"Birliyin Gücü-2026" təlimində 3 500-dən çox hərbçi iştirak edir
Far.Az xəbər saytı

"Birliyin Gücü-2026" təlimində 3 500-dən çox hərbçi iştirak edir


Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Qızılqaya Təlim Mərkəzində media nümayəndələri üçün brifinq keçirilib. Brifinqdə sentyabrın 21-dən oktyabrın 1-dək keçirilən "Birliyin Gücü-2026" birgə hərbi təlimi barədə ətraflı məlumat verilib.

BAKU.WS-in Xocavəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, təlimin əsas mövzusu hibrid təhdidlərə və terror fəaliyyətlərinə qarşı mübarizə, qanunsuz silahlı qruplaşmaların zərərsizləşdirilməsi üzrə birgə əməliyyatların planlaşdırılması və keçirilməsidir.

Təlimin əsas məqsədləri birgə əməliyyatların planlaşdırılması və həyata keçirilməsi üzrə əməliyyat uyğunluğunun və qərargahlararası koordinasiyanın gücləndirilməsi, hibrid təhdidlərə qarşı mübarizə, hibrid insidentlərdən silahlı qarşıdurmaya keçid zamanı birgə fəaliyyətlərin işlənməsi, iştirakçı ölkələrin birləşdirilmiş qoşun qruplaşmalarının birgə tətbiqi üçün koordinasiya və uzlaşdırma tədbirlərinin müəyyənləşdirilməsidir.

Bundan başqa, təlim çərçivəsində Silahlı Qüvvələrin kəşfiyyat, atəş və zərbə imkanları, döyüş fəaliyyətlərinin aparılmasının yeni üsul və metodları nümayiş etdirilir. Birgə hərbi təlimlərin keçirilməsi prosedurlarının standartlaşdırılması da əsas məqsədlər sırasındadır.

Müdafiə Nazirliyinin məlumatına görə, təlimin ssenarisi dünyanın hər hansı bir regionunda baş vermiş real münaqişə ilə əlaqəli deyil. Ssenari beynəlxalq təhlükəsizlik mühitində baş verən dəyişikliklər fonunda mümkün böhran vəziyyətinin inkişafını və onun silahlı qarşıdurmaya keçidini əks etdirir.

Təlim üçün yaradılmış məkan və cəlb olunan ölkələr şərti xarakter daşıyır. Təlim xəritəsində əks etdirilən ərazi xüsusiyyətləri, coğrafi adlar və ölkə adları generasiya olunub və heç bir real əraziyə bağlı deyil.

Təlimdə Azərbaycan, Türkiyə və Özbəkistan iştirakçı qismində yer alır. İran, Gürcüstan, Pakistan, Serbiya, Slovakiya, Tacikistan, Macarıstan, Türkmənistan və Birləşmiş Ərəb Əmirlikləri isə müşahidəçi qismində təmsil olunur.

Təlimə 3 500-dən çox şəxsi heyət, 130-dan çox pilotsuz vasitə, 70-dən çox zirehli texnika, 90-dan çox artilleriya sistemi, 20-dən çox aviasiya vasitəsi, 30-dan çox REM/REK/RL sistemi, 10-dan çox hava hücumundan müdafiə vasitəsi, 10-a yaxın dəst mühəndis texnikası və 20-dən çox dəniz vasitəsi cəlb olunub.

Şəxsi heyət Azərbaycan, Türkiyə və Özbəkistan tərəfindən təmin edilir. Pilotsuz vasitələr, zirehli texnika, artilleriya sistemləri, aviasiya vasitələri, REM/REK/RL sistemləri, hava hücumundan müdafiə vasitələri və mühəndis texnikası Azərbaycan və Türkiyə tərəfindən, dəniz vasitələri isə Azərbaycan tərəfindən təqdim olunur.

Təlimlər "Qarabağlar", "Qızılqaya", "Qaraheybət" və "Böyük Zirə" rayonlarında keçirilir. "Qarabağlar" və "Qızılqaya" təlim rayonları Naxçıvan ərazisində yerləşir. Burada diversiyaya qarşı mübarizə, antiterror tədbirləri və qanunsuz silahlı qruplaşmaların zərərsizləşdirilməsi üzrə fəaliyyətlər həyata keçirilir. "Qaraheybət" rayonunda aviasiya zərbələrinin endirilməsi, "Böyük Zirə" rayonunda isə dəniz sərhədlərinin mühafizəsi, diversiyaların qarşısının alınması və antiterror əməliyyatlarının keçirilməsi üzrə fəaliyyətlər nəzərdə tutulub.

Təlim üç əsas mərhələdən ibarətdir.

Birinci mərhələdə hibrid təhdidlərə qarşı mübarizə aparılır. Bu mərhələdə kiberhəmlələrin aşkarlanması və zərərsizləşdirilməsi, mediada dezinformasiyaya qarşı məlumatlandırma, güc nümayişi və çəkindirmə tədbirləri həyata keçirilir.

İkinci mərhələdə diversiyaya qarşı mübarizə və antiterror tədbirləri keçirilir. Yaşayış məntəqəsinin təmizlənməsi, yaralıların yerüstü və hava nəqliyyatı ilə tibbi təxliyəsi, yaşayış məntəqəsinin nəzarətə götürülməsi və giriş-çıxışlarda nəzarət-buraxılış məntəqələrinin qurulması ssenariyə daxildir.

Həmçinin yaşayış məntəqəsi ətrafında humanitar minatəmizləmə işlərinin aparılması, ərazidə radiasiya və kimyəvi kəşfiyyatın həyata keçirilməsi nəzərdə tutulur.

Üçüncü mərhələdə qanunsuz silahlı qruplaşmaların zərərsizləşdirilməsi üzrə əməliyyatlar həyata keçirilir. Bu mərhələdə raket və artilleriya qoşunlarının, pilotsuz uçuş aparatlarının və düzünə atış vasitələrinin atəş basqını, mina sahələrindən partlayış üsulu ilə keçidlərin açılması, hücum qruplarının ön mövqeləri ələ keçirməsi və onların zirehli texnika ilə gücləndirilməsi məşq olunur.

Bundan əlavə, yükdaşıyan dronlarla döyüş sursatı və digər təminat vasitələrinin daşınması, sürü dronları ilə hədəflərə zərbələrin endirilməsi, dağılmış ərazilərdən və tank əleyhinə xəndəklərdən keçidlərin açılması, partladılmış körpünün bərpası və yandan keçmə dəstələrinin dərinlikdəki hədəfləri ələ keçirməsi üzrə fəaliyyətlər həyata keçirilir.

Təlimin ssenarisinə düşmənin zərbə dronlarının kütləvi hücumunun dəf edilməsi, yaxınlaşan kolonlara və dağlarda yerləşən terrorçu bazasına zərbələrin endirilməsi, terrorçu bazasının və dayaq məntəqələrinin məhv edilməsi, həmçinin desantın endirilməsi də daxildir.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Növbəti köç karvanı Xocavəndə çatıb, açarlar təqdim edilib
Azərbaycanın tibb işçiləri NATO-nun təlimində iştirak edib
Mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı xidmət haqqı məbləğləri təsdiqlənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər