlı Orta Dəhliz - strateji koordinasiyadan layihələrin icrasına doğru" mövzusunda keçirilən müzakirənin iştirakçıları Avropa və Asiya arasında artan ticarət marşrutu kimi Orta Dəhlizin rəqabət qabiliyyətinin və dayanıqlılığının möhkəmləndirilməsinə yönəlmiş konkret təşəbbüsləri müzakirə ediblər.

Dəhliz getdikcə daha çox regional ticarətin hərəkətverici qüvvəsi, onun boyunca yerləşən dövlətlərin bağlantı vasitəsi və iqtisadi artım aləti kimi qəbul edilir. IRU-nun Aİ-də yük daşımaları üzrə direktor müavini Mark Billiyet bildirib ki, marşrut boyu bağlantı yalnız infrastruktur məsələləri ilə məhdudlaşmır. Dəhlizin səmərəliliyi, xüsusən də marşrutun multimodal xarakterini və çoxsaylı sərhəd keçidlərini nəzərə alaraq, heç də az olmayan dərəcədə prosedurların sadələşdirilməsi, şəraitin proqnozlaşdırıla bilməsi və dövlətlərarası əməkdaşlıqla bağlıdır.

M. Billiyet həmçinin dayanıqlı və ekoloji logistikanın qarşısında duran infrastruktur və əməliyyat problemlərinə, o cümlədən sərhəd məntəqələrində və yükaşırma obyektlərindəki "dar boğazlar" məsələsinə toxunub.

"Brüsseldə keçirilən müzakirələr siyasətçilər, maliyyə institutları və sahə nümayəndələri arasında Orta Dəhlizin strateji əhəmiyyəti ilə bağlı baxışların üst-üstə düşdüyünü göstərib. Mövcud çağırışlara baxmayaraq, iştirakçılar qeyd etdilər ki, cari investisiyalar, normativ-hüquqi mühitin modernləşdirilməsi və rəqəmsal inteqrasiya üzrə işlər marşrutun etibarlılığını artırır. Ardıcıl və səmərəli koordinasiya şərti ilə bu səylər Avropa və Asiya arasında daha dayanıqlı və səmərəli ticarət yolunu təmin etməklə, Orta Dəhlizi Avrasiya bağlantısının əsas dayaqlarından birinə çevirməyə qadirdir", - IRU qeyd edib.

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) və ya Orta Dəhliz Çini Qazaxıstan ərazisindən, Xəzər dənizi akvatoriyasından, Azərbaycan və Gürcüstandan keçməklə Avropa dövlətləri ilə birləşdirən beynəlxalq nəqliyyat marşrutudur. Assosiasiya zəruri informasiya müşayiətini həyata keçirir, inzibati maneələrin sadələşdirilməsinə, rəqabət şəraitinin formalaşmasına və müxtəlif ölkələrdən olan iştirakçılar, o cümlədən coğrafi baxımdan bilavasitə TBNM marşrutu bölgəsində yerləşməyənlər üçün maksimum səmərəliliyin əldə edilməsinə kömək edir.

Qazaxıstan Nəqliyyat Nazirliyinin statistikasına əsasən, bu marşrut üzrə yükdaşımaların həcmi sabit müsbət dinamika nümayiş etdirir: 2019-cu ildə 759 min ton, 2020-ci ildə - 783 min ton, 2021-ci ildə - 586 min ton, 2022-ci ildə - 1,485 milyon ton, 2023-cü ildə - 2,764 milyon ton, 2024-cü ildə isə 4,484 milyon ton yük daşınıb.

Türk Dövlətləri Təşkilatının (TDT) məlumatına görə, 2025-ci ildə Orta Dəhlizlə daşınan yüklərin həcmi 4,7 milyon ton təşkil edib, 2027-ci ilə qədər isə onun daha 10 % artacağı gözlənilir. 2027-ci ilə qədər Orta Dəhlizin buraxılış qabiliyyəti illik 10 milyon ton həddinə çata bilər, bu da Azərbaycanın tranzit potensialını gücləndirəcək və infrastruktur layihələrinə əlavə investisiyaların cəlb edilməsi üçün imkanlar açacaq.

Qeyd edək ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə yükdaşımalar üzrə 2030-cu il üçün hədəf göstəricisi 11,4 milyon ton səviyyəsində müəyyən edilib.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır
20 su emalı müəssisəsində mikrobioloji çirklənmə aşkarlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər