Andrey Qnatov: Rusiya ilə müharibənin gedişatını proqnozlaşdırmaq çətindir - MÜSAHİBƏ
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Andrey Qnatov "Far.Az"un Şərqi Avropa bürosuna müsahibəsində orduda aparılan islahatlardan, Prezident Volodimir Zelenski ilə birgə Azərbaycana səfərindən, Türkiyə ilə əməkdaşlıqdan, müharibədə son vəziyyətdən danışıb.
"Far.Az" müsahibəni təqdim edir.
- Cənab general, genişmiqyaslı müharibənin başlandığı 4 il əvvəllə müqayisədə Ukrayna ordusu və onun arsenalı hazırda necə dəyişib?
- Silahlı Qüvvələrimiz 4 il ərzində olduqca ciddi döyüş yolu keçib və bu unikal təcrübədir. Belə genişmiqyaslı müharibə ilə eyni vaxtda, ölkənin hərbi-siyasi rəhbərliyi orduda ciddi dəyişikliklərə səbəb olan islahatlara gedib ki, bu da dünyada çox az rast gəlinən nümunədir.
Birincisi, Silahlı Qüvvələrin döyüş potensialını əhəmiyyətli dərəcədə artırmağa müvəffəq olduq. Bu müddət ərzində çoxlu yeni təşkilati strukturlar, briqadalar, alaylar formalaşdırıldı, döyüş təminatı və digər təminat növlərinin hissələri də yaradıldı. Mühüm məqamlardan biri də, operativ səviyyədə idarəetmə sisteminin yenidən formalaşdırılması barədə qərarın qəbulu olub.
Korpusların idarəetmə orqanları da formalaşdırılıb. Korpus komplektləri formalaşdırılıb ki, bu da Ukrayna Silahlı Qüvvələrinin idarəetmə komponentini gücləndirməyə, idarəetmə sistemini optimallaşdırmağa, müvəqqəti hərbi idarəetmə orqanlarından ştat təşkilati strukturlarına keçməyə imkan verdi. Bu yenidən təşkilatlanma hələ davam edir. Hazırda islahatın ikinci mərhələsi gedir. Həlledici olan həmçinin Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistemlər qüvvələrinin formalaşdırılması barədə qərar idi. Bu vaxtında verilmiş və çox düzgün qərar idi.
- Bütün bu deyilənlərə əsaslanaraq aparılan dəyişikliklərin unikallığı nədədir?
- Qeyd etmək lazımdır ki, dünyada bu miqyasda müasir müharibə aparma təcrübəsinə iki ölkə malikdir. Biri Ukrayna və təəssüf ki, digəri Rusiyadır. Hazırda Ukraynada çox böyük və unikal təcrübə var. Bu böyük ərazisi olan ölkənin hava məkanının müdafiəsi və kritik infrastruktur obyektlərinin qorunması üçün sistemlərə malik olmaqdır. Biz haradasa istehsal edilə və ya müqavilə ilə alına bilən ayrı-ayrı hansısa sistemlərdən deyil, bir çox aspektləri birləşdirən unikal bir sistemdən danışırıq.
Belə bir sistem yaratmadan bu gün hər hansı bir ölkənin və ya onun obyektlərinin düşmən tərəfindən havadan tətbiq edilə biləcək müasir təhdidlərdən qorunduğunu demək sadəcə sadəlövhlükdür. Yəni mümkün deyil. Unikal hava hücumundan müdafiə sistemi yaratmaq lazımdır. Ukrayna belə bir təcrübənin daşıyıcısıdır.
- Bu yaxınlarda Prezident Volodimir Zelenskinin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycanda səfərdə oldunuz. Danışıqlar zamanı hansı məsələlər müzakirə edildi?
- Bu səfər hər şeydən əvvəl iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün atılan addımlardır. Biz burada Ukrayna-Azərbaycan olaraq hər iki tərəf üçün qarşılıqlı faydalı olan normal strateji tərəfdaşlıqdan danışırıq. Hər şeydən əvvəl, Ukrayna məhz öz ekspert təcrübəsini təqdim etməyə və hava hücumundan müdafiə sisteminin təşkili və möhkəmləndirilməsində kömək etməyə hazırdır. Bu əməkdaşlığın elə aspektləri var ki, mən indi onları açıqlamayacağam. Bu iki dövlətin münasibətləridir. Ümumilikdə, bu əməkdaşlıq Azərbaycan Respublikasının müdafiəsini daha müasir etmək, bu gün yaranan çağırışlara hazır vəziyyətə gətirmək imkanı verməyə xidmət edir.
- Bu yaxınlarda sizin də daxil olduğunuz, Prezident Zelenskinin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri zamanı yeni hərbi İttifaqdan bəhs edildi. Söhbət regional təhlükəsizlik üçün Türkiyə-Ukrayna-Norveç-Böyük Britaniya ittifaqının yaradılmasından gedir. Bu barədə nə deyə bilərsiniz?
- Mən hər hansı bir alyansların yaradılmasından danışmaq istəməzdim. Söhbət qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərindən gedir. Yəni, ölkələr, xüsusilə suverenlikləri üçün yaxın gələcəkdə nəyinsə təhlükə daşıya biləcəyini hiss edir. Bu səbəbdən də onlar təbii olaraq necə güclənməyin yollarını axtarırlar. Buna görə də ölkələr Ukraynaya müraciət edir, onunla işləyirlər. Müqavilələr bağlayır, münasibətləri gücləndirir, təcrübə mübadiləsi aparırlar. Eyni zamanda bizə yardım göstərirlər.
Biz də cavab olaraq bu işə hazırıq və həmçinin Ukraynanın bu gün göstərə biləcəyi həcmdə ölkələrə yardım göstəririk. Nəzərə alsaq ki, biz artıq bu illər ərzində bütün aspektlərdə – həm resurslar, həm imkanlar, həm də Silahlı Qüvvələrin sayı baxımından bizdən xeyli üstün olan düşmənə qarşı mübarizə apararaq təcrübə qazanmışıq.
- Türkiyə ilə tərəfdaşlıqdan danışdınız. Hər iki ölkənin oxşar təcrübəsini nəzərə alsaq, birgə dron tədarükü mümkündürmü ?
- Məsələ ondadır ki, bu tərəfdaşlıq davam edir, o çoxdan həyata keçirilib. Biz yalnız "Bayraktar"ların məhsullarından deyil, çox müxtəlif sistemlərdən istifadə edirik. Hazırda döyüş əməliyyatlarının dinamikası o qədər intensivdir ki, proqnozlaşdırmaq çətindir. Müharibənin gedişatında biz zaman-zaman həm öz istehsal etdiyimiz, həm də aldığımız silahları təkmilləşdiririk. Buna ehtiyac var.
- Cəbhədə nə kimi yeniliklər var?
- Hazırda cəbhədə əhəmiyyətli dəyişikliklər baş vermir. Rusiya itkilərə baxmayaraq, hər gün hücum əməliyyatlarını davam etdirməyə çalışır. Əsasən diqqəti ənənəvi olaraq Pokrovsk və Aleksandriya (Donetsk vilayəti) istiqamətlərində cəmləyirlər. Mən dəqiq qeyd edə bilərəm ki, göstərdikləri bütün səylərə baxmayaraq, Rusiya Silahlı Qüvvələrinin heç bir strateji və ya əməliyyat təşəbbüsü yoxdur. Vacib olan odur ki, düşmənin verdiyi itkilər, bu itkiləri doldurmaq üçün müqavilə ilə orduya cəlb etdiyi insanların həcminə bərabərləşməyə, bəzən isə onu aşmağa başlayıb. Və hazırda onlar insan resurslarının artıq hiss olunan çatışmazlığı şəraitində döyüş əməliyyatları aparırlar. Biz proqnozlaşdırırıq ki, bu vəziyyət onlar üçün yalnız pisləşəcək.
- Son vaxtlar mətbuatda yeni əks hücum əməliyyatları barədə danışılır..
- Mən Ukrayna Silahlı Qüvvələrinin nə etməyi planlaşdırdığını deməyəcəyəm, lakin biz mütləq vəziyyəti sabitləşdirmək, düşməni dayandırmaq və onun danışıqlar aparması üçün şərait yaratmaq üçün hər şeyi edəcəyik.
- Müharibənin uzun sürəcəyi anons edilir. Belə olarsa, Ukrayna daha uzunmüddətli müharibəyə hazırdırmı?
- Müharibənin nə qədər davam edəcəyi Rusiya rəhbərliyinin bunu davam etdirməyə nə dərəcədə hazır olmasından asılıdır. Ukrayna müharibənin başa çatdırılmasına hazırdır və onu başa çatdırmağa can atır. Öz ərazisində gedən müharibəni, sülhü təmin etməyə və bu məsələləri hərbi yolla həll etməməyə çalışır. Heç vaxt müharibəni etmək niyyətimiz olmayıb. Bunun nə qədər uzun sürə biləcəyi onların hərəkətlərindən asılıdır. Fikirlər müxtəlifdir. Bu müharibədə hərbi proqnozlaşdırma olduqca mürəkkəb bir şeydir. Bir vaxtlar biz Rusiya tərəfindən Ukraynanın işğalı əməliyyatının üç gün davam edəcəyi barədə proqnozlar eşidirdik. Bunlar yalnız rus ekspertləri deyildi. Müxtəlif ekspertlər var idi. Mən düşünmürəm ki, resurs baxımından onlar (Rusiya) daha bir neçə il müharibə edə bilərlər...
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
"Gənclik"dəki tuneldə dəhşətli QƏZA - sürücü ağır xəsarət alıb
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
Milyardlıq kosmetika imperiyasını tərk edib rahibliyə keçdi
-
Nəsrin Cavadzadənin serialı bu tarixdə başlayır
-
Bakıda Qlobal Cənub QHT-lərinin Baş Assambleyasının yekun bəyannaməsi qəbul edilib













