Məxfi məlumatlarla 400 min dollardan çox qazanc əldə edən ABŞ hərbçisinə ittiham irəli sürülüb
Far.Az xəbər saytı

Məxfi məlumatlarla 400 min dollardan çox qazanc əldə edən ABŞ hərbçisinə ittiham irəli sürülüb


Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsi üzrə əməliyyatda iştirak etmiş ABŞ xüsusi təyinatlı qüvvələrinin hərbi qulluqçusu onlayn mərc platformasında 400 min dollardan çox gəlir əldə etmək üçün missiya barədə məxfi məlumatlardan istifadə etməkdə ittiham olunur.

"Report" "Associated Press" (AP) agentliyinə istinadən xəbər verir ki, bu barədə Nyu-Yorkun federal prokurorluğu məlumat yayıb.

"Qennon Ken Van Dayk 2026-cı ilin yanvarında Maduronun ələ keçirilməsi əməliyyatına cəlb olunmuşdu və "Polymarket" proqnoz bazarları platformasında pul qazanmaq üçün məxfi məlumatlardan istifadə etmişdir," - Nyu-York prokurorluğunun bəyanatında bildirilib.

Ədliyyə Nazirliyi ona məxfi dövlət məlumatlarından şəxsi məqsədlər üçün qanunsuz istifadə, qapalı hökumət məlumatlarının oğurlanması, əmtəə fırıldaqçılığı, elektron rabitə vasitələrindən istifadə etməklə fırıldaqçılıq, eləcə də qanunsuz maliyyə əməliyyatı həyata keçirmə ittihamlarını irəli sürüb. Onu çoxillik həbs cəzası gözləyir.

"İddialara görə, söhbət qanuni hərbi əməliyyatdan mənfəət əldə etmək üçün öz mövqeyindən istifadə etmiş ABŞ hərbçisindən gedir," - FTB direktoru Kaş Patel bildirib.

Xatırladaq ki, ABŞ lideri Donald Tramp yanvarın 3-də Venesuelada uğurlu əməliyyat keçirdiyini bildirmişdi. O qeyd edib ki, Bolivar Respublikasının prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores ələ keçirilərək ölkə ərazisindən çıxarılıblar.

İki gün sonra, yanvarın 5-də Maduro həyat yoldaşı ilə birgə ittihamların irəli sürülməsi üçün Nyu-York məhkəməsi qarşısına çıxıb. Məhkəmədə o, təqsirsiz olduğunu bildirib və hələ də öz ölkəsinin prezidenti olduğunu əlavə edib. ABŞ məhkəməsi Venesuela konsulluq işçilərinin ziyarətini təyin etməyə razılıq verib.

Maduro və onun həyat yoldaşının işi üzrə ikinci iclas 26 mart 2026-cı ildə Nyu-York federal məhkəməsində hakim Elvin Hellerstaynın sədrliyi ilə keçirilib.

Oxşar xəbərlər

Nyu-Yorkun "Times" meydanında Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər