Lüks mənzil bazarının gizli qaydaları: Məxfi satışlar və uzunmüddətli sövdələşmələr - Foto
Far.Az xəbər saytı

Lüks mənzil bazarının gizli qaydaları: Məxfi satışlar və uzunmüddətli sövdələşmələr - Foto


Azərbaycanda mənzil alanların böyük əksəriyyəti daha münasib qiymət seqmentinə üstünlük verir. "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin (PHŞ) təhlilinə görə, 2025-ci ildə ölkədə satılan mənzillərin 84.8 faizi 200 min manatdan aşağı qiymətə alınıb. Bununla yanaşı, bazarın kiçik bir hissəsini yüksəkqiymətli mənzillər təşkil edir. Belə ki, ötən il bir milyon manatdan artıq qiymətə 42 mənzil satılıb və onların hamısı Bakıda yerləşib. 500 min-bir milyon manat aralığında satılan 373 mənzilin də hamısı paytaxtın payına düşüb.

Maraqlıdır, qiyməti milyon manatlarla ölçülən bu mənzilləri fərqləndirən nədir?

Far.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Lüks mənzil bazarının gizli qaydaları: Məxfi satışlar və uzunmüddətli sövdələşmələr - Foto

Dörd min manatdan 14 minə qədər

Daşınmaz əmlak üzrə ekspert Firdovsi Xəlilovun sözlərinə görə, bu gün premium seqment dedikdə ilk ağlagələn ünvanlardan biri Ağ Şəhərdir. Onun sözlərinə görə, hazırda bu ərazidə yerləşən yeni tikililərdə bir kvadratmetrin qiyməti 4 000 manatdan başlayır və bəzi layihələrdə 14 000 manata qədər yüksəlir:

"Ağ Şəhərlə yanaşı, metronun "Nəriman Nərimanov", "Sahil", "Elmlər Akademiyası", "28 May" və "Xətai" stansiyalarının ətrafı, Hüseyn Cavid prospekti, Şəfaət Mehdiyev küçəsi, "Kubinka" adlanan ərazi, "Port Baku Mall"un ətrafı və Bayıl zonası da premium ərazilər sırasında yer alır. Bu ərazilərdə də mənzillərin qiymətləri kifayət qədər yüksəkdir. Belə ki, bir kvadratmetrin qiyməti binanın səviyyəsindən asılı olaraq 3 000 manatdan başlayır, bəzi layihələrdə 5 000, ayrı-ayrı obyektlərdə isə 7 000 manata qədər yüksəlir".

Lüks mənzil bazarının gizli qaydaları: Məxfi satışlar və uzunmüddətli sövdələşmələr - Foto

Bu mənzillər niyə bahadır?

Ekspert bildirir ki, premium mənzilləri digərlərindən fərqləndirən əsas amillər sadəcə təmir və ya ad deyil:

"İlk növbədə, yeni tikilən premium binalarda müasir şəhərsalma qaydalarına ciddi şəkildə əməl olunur. Əvvəlki illərdə tez-tez rastlaşdığımız o boğucu sıxlıq bu layihələrdə yoxdur. Binaların yerləşməsindən tutmuş günün düşmə bucağına, istifadə olunan fasad və izolyasiya sistemlərinə qədər hər bir detal həm uzunmüddətli istismar, həm də sakinlərin maksimum komfortu üçün xüsusi hesablanır. Lakin yüksək qiymətlərin səbəbi yalnız mənzilin komfortu və layihənin keyfiyyəti ilə bağlı deyil. 2020-ci ildən etibarən şəhərsalma qaydaları və inzibati tələblər daha sərt tətbiq edilməyə başlanıb. Bu da tikinti əmsallarının azalmasına səbəb olub. Əgər əvvəllər bir hektar ərazidə 60-65 min kvadratmetr inşa etmək mümkün idisə, indi bu rəqəm 20-22 min kvadratmetrə düşüb. Bu isə torpağın dəyərinin tikilən sahənin hər kvadratmetrinə düşən payını artırıb. Bununla yanaşı, vergi qanunvericiliyindəki dəyişikliklər də tikinti xərclərinin artmasına təsir göstərib. Əvvəllər tikinti sektorunda sadələşdirilmiş vahid vergi sistemi mövcud idisə, hazırda şirkətlər 20 faiz mənfəət vergisi və 18 faiz əlavə dəyər vergisi ödəyirlər. Bu da hər kvadratmetr üçün vergi yükünü xeyli artırıb".

Lüks mənzil bazarının gizli qaydaları: Məxfi satışlar və uzunmüddətli sövdələşmələr - Foto

Zəngin alıcıların investisiya marağı

Daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov bildirib ki, son illərdə daşınmaz əmlak sektorunda "premium" anlayışı kifayət qədər geniş yayılıb:

"İmkanlı şəxslər bir əmlakla kifayətlənmirlər, vaxtaşırı olaraq öz investisiyalarını müxtəlif daşınmaz əmlak obyektlərinə yönəldirlər. Xüsusilə tikinti şirkətləri tərəfindən daxili kreditlə, bir neçə il ərzində ödəniş imkanı yaradan şərtlərlə satılan mənzillər böyük maraq kəsb edir".

Lüks mənzil bazarının gizli qaydaları: Məxfi satışlar və uzunmüddətli sövdələşmələr - Foto

Lüks mənzillərin xəritəsi

Ekspertin sözlərinə görə, hazırda paytaxtda premium layihələrin kütləvi şəkildə inşa olunduğu əsas mərkəzlərdən biri Ağ Şəhər layihəsidir:

"Bu ərazidə olan binalar qiymətinə, yerləşməsinə və tikinti keyfiyyətinə görə tam mənada premium standartları əks etdirir. İkinci böyük mərkəz isə "Sea Breeze" zonasıdır. Hazırda orada 20-dən çox fərqli inşaat layihəsi həyata keçirilir və bu layihələr ayrı-ayrı developer şirkətlərinə məxsusdur. "Sea Breeze"də satış aktivliyi daha yüksəkdir, çünki dənizkənarı, ikinci sıra və dənizdən nisbətən aralıda olan layihələrin çoxluğu kəskin rəqabət yaradıb. Hətta bu rəqabət səbəbindən mənzillərin ilkin ödənişsiz şərtlərlə satışına da rast gəlinir. Bunlardan əlavə, Bakının mərkəzə yaxın əraziləri də bu seqmentdə xüsusi paya sahibdir. Azadlıq prospekti, Vaqif prospekti, Bakıxanov küçəsi ətrafı və Bayıl qəsəbəsində az sayda olsa da, yerləşməsinə və keyfiyyətinə görə premium sinfin tələblərinə cavab verən komplekslər var".

"Premium sinfinin özünəməxsus tələbləri var"

Mütəxəssis qeyd edib ki, hazırda bazarda təklif olunan premium yaşayış komplekslərində bir kvadratmetr üçün başlanğıc qiymətlər təxminən 1 800-2 000 dollardan başlayır. Onun sözlərinə görə, bu start qiymət həddi həm "Sea Breeze" ərazisindəki layihələrdə, həm də Bakı şəhərinin daxilində yerləşən elitar komplekslərdə eyni səviyyədə təklif olunur.

Mütəxəssis vurğulayıb ki, premium sinfin özünəməxsus tələbləri var və buraya ilk növbədə konfidensiallıq, məhrəmlik və az sıxlıqlı yaşayış mühiti daxildir:

"Ağ Şəhərdə bu prinsip nisbətən qorunur. Bir mərtəbədə cəmi 3-4, bəzi hallarda maksimum 5 qonşu yerləşir. Yəni adı premium kimi hallandırılsa da, bu sinfin tələblərinə cavab verməyən layihələrə də rast gəlinir. Bəzi istehlakçılar buna önəm verməsələr də, həqiqi premium anlayışının özünəməxsus meyarları var və komplekslər məhz bu standartlara uyğun tikilməlidir".

Lüks mənzil bazarının gizli qaydaları: Məxfi satışlar və uzunmüddətli sövdələşmələr - Foto

Təhlillər göstərir ki, bir milyon manatdan baha olan mənzillərin satışı kütləvi mənzil bazarından köklü şəkildə fərqlənir. Bu mənzillərin böyük hissəsi kütləvi elan saytlarına çıxarılmır, rieltorların və agentliklərin xüsusi VIP alıcı bazaları vasitəsilə, məxfi təqdimatlarla satılır. Sıravi mənzillər bir-iki aya satıldığı halda, milyonluq mənzillərin alıcı auditoriyası məhdud olduğu üçün onların bazarda qalma müddəti altı aydan iki ilə qədər çəkə bilir. Eyni zamanda, bu seqmentdə qiymətlər fərdi danışıqlar əsasında müəyyənləşdiyi üçün yekun əqdlərdə ciddi endirimlər almaq mümkün olur.

Oxşar xəbərlər

Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Azərbaycanda bir qrup hərbçiyə MƏNZİLLƏR VERİLDİ
"Deluxe Residence" artıq "Sea Breeze"də: Yeni premium yaşayış konsepti
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər