Yeni qaydalar qiymətləri dəyişə bilər: Maşınlar ucuzlaşacaq?
Far.Az xəbər saytı

Yeni qaydalar qiymətləri dəyişə bilər: Maşınlar ucuzlaşacaq?


"Milli Məclisdə lizinq fəaliyyəti ilə bağlı yeni qanun layihəsi müzakirə olunur və təklif edilən dəyişikliklər lizinq anlayışını daha çox maliyyə icarəsi modeli əsasında beynəlxalq standartlara uyğunlaşdırmağı hədəfləyir. Bu, bazarın tənzimlənməsi baxımından mühüm addım hesab olunur".

Bunu Far.Az-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, artıq istənilən hüquqi şəxs sadəcə formal olaraq lizinq fəaliyyəti ilə məşğul ola bilməyəcək, bu sahədə müəyyən tələblər və nəzarət mexanizmləri tətbiq ediləcək:

"Gözlənilir ki, bu dəyişikliklər lizinq bazarında sistemli yanaşmanın formalaşmasına, şəffaflığın artmasına və hüquqi aydınlığın təmin olunmasına gətirib çıxarsın. Ümumiyyətlə, bazarda qaydaların müəyyənləşdirilməsi iki istiqamətdə təsir göstərə bilər.

Birinci ssenariyə görə, əgər yeni qaydalar lizinqi daha əlçatan və şəffaf edərsə, vətəndaşların bu alətə marağı artacaq. Bu halda daha çox insan avtomobil almaq üçün lizinqə üz tutacaq ki, bu da bazarda tələbin artmasına səbəb ola bilər. Tələbin artması isə müəyyən dövrlərdə qiymətlərin yüksəlməsi ilə nəticələnə bilər.

Digər tərəfdən, əgər tətbiq edilən dəyişikliklər prosesi mürəkkəbləşdirərsə, yəni sənədləşmə artır, şərtlər sərtləşər və ya prosedurlar uzanarsa, bu zaman lizinqə müraciət edənlərin sayı azala bilər. Belə olan halda bazarda aktivlik zəifləyər və bu da qiymətlərə ya neytral, ya da müəyyən qədər aşağı yönlü təsir göstərə bilər".

Vüqar Oruc hesab edir ki, mövcud reallıqda avtomobil qiymətlərinə təsir edən əsas faktor təkcə lizinq mexanizmi deyil:

"Burada gömrük rüsumları, əlavə dəyər vergisi və idxal şərtləri daha həlledici rol oynayır. Xüsusilə son illərdə bu istiqamətdə olan dəyişikliklər bazarda qiymətlərin formalaşmasına ciddi təsir göstərir.

Ümumiləşdirsək, lizinq şərtlərinin yüngülləşdirilməsi qısa müddətdə avtomobillərin ucuzlaşmasına səbəb olmaya bilər. Əksinə, əlçatanlığın artması tələbi yüksəldə və bu da qiymətlərə müəyyən təzyiq yarada bilər. Lakin uzunmüddətli perspektivdə rəqabətin artması və bazarın genişlənməsi qiymətlərin sabitləşməsinə və ya daha balanslı formalaşmasına şərait yarada bilər.

Bu baxımdan əsas məsələ yeni qanunun necə tətbiq olunacağıdır. Əgər dəyişikliklər həm bazarın tənzimlənməsini, həm də vətəndaşlar üçün əlçatanlığı təmin edərsə, bu, ümumilikdə avtomobil bazarında daha sağlam və davamlı mühit formalaşdıra bilər".

Orxan Hüseyn

Oxşar xəbərlər

Azərbaycanlı məşhurlar Ramazanda oruc tutacaqlar?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər