"Škoda Group" Bakıdan Qafqaz və Mərkəzi Asiya bazarlarını əhatə etməyi hədəfləyir
Far.Az xəbər saytı

"Škoda Group" Bakıdan Qafqaz və Mərkəzi Asiya bazarlarını əhatə etməyi hədəfləyir


Çexiyanın "Škoda Group" nəqliyyat həlləri istehsalçısı Bakıda istehsal və texniki xidmət bazası formalaşdırmağı nəzərdə tutur və gələcəkdə bu müəssisə Qafqaz regionunu və Mərkəzi Asiya bazarlarını da əhatə etmə potensialına malik olacaq.

"Far.Az" xəbər verir ki, bunu "Škoda Group"un Direktorlar Şurası sədrinin müavini Tomaş İqnaçak Çexiyanın nəqliyyat naziri İvan Bednarikin Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) nümayəndələri ilə keçirdiyi görüşdə deyib. Həmin görüşdə AZCON-un sədri Şahin Babayev, eləcə də "Bakı Metropoliteni" QSC-nin rəhbəri Vüsal Aslanov və "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov da iştirak ediblər.

Görüş çərçivəsində Çexiya nümayəndə heyəti "Škoda Group"un metropolitenin və şəhərətrafı dəmir yolu nəqliyyatının yenilənməsinə dair uzunmüddətli sənaye tərəfdaşlığı imkanlarını əks etdirən təkliflərini təqdim edib. İrəli sürülən təklifin əsas elementlərindən birini yerli tərəfdaşla birgə yaradılacaq müəssisəyə nəzərdə tutulan investisiyalar təşkil edir. Layihə istehsal proseslərinin və texniki xidmətin mərhələli şəkildə lokallaşdırılmasını, Avropa texnoloji bilik və təcrübələrinin transferini, həmçinin Azərbaycan təchizatçılarının prosesə qoşulmasını əhatə edir. Əsas hədəf yerli sənaye imkanlarının gücləndirilməsi, ixtisaslı iş yerlərinin formalaşdırılması və texniki kadrların hazırlığına dəstək verilməsidir.

"Azərbaycan nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üçün perspektivli imkanlar yaradır və biz bu modernləşmə prosesinin bir hissəsi olmağa can atırıq. Hədəfimiz təkcə müasir nəqliyyat vasitələrinin təchiz edilməsi deyil, eyni zamanda texniki xidmət, texnologiya və təhsil sahələrində yerli tərəfdaşlarla davamlı əməkdaşlıq münasibətlərinin qurulmasıdır. Bu cür yanaşma ictimai nəqliyyatın keyfiyyətinin artırılmasına, ixtisaslı iş yerlərinin açılmasına və yerli sənayenin güclənməsinə töhfə verə bilər", - T. İqnaçak qeyd edib.

Qeyd edək ki, ictimai nəqliyyat sahəsində kompleks həllər təklif edən "Škoda Group" bütün Avropa norma və standartlarına uyğun gələn müasir nəqliyyat vasitələri portfelinə malikdir. 165 ildən artıq tarixə sahib olan, 1859-cu ildə qraf Valdşteyn tərəfindən təsis edilmiş maşınqayırma zavodunun birbaşa davamçısı olan "Škoda" nəqliyyat maşınqayırması sahəsində Avropanın lider istehsalçılarından biridir. Qrup ictimai nəqliyyat üçün geniş spektrli nəqliyyat vasitələri və komponentlər, o cümlədən alçaq döşəməli tramvaylar, şəhərətrafı qatarlar, metro vaqonları, elektrobuslar və trolleybuslar, bundan əlavə nəqliyyat sistemləri üçün idarəetmə və dartı intiqalı mexanizmləri istehsal edir.

"Škoda Group"un Çexiya, Finlandiya və Türkiyədə yerləşən bir sıra istehsal müəssisələrində 10 000 nəfər fəaliyyət göstərir. Eyni zamanda şirkətin Almaniya, İtaliya, Avstriya, Belçika, Polşa, Macarıstan və Ukraynada kommersiya təmsilçilikləri var. 2025-ci ildə "Škoda Group"un gəliri 1,45 milyard avro, EBITDA göstəricisi isə 143 milyon avro olub (TEMSA daxil olmaqla). "Škoda Group" "PPF Group"un tərkib hissəsidir. Özəl investisiya holdinqi olan "PPF Group" Avropa, Şimali Amerika və Asiyanın 25 ölkəsində fəaliyyət göstərir. Şirkət telekommunikasiya, media, maliyyə xidmətləri, daşınmaz əmlak, elektron ticarət, sənaye, biotexnologiya və digər sahələrə investisiya yönləndirir. "PPF Group" 42,6 milyard avro dəyərində aktivlərə malik idi və dünya miqyasında təxminən 37 000 əməkdaşı var (31 dekabr 2025-ci il tarixinə).

Oxşar xəbərlər

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər