Pakistan rəsmisi: "Azərbaycanla turist axınını artırmaq üçün vahid platforma yaradırıq" - MÜSAHİBƏ
Azərbaycanla Pakistan arasında turizm sahəsində əməkdaşlıq son illər yeni mərhələyə qədəm qoyub, iki ölkə arasında qarşılıqlı turist axını artıb, birgə layihələrin icrası gündəmə gəlib. Birbaşa aviareyslərin açılması, viza rejiminin sadələşdirilməsi və turizm potensialının qarşılıqlı təşviqi bu dinamikanı daha da gücləndirir.
Bütün bu məsələlərlə bağlı "Far.Az"un Şuşaya ezam olunmuş müxbirinin suallarını Pakistanın Baş nazirinin turizm üzrə müşaviri Sardar Yasser İlyas Xan cavablandırıb. O, Şuşanın İslam Əməkdaşlıq Təşkilatının (İƏT) turizm paytaxtı elan edilməsi ilə bağlı tədbirdə iştirak etmək üçün ölkəmizdə səfərdədir.
Həmin müsahibəni oxucularımıza təqdim edirik:
– Azərbaycanla Pakistan arasında turizm əlaqələrinin inkişafını necə qiymətləndirirsiniz?
– Azərbaycanla əldə etdiyimiz ən böyük nailiyyətlərdən biri aviasiya əlaqələrinin inkişafı, İslamabad və Lahor şəhərlərindən birbaşa reyslərin açılmasıdır. Bunun nəticəsində ötən il Azərbaycana gələn pakistanlı turistlərin sayı 90 minə çatıb.
Eyni zamanda Azərbaycandan Pakistana səfər edənlərin sayı da artır. Bu, iki ölkə arasında turizm münasibətlərinin dinamik inkişaf etdiyini göstərir.
– Azərbaycana gələn pakistanlı turistlərin sayında artım hansı amillərlə bağlıdır?
– Əsas amillərdən biri birbaşa uçuşların mövcudluğu və viza prosedurlarının sadələşdirilməsidir. Bundan əlavə, Azərbaycanın turizm imkanlarının Pakistan bazarında daha aktiv tanıdılması və sosial media üzərindən təşviq tədbirləri də bu artıma təsir edir.
– Pakistan turistləri üçün Azərbaycanın hansı bölgələri daha cəlbedicidir? Qarabağa maraq varmı?
– Azərbaycanın çox zəngin turizm potensialı var. Xüsusilə Bakı, Qəbələ, Şəki kimi istiqamətlər pakistanlı turistlər arasında populyardır. Qarabağ regionuna, o cümlədən Şuşaya maraq da getdikcə artır. Bu ərazilərin bərpası və turizmə açılması gələcəkdə daha çox turist cəlb edəcək.
– Azərbaycan və Pakistan arasında birgə turizm paketlərinin hazırlanması nəzərdə tutulurmu?
– Bəli, hazırda bu istiqamətdə işlər aparılır. Məqsəd hər iki ölkənin turizm imkanlarını bir paketdə təqdim etmək və turistlər üçün daha cəlbedici marşrutlar yaratmaqdır.
– Azərbaycanın turizm infrastrukturu və xidmət keyfiyyəti barədə təəssüratlarınız necədir?
– Azərbaycan son illərdə turizm infrastrukturunun inkişafına ciddi investisiyalar yatırıb. Hotellər, nəqliyyat və xidmət sektoru kifayət qədər yüksək səviyyədədir. Bu da turist məmnunluğunu artıran əsas amillərdəndir.
– Pakistan hansı turizm istiqamətlərini azərbaycanlı turistlər üçün təklif edir?
– Hazırda tibbi turizm, macəra turizmi və dini turizm üzrə xüsusi paketlər üzərində işləyirik. Ölkəmizdə çoxlu tarixi məkanlar və macəra turizmi üçün əlverişli ərazilər var. Dünyanın ən yüksək zirvələri sırasında yer alan 100-dən çox dağa sahibik. Xüsusilə şimal bölgələrinin təbiəti çox cəlbedicidir və landşaft baxımından Azərbaycanla oxşarlıqlar var.
Eyni zamanda cənub bölgələrində zəngin tarix, qalalar, mədəniyyət və mətbəx turistlər üçün maraqlıdır. Pakistan dörd əyalətdən ibarətdir və hər biri fərqli xüsusiyyətlərə malikdir.
– Azərbaycanla turizm sahəsində əməkdaşlığın genişləndirilməsi üçün hansı yeni təşəbbüslər planlaşdırılır?
– İki ölkə arasında münasibətlər ildən-ilə daha da möhkəmlənir. Turizm sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yeni layihələr üzərində işləyirik.
Gələn il Pakistanda keçiriləcək turizm sammitinə Azərbaycanı və digər İƏT-ə üzv ölkələri dəvət etməyi düşünürük.
– Pakistanın turizm idarəetmə modeli Azərbaycanla əməkdaşlığa necə təsir edir?
– Bizdə ayrıca Turizm Nazirliyi yoxdur. Turizm sahəsi departament səviyyəsində fəaliyyət göstərir, hər əyalətin öz qurumu var. Mən isə ölkənin bütün əyalətləri arasında koordinasiyanı təmin edirəm, Azərbaycanla turist mübadiləsinin artırılması üçün vahid platformanın yaradılması üzərində işləyirəm.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: Qonşularımız bizim prioritetimizdir
-
Naxçıvanda ağır QƏZA: bir nəfər ölüb, üç nəfər xəsarət alıb
-
Yasamalda 16 yaşlı yeniyetməni avtomobil vuraraq öldürüb
-
"Axios": İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur
-
ABŞ Sakit okeanda narkotik daşıyan daha bir gəmiyə zərbə endirib
-
Milli Məclis WUF13-lə əlaqədar əlavə sazişi ratifikasiya edib













