"Aqrar Məşvərət Şurası"nın növbəti iclası keçirilib
Azərbaycanın kənd təsərrüfatı sektorunun inkişafına töhfə vermək məqsədilə yaradılan və ölkənin aqrar sektorunun ən iri şirkətlərini birləşdirən "Aqrar Məşvərət Şurası" İctimai Birliyinin 20-ci görüşü keçirilib.
"Far.Az" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, "İşğaldan azad edilmiş ərazilərdə aqrar sektorun inkişafına töhfə: dövlət-özəl əməkdaşlığı" mövzusuna həsr olunan görüşdə işğaldan azad edilmiş ərazilərdə aqrar sektorun inkişaf perspektivləri, dövlət və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsi, investisiya imkanları və həyata keçirilən layihələr müzakirə olunub.
Məlumata görə, tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, işğaldan azad edilmiş ərazilər üzrə xüsusi nümayəndəliklərin təmsilçiləri, Aqrar Məşvərət Şurasının üzvləri, aqrar sektor nümayəndələri və digər maraqlı tərəflər iştirak ediblər.
"Aqrar Məşvərət Şurası" İctimai Birliyinin sədri Niyazi Əmirbəyov işğaldan azad edilmiş ərazilərin aqrar potensialının reallaşdırılmasında dövlət-özəl əməkdaşlığının əhəmiyyətindən danışıb. O, bu ərazilərdə kənd təsərrüfatının inkişafı, yeni istehsal və emal müəssisələrinin yaradılması, sahibkarlıq fəaliyyətinin təşviqi və investisiyaların cəlb edilməsinin vacibliyini qeyd edib.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, xüsusilə işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının bərpası, mövcud aqrar potensialın reallaşdırılması və bu istiqamətdə qarşıda duran vəzifələr barədə məlumat verib. Nazir "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın əhəmiyyətinə toxunub, proqramın yalnız ölkə üzrə aqrar istehsal və emal sahələrinin inkişafını deyil, eyni zamanda işğaldan azad edilmiş ərazilərin, o cümlədən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının aqrar potensialının reallaşdırılmasını, həmin ərazilərdə kənd təsərrüfatının və emal sənayesinin inkişafını da hədəflədiyini vurğulayıb. Qeyd edib ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi bu ərazilərdə investisiya imkanlarının genişlənməsinə, yeni istehsal və emal müəssisələrinin yaradılmasına, məşğulluğun artırılmasına və dayanıqlı iqtisadi inkişafın təmin edilməsinə töhfə verəcək. Həmçinin müəyyən edilmiş hədəflərin reallaşdırılmasında dövlət qurumları ilə yanaşı, özəl sektorun, sahibkarların və fermerlərin fəal iştirakının vacibliyi diqqətə çatdırılıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən şəhərsalma və məskunlaşma tədbirləri, infrastrukturun qurulması və ərazilərin iqtisadi inkişafı üçün yaradılan şərait barədə məlumat verib. O, aqrar sektorun inkişafının həmin ərazilərin ümumi iqtisadi və sosial inkişafı ilə qarşılıqlı əlaqədə olduğunu vurğulayıb.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bu rayonlarda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq tədbirləri, kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinin dövriyyəyə cəlb edilməsi və aqrar infrastrukturun formalaşdırılması istiqamətində görülən işlərdən danışıb. O, bölgədə fermer təsərrüfatlarının inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması və yeni iqtisadi təşəbbüslərin reallaşdırılması üçün yaradılan şərait barədə məlumat verib.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev rayonların kənd təsərrüfatı üzrə ixtisaslaşma imkanlarına, mövcud resurslardan istifadənin perspektivlərinə və aqrar sahədə planlaşdırılan layihələrə toxunub. O, xüsusilə özəl investisiyaların cəlb olunması, aqrar və sənaye istehsalı arasında əlaqələrin qurulması, eləcə də sahibkarlar üçün əlverişli biznes mühitinin formalaşdırılmasının əhəmiyyətini qeyd edib.
"Qoç Ət" MMC-nin təsisçisi Sənan Təhməzov şirkətin fəaliyyəti, istehsal imkanları, həyata keçirdiyi layihələr və işğaldan azad edilmiş ərazilərdə aqrar sektorun inkişafına verə biləcəyi töhfələrdən bəhs edib. Tədbirdə "Qoç Ət" şirkətinin fəaliyyəti haqqında videoçarx nümayiş etdirilib.
Sonra Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Nadir Nadirli "İnvestisiya müsabiqələri çərçivəsində görülmüş işlər və növbəti addımlar" mövzusunda təqdimatla çıxış edib. Təqdimat zamanı investisiya müsabiqələri çərçivəsində indiyədək görülmüş işlər, həyata keçirilən tədbirlər, əldə olunan nəticələr və növbəti mərhələdə nəzərdə tutulan fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.
Tədbir iştirakçıları müzakirələr zamanı işğaldan azad edilmiş ərazilərdə aqrar sektorun inkişaf imkanları, investisiya layihələrinin həyata keçirilməsi, istehsal və emal müəssisələrinin yaradılması, dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi və sahibkarları maraqlandıran məsələlərlə bağlı fikir və təkliflərini səsləndiriblər.
Müzakirələrdə dövlət qurumları, xüsusi nümayəndəliklər, özəl sektor və aqrar sahə nümayəndələri arasında əməkdaşlığın və qarşılıqlı koordinasiyanın gücləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb. Həmçinin işğaldan azad edilmiş ərazilərin mövcud resurslarından səmərəli istifadə edilməsi, investisiya təşəbbüslərinin dəstəklənməsi və aqrar layihələrin davamlılığının təmin olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Uitkoff Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabi görüşünün tarixini açıqlayıb
-
Floridada təyyarə qəzasında milyonçu və ailəsi həlak olub - Yenilənib-2
-
Çin yeni rabitə peykləri qrupunu orbitə çıxarıb
-
Kamışevaxaya endirilən zərbə nəticəsində ölənlərin sayı 26-ya çatıb - Yenilənib-2
-
Qazaxıstan və İsrail əməkdaşlıq haqqında yeddi memorandum imzalayıb
-
Britaniyada etirazçılar ABŞ-nin aviabazasının girişini bağlayıblar













