"Herend": iki yüz illik çini sənəti
2026-cı ildə macar çini manufakturası olan "Herend" 200 illik yubileyini qeyd edir. Bakon dağlarının ətəyində yerləşən balaca bir manifaktura bu müddət ərzində Avropanın ən məşhur çini brendlərindən birinə çevrilib. Onun məmulatları kral saraylarını bəzəyib və beynəlxalq sərgilərdə ən yüksək mükafatları qazanıb. Bununla yanaşı, "Herend" manufakturası iki əsr ərzində onun işini müəyyən edən əsas xüsusiyyəti – sənətkarlıq ənənələrinə sədaqəti qoruyub saxlayıb. Texnologiyaların və sənaye istehsalının inkişafına baxmayaraq, burada hər bir məmulat çininin yaradılmasından tutmuş ən incə bədii təsvirin çəkilməsinə qədər olan bütün mərhələlərdən keçərək, elə əvvəllər olduğu kimi, hələ də əl ilə ərsəyə gətirilir.
Manufakturanın tarixi öz başlanğıcını 1826-cı ildən – Vinse Ştinqlin keramikanın hazırlanması ilə məşğul olan və çini ilə ilk sınaqları aparan kiçik bir emalatxana təsis etdiyi vaxtdan götürür. Lakin "Herend"in həqiqi çiçəklənməsi istehsalatı beynəlxalq səviyyəyə qaldırmağı bacarmış Mor Fişerin rəhbərliyi dövrünə təsadüf edir. Londonda 1851-ci ildə keçirilən Ümumdünya sərgisi dönüş nöqtəsinə çevrildi. Burada macar ustaların işləri mütəxəssislər tərəfindən yüksək qiymət aldı və Avropa kral ailələrinin diqqətini cəlb etdi. Sərgidə iştirak edən Böyük Britaniya kraliçası Viktoriya Vindzor sarayı üçün "Herend"dən çini serviz sifariş etdi. Bu sifariş manufaktura ilə kral sarayları arasında xüsusi münasibətlərin yaranmasının və onun gələcəkdəki nüfuzunun bir sıra cəhətlərdən müəyyənləşməsinin əsasını qoydu.
1851-ci il London Ümumdünya sərgisində tanınması "Herend"in beynəlxalq uğuruna rəvac verdi. Növbəti onilliklərdə manufaktura Paris, Nyu-York, Sent-Luis və digər şəhərlərdə keçirilən sərgilərdə çoxsaylı nüfuzlu mükafatlara layiq görüldü, 1872-ci ildə isə Avstriya-Macarıstan imperator və kral ailəsi sarayının təminatçısı statusunu aldı. "Herend"in beynəlxalq səviyyədə tanınması günümüzdə də qüvvədədir: 2011-ci ildən etibarən manufaktura "Comité Colber" dəbdəbə evlərindən ibarət prestijli fransız birliyinə daxildir.
Lakin "Herend"in tarixi yalnız beynəlxalq mükafatlar və kral sarayları ilə bağlı deyil. Ustalar iki yüz il ərzində özünəməxsus bədii dil yaradıblar ki, bu da minlərlə dekorativ kompozisiyada öz əksini tapıb. Hazırda manufakturanın irsinə 4000-dən artıq qeydiyyata alınmış ornament və 16000 forma daxildir ki, onlardan da əksəriyyəti məşhur Avropa sülalələri və tanınmış şəxsiyyətlərlə əlaqədar olan şəxsi tarixçəyə malikdir.
"Herend"in ilk baxışdaca tanınan ornamentlərdən biri kraliça Viktoriyanın adını daşıyır. Belə ki, məhz o, 1851-ci ildə çiçəklənən budaqlar və pionlar arasında rəngarəng kəpənəklərin təsvir olunduğu, şərq üslubuna malik zərif işləməli servizə diqqət yetirib. Bunun nəticəsi olaraq, Vindzor sarayı üçün sifariş edilmiş serviz "Victoria" adını aldı, təsvirin özü isə manufakturanın kolleksiyası arasında ən tanınmışlardan birinə çevrildi. Onun dolğun rəng palitrası və mürəkkəb kompozisiyası "Herend" məmulatlarında bugünədək qorunur.
Digər məşhur ornament olan "Rothschild" 1860-cı illərdə meydana gəlib və o, Rotşild ailəsinin tarixi ilə bağlıdır. Çini üzərində ağac budaqlarına qonmuş cüt-cüt quşlar təsvir edilib və onları kəpənəklərlə xırda həşəratlar əhatə edir. Budaqlar üzərindən keçən nazik qızıl boyunbağı xüsusilə diqqət çəkir. Ailədən qalan rəvayətə görə, bir dəfə baronessa Rotşild öz qiymətli boyunbağını itirmiş, sonradan isə o, nəğməkar quşların onunla oynadığı bağda tapılmışdı. Bu epizod "Herend"in daha xarakterik əsərlərindən birinin təsviri üçün əsas rolunu oynayıb.
"Herend"in digər tarixi ornamentləri də bunlardan geri qalmır: qraf Albert Apponyinin sifarişi ilə ərsəyə gətirilmiş lakonik "Apponyi"; imperatriça Sisi ilə əlaqəli olan, məşhur naturalistə hədiyyə edilmiş zərif və şəbəkəvari "Humboldt" servizi; "Esterházy"; eləcə də "VH" naxışlarının çoxsaylı variantları.
Bu təsvirlərdən hər biri "Herend" tarixçəsinin müəyyən dövrünü əks etdirir, bununla belə, onları istehsala olan dəyişməz yanaşmanın varlığı birləşdirir. İki yüz il ərzində manufaktura çininin mexanikləşdirilmiş kütləvi istehsalına heç bir halda keçid etməyib. Məmulatların hazırlanması və formalaşdırılmasından tutmuş ornamentin ən xırda detallarının çəkilməsinə qədər bütün əməliyyatlar ustaların əlindən keçir. Ənənəvi üsulların qorunub saxlanmasında riayət edilən bu ardıcıllıq imkan verir ki, tarixi təsvirlər onların elə bir əsrdən də artıq müddət əvvəl ərsəyə gətirildiyi o dəqiqliklə həyata keçirilsin.
Hazırda "Herend" çinisi təkcə muzey kolleksiyalarında və tarixi malikanələrdə mövcud olmaqla kifayətlənmir. Bir zamanlar Avropa monarxları və aristokrat ailələr üçün işlənib-hazırlanmış ornamentlər müasir interyerlərdə də öz yerini tapır. Ötən iki yüz il ərzində zövqlər, bədii cərəyanlar və süfrə düzülüşü barədə təsəvvürlər dəyişilib, lakin "Herend"in ənənəvi təsvirləri öz aktuallığını qoruyub saxlamağı bacarıb. Manufakturanın tarixi ilə müasirliyi birləşdirən məhz elə bu davamlılıq brendin ikiəsrlik irsini ehtiva edir.
"Herend" brendinin kolleksiyaları "Ambiance" butikində təqdim edilir.
Ünvan: Azərbaycan, Bakı, 28 may küçəsi, 5A.
Əlaqə nömrəsi: +994 (12) 498-62-94
"Herend" manufakturasını Azərbaycanda onun rəsmi distribütoru – "Italdizain" şirkəti eksklüziv olaraq təmsil edir. Bu brend və onun kolleksiyaları barədə daha çox məlumatı https://italdizain.az/ru/brands/herend veb-saytında əldə edə bilərsiniz.
Oxşar xəbərlər
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradılıb
Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılıb
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir













