Korsikanın siyasi partiyası Fransadan qanunvericilik muxtariyyətinin verilməsini tələb edib
Far.Az xəbər saytı

Korsikanın siyasi partiyası Fransadan qanunvericilik muxtariyyətinin verilməsini tələb edib


Korsikanın muxtariyyətçi "Femu a Corsica" partiyası Fransa ilə danışıqlar nəticəsiz olacağı təqdirdə, adaya qanunvericilik muxtariyyətinin verilməsi tələbi ilə referendum keçirilməsini təklif edib.

"Far.Az"un Avropa bürosu Fransa mediasına istinadən xəbər verir ki, qərar oktyabrın 28-də partiya rəhbərliyinin iclasında qəbul edilib.

"Yaxın günlərdə vəziyyəti dalandan çıxarmaq mümkün olmasa, referendum yolu ilə səsverməyə qayıtmağa və mövqeyimizin xalq tərəfindən təsdiqlənməsinə nail olmağa hazırıq", - "Femu a Corsica"nın milli katibi Fransua Martinettinin sözlərini "Corse Net Infos" sitat gətirir.

Partiya Parislə danışıqları bərpa etməyə hazır olduğunu, lakin ilkin razılaşmanın əsas müddəalarının saxlanılmasında israr edir. Bunlara adaya qanunvericilik səlahiyyətlərinin verilməsi, korsikalıların konstitusiya səviyyəsində xalq kimi tanınması, Korsika dilinə rəsmi status verilməsi və rezidentlər üçün xüsusi statusun müəyyənləşdirilməsi daxildir.

Oktyabrın 27-nə keçən gecə Fransa Senatı Korsikanın muxtar statusunu nəzərdə tutan konstitusiya islahatı qanun layihəsini 134-ə qarşı 181 səslə rədd edib.

Səsvermədən əvvəl senatorlar iyun ayında parlament tərəfindən təsdiqlənmiş sənədi əhəmiyyətli dərəcədə dəyişdirərək, xüsusən də xüsusi ada icmasının mövcudluğu barədə müddəanı çıxarıb və Korsika üçün nəzərdə tutulan səlahiyyətləri azaldıblar.

Dəyişikliklərə cavab olaraq Korsika millətçiləri adanın gələcək institusional statusunu razılaşdırmaq üçün 2022-ci ildə Fransa hökuməti ilə ada nümayəndələri arasında başlanmış qondarma Bovo prosesindən (danışıqlardan) çıxdıqlarını elan ediblər.

Hökumət bildirib ki, dəyişdirilmiş qanun layihəsinin rədd edilməsi Korsikanın muxtariyyəti prinsipindən imtina demək deyil.

Ərazi planlaşdırılması və mərkəzsizləşdirmə naziri Fransuaza Qatel parlamentin hər iki palatasında dəstək ala biləcək bir ifadə tapmaq üçün Korsika nümayəndələri və parlamentarilərlə yeni məsləhətləşmələr aparmaq niyyətindədir.

Beləliklə, islahatın gələcək taleyi qeyri-müəyyən olaraq qalır. Muxtariyyət tərəfdarları danışıqlara qayıtmağı mümkün hesab edirlər, lakin siyasi dalandan çıxmaq mümkün olmasa, məsələnin referenduma çıxarılması ehtimalı barədə xəbərdarlıq edirlər.

Oxşar xəbərlər

Azadlıq uğrunda Fransa imperializminə qarşı - Korsikanın siyasi və tarixi mübarizəsi - ŞƏRH
BTQ Korsika Assambleyasının qondarma "Artsax"la bağlı qanunvericilik təşəbbüsünü pisləyib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər