Elgiz Kərəmli: "Bir qələbənin bütün problemləri həll etdiyini düşünmək olmaz"
Far.Az xəbər saytı

Elgiz Kərəmli: "Bir qələbənin bütün problemləri həll etdiyini düşünmək olmaz"


Avropa çempionatının seçmə mərhələsində bir qələbənin bütün problemləri həll etdiyini düşünmək düzgün deyil.

Bunu "Far.Az"a açıqlamasında Azərbaycanın U-19 yığmasının baş məşqçisi Elgiz Kərəmli deyib.

Mütəxəssis seçmə mərhələnin II raundunda qarşılaşdıqları Monteneqro və Serbiya ilə matçlardakı çatışmazlıqlara toxunub:

"İlk növbədə, nəticələrin qənaətbəxş olmadığını qəbul etməliyik. Xüsusilə Monteneqro ilə oyunda buraxdığımız qolların sayı müdafiə təşkilatçılığında və fərdi qərarvermədə problemlərimizin olduğunu göstərdi. Serbiya və Monteneqro kimi rəqiblərlə müqayisədə fiziki hazırlıq və oyun tempi baxımından fərqlər də hiss olunurdu. Əsas məsələ bu fərqləri görmək, təhlil etmək və aradan qaldırmaqdır".

Baş məşqçi hücum oyunu və rəqib təzyiqinə qarşı çıxış barədə danışıb:

"Monteneqro ilə oyunda iki qol vurmağımız hücum potensialımızın müəyyən elementlərini göstərdi. Serbiya ilə qarşılaşmada isə rəqibin təzyiqi altında hücumda istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Bizim üçün əsas məsələ yalnız qol vurmaq deyil, rəqibin təzyiqinə baxmayaraq öz oyun prinsiplərimizi qorumaq, düzgün qərarlar vermək və oyunun müxtəlif mərhələlərində rəqabət aparmaqdır. Bu istiqamətdə hələ ciddi inkişaf etməliyik".

E.Kərəmli ardıcıl məğlubiyyətlərdən sonra Farer adaları ilə matça hazırlıq prosesini dəyərləndirib:

"Ardıcıl iki böyükhesablı məğlubiyyətin futbolçulara psixoloji təsir etməsi təbiidir. Belə vəziyyətdə məşqçi heyətinin əsas vəzifəsi futbolçuların özünəinamını qorumaq və onları növbəti oyuna düzgün hazırlamaqdır. Futbolçulara izah etdik ki, hər bir oyun yeni bir imkandır və meydanda komanda olaraq düzgün reaksiya vermək lazımdır. Farer adaları ilə görüş bizim üçün təkcə turniri xalla başa vurmaq imkanı deyildi. Həm də əvvəlki nəticələrdən sonra kollektivin xarakterini, toparlanmaq bacarığını və mübarizə əzmini göstərmək baxımından vacib idi".

O, son qarşılaşmadakı taktiki dəyişikliklərə və qələbəyə münasibət bildirib:

"İlk iki oyunun təhlilindən sonra həm oyunçuların funksional vəziyyətini, həm də rəqibin oyun xüsusiyyətlərini nəzərə alaraq bəzi taktiki və heyət dəyişikliklərinə getdik. Futbolçular tapşırıqları daha intizamlı yerinə yetirdilər. 2:0 hesablı qələbə bizim üçün müsbət nəticədir. Ən vacibi isə komandanın əvvəlki məğlubiyyətlərdən sonra düzgün reaksiya göstərməsi və oyunun sonuna qədər mübarizə aparması idi. Bununla belə, bir qələbənin bütün problemləri həll etdiyini düşünmək olmaz. Üzərində dayanılası və inkişaf etdirilməsi vacib olan çox istiqamət var".

U-19-un çalışdırıcısı gələcək planlardan söz açıb:

"Bu oyunlar bizə bir daha göstərdi ki, beynəlxalq səviyyədə rəqabət aparmaq üçün futbolçularımızın bir sıra istiqamətlərdə inkişafına ehtiyac var. İlk növbədə, oyun tempi, fiziki hazırlıq, fərdi mübarizələrdə davamlılıq, yüksək təzyiq altında düzgün qərarvermə və bir çox komponent üzərində daha çox işləməliyik. Digər mühüm məqam futbolçuların yerli çempionatda aldığı oyun təcrübəsidir. Beynəlxalq matçlarda tələb olunan intensivlik və rəqabət səviyyəsinə hazır olmaq üçün oyunçuların gündəlik məşq və yarış mühitinin də bu tələblərə uyğun inkişaf etməsi vacibdir. Əsas məqsədimiz bu təcrübədən düzgün nəticə çıxarmaq və növbəti mərhələlərdə daha rəqabətədavamlı komanda formalaşdırmaqdır".

Qeyd edək ki, Serbiyanın paytaxtı Belqradda təşkil olunan Avropa çempionatının II raundunda Azərbaycan millisi Monteneqroya 2:7, Serbiyaya 0:4 hesabı ilə uduzub. Komanda qrupdakı son görüşdə Farer adalarını 2:0 hesabı ilə məğlub edib.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər