Vətən müharibəsindəki Zəfərin arxasında uzun illərin hərtərəfli hazırlığı dayanırdı – Rəy
Far.Az xəbər saytı

Vətən müharibəsindəki Zəfərin arxasında uzun illərin hərtərəfli hazırlığı dayanırdı – Rəy


Qırx dörd gün davam edən müharibədə qazanılmış Zəfərin arxasında uzun illərin hərtərəfli hazırlığı dayanırdı.

Bu sözləri "Far.Az"a açıqlamasında deputat Rizvan Nəbiyev ABŞ-li ekspertlərin Azərbaycanın 44 günlük müharibədəki qələbəsinə həsr etdiyi "Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə" kitabını şərh edərkən bildirib.

Deputat vurğulayıb ki, Liam Collins və John Spencerin "Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə" kitabının əsas dəyəri də bu hazırlığın mahiyyətini faktlarla açaraq təqdim etməsidir:

"Müəlliflər bu kitabı şəxsi hərbi təcrübə və təhlil qabiliyyətini birləşdirərək, "səhra tədqiqatı" və çoxsaylı müsahibələr əsasında yazıblar. Amerikalı mütəxəssislər Azərbaycanın qələbəsini yalnız pilotsuz uçuş aparatları və müasir silahlarla izah edən yanaşmanın çərçivəsindən çıxaraq daha geniş və çoxölçülü mənzərəni göstərirlər: dövlətin iqtisadi imkanları, siyasi iradəsi, diplomatik fəaliyyəti və hərbi hazırlığı bir-birini tamamlayıb.

Kitabın əsas tezislərindən çıxış edərək demək olar ki, Qarabağ Zəfəri Azərbaycanın milli gücünün qələbəsi idi. Döyüş meydanında əsgər və zabitimiz vuruşurdu. Onun arxasında isə illərlə güclənən dövlət, ordusuna inanan cəmiyyət, aydın siyasi məqsəd və lider strategiyası dayanırdı. Prezident İlham Əliyevin strateji rəhbərliyinin əhəmiyyəti bütün bu imkanları ərazi bütövlüyünün bərpasına yönəltməsində idi".

R.Nəbiyev qeyd edib ki, prosesin iqtisadi tərəfi xüsusi diqqətə layiqdir: "Azərbaycanın iqtisadi potensialının hərbi gücə çevrilməsini rəqəmlər də aydın göstərir. 1994-cü ildə, Birinci Qarabağ müharibəsində atəşkəs əldə olunarkən Azərbaycanın ümumi daxili məhsulu cari qiymətlərlə təxminən 1,2 milyard ABŞ dolları təşkil edirdi. 2020-ci ildə isə bu göstərici 42,7 milyard dollara çatmışdı. Müqayisə üçün, Ermənistanın ÜDM-i həmin illərdə müvafiq olaraq təxminən 1,3 milyard və 12,6 milyard dollar olmuşdu. Beləliklə, 1994-cü ildə iqtisadiyyatlarının nominal həcmi bir-birinə yaxın olan iki ölkə arasında 2020-ci ildə Azərbaycanın xeyrinə təxminən 3,4 dəfə fərq yaranmışdı.

Bu fərq müdafiə imkanlarında da özünü göstərirdi. SIPRI-nin məlumatına görə, 2020-ci ildə Azərbaycanın hərbi xərcləri 2,238 milyard dollar, Ermənistanınkı isə 634 milyon dollar təşkil etmişdi. Azərbaycanın hərbi xərcləri Ermənistanın göstəricisini təxminən 3,5 dəfə üstələyirdi. Bu vəsait ordunun təchizatı, hazırlığı və döyüş qabiliyyətinin gücləndirilməsi üçün daha geniş imkanlar yaradırdı.

Bu müqayisə təbii sərvətlərin və iqtisadi imkanların məqsədyönlü dövlət siyasəti vasitəsilə hərbi-iqtisadi gücə çevrilməsinin əhəmiyyətini göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin strateji nəticəsi ölkənin artan imkanlarının uzunmüddətli ordu quruculuğuna yönəldilməsi idi. Collins və Spencerin tədqiqatında vurğulanan milli güc yanaşması da məhz bu əlaqəni anlamağa kömək edir: iqtisadi resurslar, siyasi rəhbərlik, hərbi hazırlıq və Azərbaycan əsgərinin peşəkarlığı birlikdə qələbənin əsasını formalaşdırmışdı".

Onun sözlərinə görə, müharibəyə hazır olmaq ordunun uzunmüddətli ehtiyaclarını qarşılamaq, təchizatı yeniləmək, şəxsi heyəti hazırlamaq və döyüş zamanı təminatın davamlılığını qorumaq deməkdir: "Bunların hər biri güclü maliyyə bazası tələb edir. 2020-ci ilə qədər həyata keçirilən enerji və infrastruktur layihələri, artan dövlət gəlirləri Azərbaycanın müdafiə imkanlarını genişləndirdi.

Lakin sərvətin mövcudluğu öz-özlüyündə hərbi uğura təminat vermir. Əsas məsələ həmin sərvətdən necə istifadə olunmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi dövründə iqtisadi imkanların ordu quruculuğuna yönəldilməsi ardıcıl dövlət siyasətinə çevrildi. Müasir silahların alınması, hərbi infrastrukturun inkişafı, təlimlərin təşkili və şəxsi heyətin hazırlığı bir-biri ilə bağlı vəzifələr kimi həyata keçirildi. İqtisadi potensial bu yolla real müdafiə qabiliyyətinə çevrilirdi.

Strategiyanın siyasi mahiyyəti isə məqsədin aydınlığında və ona çatmaq üçün göstərilən ardıcıllıqda idi. Ərazi bütövlüyünün bərpası illər boyu Prezident İlham Əliyevin strateji rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin əsas prioriteti olaraq qaldı.

Dəyişən beynəlxalq şəraitdə bu məqsədi qorumaq, imkanları artırmaq və riskləri qiymətləndirmək siyasi səbr və iradə tələb edirdi.

Prezident İlham Əliyevin yanaşmasında uzunmüddətli hazırlıqla zəruri anda qətiyyətli qərar qəbul etmək bacarığı birləşirdi. Burada diplomatiyanın rolunu da ayrıca vurğulamaq lazımdır. Azərbaycan münaqişəyə dair mövqeyini beynəlxalq təşkilatlarda müdafiə edir, ikitərəfli əlaqələrini genişləndirir, müxtəlif güc mərkəzləri ilə münasibətlər qururdu. Bu fəaliyyətin əhəmiyyəti təkcə danışıqlar masasında əldə olunan nəticələrlə ölçülmürdü. Ölkənin mövqeyinin tanıdılması, tərəfdaşların maraqlarının nəzərə alınması və beynəlxalq əlaqələrin qorunması da dövlətin fəaliyyət imkanlarını artırırdı".

R.Nəbiyev vurğulayıb ki, müharibə dövründə Prezident İlham Əliyevin xarici mediaya müsahibələri həmin diplomatik fəaliyyətin davamı oldu: "Azərbaycanın məqsədlərinin beynəlxalq ictimaiyyətə birbaşa çatdırılması, suallara və ittihamlara cavab verilməsi informasiya mübarizəsinin mühüm hissəsini təşkil edirdi. Cəbhədə baş verənlərin siyasi mənasının izahı da hərbi əməliyyatlarla yanaşı aparılırdı. Bu, dövlət rəhbərinin həm ölkə daxilində ictimai inamın qorunmasında, həm də xarici auditoriya ilə ünsiyyətdə rolunu göstərirdi.

Hərbi hazırlıq baxımından kitabın üzərində düşünməyə sövq etdiyi əsas məsələ silahla ondan istifadə bacarığı arasındakı əlaqədir. Müasir texnikaya sahib olmaq vacibdir. Onu digər vasitələrlə uyğunlaşdırmaq, düzgün zamanda və düzgün istiqamətdə tətbiq etmək isə ayrıca peşəkarlıq tələb edir. Azərbaycanın üstünlüyü texnologiyanın təlim, planlaşdırma və idarəetmə ilə birləşdirilməsində idi.

Müəlliflərin Hadrut döyüşlərinə dair araşdırması bu baxımdan əhəmiyyətlidir. Burada xüsusi təyinatlıların hazırlığı, onların digər bölmələrlə birgə fəaliyyəti və mürəkkəb relyefdən istifadə bacarığı önə çıxır. Şəhər döyüşlərinə hazırlığın hələ 2014-cü ildən aparıldığının qeyd olunması da mühüm məqamdır. Döyüş meydanında görünən çevikliyin arxasında illərlə keçirilmiş təlimlər və qazanılmış vərdişlər dayanırdı.

Bütün bunların mərkəzində isə Azərbaycan əsgəri və zabiti vardı. Hərbi planı həyata keçirən, çətin relyefdə irəliləyən, mövqeni tutan və onu qoruyan insan idi. Onun üzərinə düşən vəzifə fiziki dözümlülük, soyuqqanlılıq, təşəbbüs və yoldaşına etimad tələb edirdi. Azərbaycan hərbçisinin gücü peşəkar hazırlığının Vətənə bağlılığı ilə birləşməsində idi. Doğma torpaqların azadlığı uğrunda döyüşdüyünü bilməsi onun mübarizəsinə xüsusi mənəvi məzmun verirdi.

Şuşa əməliyyatı bu həqiqəti bütün parametrlər üzrə aydınlığı ilə göstərdi. Dağlıq ərazi, çətin keçidlər və şəhər daxilində döyüş şəraiti şəxsi heyətin qarşısında ağır vəzifələr qoyurdu. Hava şəraitinin pilotsuz sistemlərin istifadəsini məhdudlaşdırdığı məqamlarda bölmələrin çevikliyi, komandirlərin qərarvermə bacarığı və əsgərin iradəsi daha böyük əhəmiyyət qazandı. Şuşa göstərdi ki, texnologiyanın yaratdığı imkanları tamamlayan əsas qüvvə hazırlıqlı və məqsədinə inanan hərbçidir.

Prezident İlham Əliyevin strategiyasına müqayisəli baxdıqda onun fərqli sahələri bir məqsəd ətrafında birləşdirmək məharəti diqqəti çəkir. Yalnız texnoloji üstünlüyə əsaslanan yanaşma ordunun hansı silahlara malik olduğunu izah edir. Azərbaycan təcrübəsi isə daha geniş suallara cavab verir: həmin ordu necə hazırlanıb, necə təmin olunub, necə idarə edilib və onun qarşısında hansı siyasi məqsəd qoyulub? Maliyyə, silah, diplomatiya və ictimai birlik ayrı-ayrılıqda mühüm imkanlardır.

Kitabdan çıxan nəticələrdən biri budur ki, Prezident və Ali Baş Komandanın mükəmməl strategiyası onların birgə nəticə verməsini təmin etdi.

Azərbaycanla Ermənistanın hərbi yanaşmalarının müqayisəsi də əhəmiyyətlidir. Hadrut araşdırmasında Ermənistan tərəfinin möhkəmləndirilmiş müdafiə xətlərinə arxalanmasının həmin xətlər yarıldıqdan sonra ciddi çətinliklər yaratdığı göstərilir. Azərbaycan bölmələri isə dəyişən şəraitə uyğunlaşmaq, müxtəlif qüvvələrin imkanlarını birləşdirmək və təşəbbüsü qorumaq bacarığı nümayiş etdirirdi. Bu fərq hərbi hazırlıqda əvvəlki təcrübədən nəticə çıxarmağın və yeni müharibənin tələblərini vaxtında görməyin əhəmiyyətini üzə çıxarır.

Collins və Spencerin tədqiqatı Azərbaycanın Zəfərinə bu geniş çərçivədə baxmağa imkan verir. Qələbənin iqtisadi dayaqları, siyasi məqsədi, diplomatik hazırlığı, hərbi və mənəvi əsasları vardı. Bunlar illər ərzində formalaşaraq 2020-ci ildə bir-birini tamamladı".

Deputat qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyi milli imkanları vahid məqsəd ətrafında səfərbər etdi: "Azərbaycan əsgəri və zabiti isə bu hazırlığı öz cəsarəti, fədakarlığı və peşəkarlığı ilə döyüş meydanında Zəfərə çevirdi. Qarabağ qələbəsinin mahiyyətini anlamaq üçün həm onu mümkün edən dövlət siyasətini, həm də həmin siyasətin qarşıya qoyduğu vəzifəni yerinə yetirən hərbçinin əməyini və qəhrəmanlığını birlikdə qiymətləndirmək lazımdır.

Bu faktorları professional araşdıran Liam Collins və John Spencerin "Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə" kitabı Amazon vasitəsilə qlobal miqyasda azad satışda təqdim olunur".

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
"Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi olub
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər