Albana Koçiu: Albaniya şəhər bərpası sayəsində turist axınını 3 dəfə artırmağa nail olub
Far.Az xəbər saytı

Albana Koçiu: Albaniya şəhər bərpası sayəsində turist axınını 3 dəfə artırmağa nail olub


Qlobal mənzil böhranı bu gün təxminən 3 milyard insanı, o cümlədən qeyri-mütəşəkkil yaşayış məntəqələrində yaşayan 1 milyard insanı əhatə edir.

"Far.Az" xəbər verir ki, bunu Albaniyanın baş nazirinin müavini Albana Koçiu WUF tarixində ilk dəfə Bakıda keçirilən Liderlər Sammitində çıxışı zamanı deyib.

O bildirib ki, şəhərlər və icmalar mövzusu bundan daha aktual ola bilməz:

"Rəqəmlərin arxasında insanlar, təhlükəsizlik olmadan yaşayan ailələr, zəruri xidmətlər olmadan böyüyən uşaqlar və kifayət qədər müdafiə olmadan təbii fəlakətlərlə üzləşən cəmiyyətlər dayanır. Dünyada heç bir ölkə, istər varlı, istər kasıb olsun, bundan sığortalanmayıb. Mənzil ikinci dərəcəli məsələ deyil, o, insan ləyaqətinin, bərabərliyin və sosial sabitliyin əsas elementlərindən biridir".

Albana Koçiu deyib ki, onlar üçün bu vəziyyət nə mücərrəd, nə də uzaqdır:

"Biz şəhər planlaşdırmasının infrastrukturunun və ictimai məkanların icmanın taleyini dəyişdirmək gücünü əla başa düşürük. Albaniya kommunist blokdan çıxanda şəhərlərimiz baxımsızlığın, qeyri-mütəşəkkilliyin, təcridin görünən göstəricilərini daşıyırdı. 2000-ci illərin əvvəllərində Tirana sadə, lakin köklü müdaxilə vasitəsilə – ictimai məkanlara rəngin qaytarılması ilə özünü yenidən dərk etməyə başladı. Bu, yalnız vizual dəyişiklik deyildi. Bu, şəhərlərin vətəndaşların özünəinamını formalaşdırdığını, şəhər bərpasının isə mənsubiyyət hissini geri qaytara biləcəyini öyrədən dərs oldu".

O qeyd edib ki, təxminən 10 il əvvəl Albaniya ölkənin bütün 61 bələdiyyəsində genişmiqyaslı şəhər dirçəliş proqramı başlayıb:

"O vaxt çoxları bunu yalnız kosmetik şəhər müdaxiləsi hesab edirdi. Buna baxmayaraq, bu, ictimai meydanların, sahil xətlərinin, tarixi mərkəzlərin, parkların, şəhər xidmətlərinin yenilənməsində dönüş nöqtəsi oldu. Bu, istisnasız olaraq bütün şəhərlərimizin yaşamaq üçün daha rahat, cəlbedici, yeni iqtisadi imkanlardan istifadə etməyə daha hazır olmasına kömək etdi".

Baş nazirin müavini bildirib ki, 2015-ci ildə Albaniyanı təxminən 4,1 milyon xarici turist ziyarət edib:

"2023-cü ildə bu rəqəm 12,4 milyon ziyarətçini keçdi. Turizmin artımının çoxsaylı səbəbləri var, lakin daha yaxşı şəhərlərin, təkmilləşdirilmiş ictimai məkanların və daha güclü şəhər kimliyinin milli dəyişikliyin bir hissəsi olduğuna şübhə yoxdur. Buna baxmayaraq, Albaniya üçün dərslər asan başa gəlmədi. 2019-cu il zəlzələsi bizə xatırlatdı ki, mənzil sadəcə başın üstündə dam deyil, bu, müdafiə, ləyaqət və fəlakətlərə qarşı ilk müdafiə xəttidir. Sonrakı illərdə Albaniya yalnız evləri deyil, həm də məktəbləri, ictimai xidmətləri, bütöv icmaları bərpa edərək "əvvəlkindən daha yaxşı tikmək" prinsipi ilə işlədi. Bu təcrübə bizə öyrətdi ki, bərpa sadəcə itirilənin əvəz edilməsi deyil. Bu köhnə boşluqların aradan qaldırılmasıdır".

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər