QHT və media nümayəndələri WUF13-ə hazırlıq işləri ilə tanış olublar
Far.Az xəbər saytı

QHT və media nümayəndələri WUF13-ə hazırlıq işləri ilə tanış olublar


Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq işləri ilə tanışlıq məqsədilə WUF13 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən qeyri-hökumət təşkilatları (QHT), media nümayəndələri və blogerlərin tədbir məkanı olan Bakı Olimpiya Stadionuna səfəri təşkil edilib.

Bu barədə "Far.Az"a WUF13 Azərbaycan Əməliyyat Şirkəti məlumat verib.

"QHT, yerli və xarici media nümayəndələri, eləcə də blogerlər və rəqəmsal platforma təsirçilərinin iştirak etdiyi tur zamanı WUF13-ə hazırlıq çərçivəsində həyata keçirilən işlər barədə ətraflı məlumat təqdim olunub", - qeyd edilib və bildirilib ki, tədbir məkanına təşkil olunan tanışlıq turunda WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, eləcə də yerli və xarici media qurumlarının və QHT-lərin rəhbərləri iştirak ediblər.

Tanışlıq turunun iştirakçılarına foruma hazırlıq çərçivəsində görülən işlər barədə geniş məlumat verilib. Bildirilib ki, ərazidə həyata keçirilən tikinti-quraşdırma işləri yekun tamamlanma mərhələsindədir və tədbir məkanı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) üçün nəzərdə tutulan tarixdə təhvil veriləcək.

QHT nümayəndələri tədbir məkanında qurulan infrastruktur, müasir texnoloji həllər və müxtəlif funksional zonalarla yaxından tanış olublar. Tur çərçivəsində qonaqlar dialoq və iclas otaqlarını, dəyirmi masa və xüsusi sessiya zallarını, eləcə də müxtəlif pavilyonları nəzərdən keçiriblər.

Teleradio şirkətləri, informasiya agentlikləri və xəbər saytlarının rəhbərləri tədbir məkanında yaradılmış infrastrukturla, eləcə də media nümayəndələrinin forum müddətində səmərəli fəaliyyətini təmin etmək məqsədilə qurulan Media Mərkəzi və onun nəzdində fəaliyyət göstərəcək Mətbuat Konfransı otağı ilə tanış olublar.

Baxış turu zamanı qeyd olunub ki, mövcud göstəricilərə əsasən, WUF13-də iştirak üçün 180 ölkədən qeydiyyatdan keçən nümayəndələrin sayı artıq 32 mini ötüb. İştirakçılar arasında 1 000-dən çox media nümayəndəsi də var.

Xüsusilə vurğulanıb ki, WUF13-ün təşkili zamanı dayanıqlılıq, inklüzivlik və əlçatanlığın təmin edilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. Tədbir məkanının hər kəs üçün əlçatan olması məqsədilə bütün proseslərdə müvafiq standart və tələblər nəzərə alınıb.

Turda QHT və media nümayəndələrini maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Media nümayəndələri Bakı Olimpiya Stadionunda WUF13-lə bağlı görülən işlərlə tanış olublar
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər