Hörmüz boğazı: Yeni reallıqda Azərbaycanın rolu daha da strateji xarakter alır - TƏHLİL
Yaxın Şərqdə ABŞ ilə İran arasındakı hərbi qarşıdurmanın aktiv mərhələsi hələlik sakitləşsə də, bu gərginliyin qlobal iqtisadiyyata və enerji bazarlarına təsiri gündən-günə daha qabarıq şəkildə özünü büruzə verir. Münaqişənin ən ağır nəticələrindən biri strateji cəhətdən böyük əhəmiyyət kəsb edən Hörmüz boğazında yaranmış gərginliklə bağlıdır. İranın bu keçidi faktik olaraq bağlaması dünya enerji təhlükəsizliyini sarsıdan başlıca amil halını aldı. Fars körfəzini Hind okeanına bağlayan Hörmüz boğazı qlobal enerji sisteminin həyati əhəmiyyət daşıyan əsas arteriyalarından biri sayılır.
Dünya miqyasında istehlak olunan neftin təxminən beşdə biri, Körfəz dövlətlərindən mayeləşdirilmiş təbii qaz (LNG) ixracının 30 %-i, Avropanın aviasiya yanacağı idxalatının təqribən 40 %-i, dizel yanacağının 10 %-dən çox hissəsi, həmçinin Asiyanın gündəlik neft idxalatının 2 milyon bareli bilavasitə bu marşrutdan asılı vəziyyətdədir. İraqın ümumi neft ixracatının 97 %-i, Səudiyyə Ərəbistanının 89 %-i, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) 66 %-i, bundan əlavə İran, Küveyt və Qətərin qlobal bazarlara göndərdiyi bütün neft məhz bu boğazdan keçərək nəql edilir.
Yaxın Şərq regionundan neft ixracı əsas etibarilə bu dəniz keçidindən reallaşdırıldığından, ixracın alternativ istiqamətlərə yönləndirilməsi imkanları son dərəcə məhduddur. Səudiyyə Ərəbistanı və BƏƏ müəyyən kiçik həcmləri şərq-qərb boru kəməri, eləcə də Əbu-Dabi boru kəmərləri vasitəsilə fərqli marşrutlara yönləndirmək qabiliyyətinə malikdir, lakin bu alternativ yollar adi axınların yalnız cüzi bir hissəsini kompensasiya edə bilir. Nəticə etibarilə sutkada faktiki olaraq 8-10 milyon barel xam neft bazardan çıxarılmış olur. Məhz bu səbəbdən boğazda baş verən istənilən məhdudiyyət yalnız enerji bazarını deyil, ümumilikdə qlobal ticarət və istehsal zəncirini ciddi şəkildə zədələyir.
Alternativ marşrutların məhdud potensialı fonunda gündəlik milyonlarla barel xam neftin bazardan kənarda qalması enerji qiymətlərində kəskin artıma səbəb olub. Bu vəziyyət neft sektoru ilə yanaşı, nəqliyyat, logistika, aviasiya, kənd təsərrüfatı və ərzaq bazarlarının da yeni risk mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir. Cari şərait xüsusilə enerji idxalından asılı olan Asiya və Avropa ölkələri üçün ciddi sınaqlar yaradır, eyni zamanda enerji ixracatçısı və alternativ təchizat mənbəyi qismində Azərbaycanın strateji əhəmiyyətini daha da artırır.
Asiyanın enerji təhlükəsizliyinin sınaq nöqtəsi
Müharibədən əvvəl Hörmüz boğazından tranzit edilən neftin 80 %-dən artığını Asiya dövlətləri, xüsusilə Çin, Hindistan, Cənubi Koreya və Yaponiya idxal edirdi. Yaponiya bu baxımdan xüsusi həssas mövqedədir, çünki ölkə neft idxalından tam asılı vəziyyətdədir. Yaponiyanın neft tədarükünün 95 %-i Yaxın Şərq regionundan, o cümlədən 70 %-i bilavasitə Hörmüz boğazı vasitəsilə həyata keçirilirdi. Cənubi Koreya neft ehtiyacının təqribən 70 %-ini, Hindistan 58 %-ini, Çin isə 50 %-dən bir qədər artığını Yaxın Şərq mənbələrindən qarşılayırdı.
Tədarükün praktiki olaraq dayanması nəticəsində neft məhsulları ehtiyatlarının sürətli şəkildə tükənməsi prosesi müşahidə olunur. Dünyanın ən nüfuzlu maliyyə qruplarından sayılan "Goldman Sachs"ın açıqladığı məlumatlara əsasən, qlobal benzin, dizel yanacağı və aviasiya kerosini ehtiyatları təqribən 45 günlük istehlaka bərabər həcmə qədər geriləyib. Bu göstərici son səkkiz il ərzində qeydə alınan ən aşağı səviyyəyə yaxındır.
Ən ciddi azalma məlum səbəblərə görə Asiya regionunda qeydə alınsa da, Avropadakı durum da narahatlıq doğurur. Belə ki, Hörmüz boğazı yolu ilə Avropanın aviasiya yanacağı tələbatının təxminən 40 %-i ödənilirdi. Fevral ayının sonundan etibarən bu təchizat prosesi faktiki olaraq dayandırılıb. Aprelin sonunda Avropa Hava Limanları Assosiasiyası (ACI Europe) Avropa Komissiyasına yanacaq qıtlığının üç həftə ərzində gerçəkləşə biləcəyinə dair xəbərdarlıq məktubu göndərib. Beynəlxalq Enerji Agentliyi (BEA) isə iyun ayına qədər vəziyyətin kəskin pisləşəcəyini və Avropa hava limanlarında yanacağın fiziki çatışmazlığının yaranma ehtimalını proqnozlaşdırır.
Yanacaq çatışmazlığından ərzaq böhranına
Enerji daşıyıcıları bazarında yaranmış böhranın multiplikativ təsiri qısa müddət ərzində özünü aydın şəkildə büruzə verib. Enerji resurslarının qıtlığı və məsrəflərin sürətli artımı dünya miqyasında ərzaq məhsullarının, xüsusilə buğda və düyünün qiymət artımını təhrik edən başlıca faktorlardan birinə çevrilib. Bu özünü bir neçə istiqamətdə göstərib.
İlk növbədə, Hörmüz boğazının faktiki olaraq bağlanması və enerji resurslarının bahalaşması ərzaq ixrac edən dövlətlərin istehsal və nəqliyyat xərclərinin yüksəlməsinə səbəb olub. Qeyd edək ki, dünya üzrə karbamid tədarükünün 35 %-i məhz bu boğaz vasitəsilə həyata keçirilir. Keçən ayın 10-na Yaxın Şərq karbamidinin qiyməti bir ton üçün 835 ABŞ dolları səviyyəsinə yüksəlib. Cəmi üç aylıq dövr ərzində artım 103 % olub. Gübrə qiymətlərinin belə yüksək səviyyədə qalması fermerləri daha az xərc tələb edən kənd təsərrüfatı bitkilərinə üstünlük verməyə vadar edib. Bu vəziyyət isə öz növbəsində məhz buğda üçün ayrılmış əkin sahələrinin daralmasına gətirib çıxarıb.
Azərbaycan bazarın əsas alternativ və benefisiarı biri kimi
Yaxın Şərqdə davam edən münaqişə fonunda Hörmüz boğazının potensial bağlanması riski xüsusən Asiya dövlətləri üçün enerji tədarükünün diversifikasiyasını prioritet məsələyə çevirir. Bu çərçivədə Azərbaycan əsas alternativ təchizat mənbələrindən biri qismində dəyərləndirilir. Yaponiya artıq bu sahədə praktiki addımlar atmağa başlayıb. Ölkənin ENEOS şirkəti Azərbaycandan 283 min barel neft satın alıb. Azərbaycan neftinin ilk partiyasını daşıyan tanker bu gün Yaponiyaya çatıb.
Hazırda neft qiymətlərinin kifayət qədər yüksək səviyyədə olması Azərbaycan üçün əlavə gəlir mənbəyi yaradır. Belə ki, cari il üzrə dövlət büdcəsində neftin baza qiyməti hər barel üçün 65 dollar səviyyəsində nəzərdə tutulsa da, beynəlxalq bazarda "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 110 ABŞ dolları civarında formalaşır. Müharibənin başlanmasından indiyədək Azərbaycan neftinin qiyməti 37,25 ABŞ dolları, yəni 51,2 % bahalaşıb.
Mineral gübrə bazarındakı gərginlik karbamid ixracatçısı qismində Azərbaycan üçün əlavə maliyyə resursları yaradır. Cari ilin ilk rübündə ölkədə 85,6 min ton karbamid istehsal olunub. Hesabat dövründə xarici bazarlara 28,87 milyon ABŞ dolları həcmində 81 min 874 ton karbamid göndərilib. Bir ton karbamidin ixrac qiyməti 352,59 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 54,8 ABŞ dolları və ya 18,4 % yüksəkdir.
Daha diqqətçəkən tendensiya aviasiya yanacağı sahəsində müşahidə olunur. Keçən il Azərbaycan 50 ölkəyə 26,45 milyon ABŞ dolları məbləğində 26 min 970 ton aviasiya yanacağı ixrac etmişdisə, təkcə cari ilin ilk 2 ayında 39,7 milyon ABŞ dolları dəyərində 37 min 360 ton aviasiya yanacağı satıb ki, bu da bir il öncəki göstəricini dəyər baxımından 793 dəfə, miqdar etibarilə isə 575 dəfə üstələyir. Bir tonun ixrac qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə 289 ABŞ dolları və ya 37,4 % artaraq 1 061 ABŞ dolları səviyyəsinə yüksəlib.
Azərbaycan iqtisadiyyatı üçün ssenari
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi neft və qaz qiymətlərinin yüksəlməsinin Azərbaycanın xarici və dövlət maliyyə göstəricilərinə pozitiv təsir edəcəyini və 2026-cı ildə iqtisadi inkişafın sürətlənməsinə dəstək verə biləcəyini proqnozlaşdırır.
Agentlik Yaxın Şərqdəki hərbi münaqişə fonunda karbohidrogen qiymətlərinin bahalaşmasının Azərbaycanın ikili profisitlərini möhkəmləndirəcəyini gözləyir. Onun baza ssenarisi əsasında, 2026-cı ildə cari əməliyyatlar balansının profisiti ÜDM-in 4,5 %-i həddində qalacaq, icmal büdcənin profisiti isə ÜDM-nin 2,1 %-nə yüksələcək.
Beləliklə, Azərbaycan həm coğrafi mövqeyi, həm enerji resursları, həm də formalaşdırdığı nəqliyyat-logistika infrastrukturu sayəsində yeni geoiqtisadi reallığın əsas benefisiarlarından birinə çevrilmək potensialını nümayiş etdirir. "Azeri Light" neftinə artan maraq, karbamid və aviasiya yanacağı ixracındakı rekord dinamika, eləcə də Asiya və Avropa bazarlarının alternativ mənbələrə yönəlməsi bunu açıq şəkildə təsdiqləyir.
Ən vacibi isə odur ki, hazırkı böhran bir daha göstərir: gələcəyin iqtisadi və siyasi çəkisi yalnız resurslara sahib olmaqdan deyil deyil, həmin resursları doğru idarə edə bilməkdən, onu təhlükəsiz və dayanıqlı şəkildə dünya bazarlarına çıxarmaq qabiliyyətinə malik olmaqdan asılıdır. Bu yeni reallıqda Azərbaycanın rolu daha da strateji xarakter alır.
Oxşar xəbərlər
Azərbaycandan Ermənistana 4 500 tona yaxın dizel yanacağı Güzdəkdən yola salınır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lökbatanda böyük anbarların birində güclü yanğın başlayıb
-
Ailənin illərdir gözlədiyi övladı faciəli şəkildə öldü: Muradın ad gününə cəmi iki gün qalmışdı...
-
Aeroportla Bakının əsas məntəqələri arasında WUF13 şattl avtobusları hərəkət edəcək
-
TDT baş katibi Allahşükür Paşazadə ilə görüşüb
-
WUF13 iştirakçılarının NƏZƏRİNƏ: 6 istiqamət üzrə şattl avtobusları fəaliyyətə başlayır
-
"Al Jazeera": İran uranı ölkədən çıxarmaqdan imtina edib













